Azərbaycan-Qoşulmama Hərəkatı münasibətləri çoxtərəfli aspektlərə malikdir

Müstəqil Azərbaycan beynəlxalq əlaqələrini genişləndirməklə qlobal həmrəyliyin möhkəmlənməsinə, təhlükəsizliyə təhdid hallarının aradan qaldırılmasına, yeni əməkdaşlıq bağlarının yaranmasına davamlı töhfələr verir. Bu baxımdan respublikamızla BMT-dən sonra dünyada ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatı (QH)  ilə əməkdaşlığının önəmini xüsusi qeyd edə bilərik.
Bildiyimiz kimi, 2019-cu ildən etibarən Azərbaycan Qoşulmama Hərəkatının (QH) üzv ölkələrinin yekdil qərarı ilə üç il müddətinə QH-yə sədrliyi həyata keçirməyə başladı. Azərbaycanın sədrliyi dövründə gördüyü işlərə, irəli sürdüyü təşəbbüslərə və təsisatın fəaliyyətinin genişləndirilməsi, beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində atdığı addımlara görə ölkəmizə etimadın göstəricisi kimi Hərəkata sədrliyimiz daha bir il uzadıldı. Bu uğurlu sədrliyi ilə Azərbaycan göstərdi ki, böyük ərazisi və əhalisi olmasa da, məhz güclü liderin rəhbərliyi altında qlobal nailiyyətlərə imza ata bilər.
Azərbaycanın Hərəkata sədrliyi dövründə həyata keçirdiyi ən önəmli fəaliyyətlərdən biri peyvənd millətçiliyinə qarşı mübarizə aparması oldu. Təsadüfi deyil ki, Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatı tərəfindən həm BMT İnsan Hüquqları Şurasında, həm də Baş Assambleyada “COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr qəbul edildi.
Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyünün, daha sonra isə sədrliyinin ölkəmiz üçün böyük töhfələri oldu. 2021-ci ildə Azərbaycanın 155 ölkənin səsini əldə edərək BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsində QH ölkələrinin dəstəyi də öz rolunu oynamışdır. QH üzv ölkələri Azərbaycanın ədalətli mövqeyinə dəstək vermişdir. Xüsusilə bu dəstək Vətən müharibəsi dövründə hiss edildi. 2020-ci ildə BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı irəli sürülmüş bəyanatın qarşısı 7 QH ölkəsi tərəfindən inamla alınmışdır. 2022-ci ildə də bənzər hadisə baş verdi.
Cari ilin iyul ayının 5-də Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən Nazirlər görüşündə Prezident İlham Əliyevin çıxışı  bu gün Azərbaycanın  dünya birliyində yeri və rolunun aydın mənzərəsini yaradır. Qeyd edək ki, Qoşulmama Hərəkatına sədrliyi və belə mötəbər tədbirlərə ev sahibliyi etmək ölkəmizin multilateralizmə və qlobal həmrəyliyə verdiyi önəmin göstəricisidir.

Elburus Xəlilov

Hövsan bələdiyyəsinin sədri

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti