8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycan regionda aparıcı mövqeyini gücləndirməkdə davam edir. Belə ki, dövlətimiz iqtisadi, siyasi, humanitar, diplomatik mərkəzə çevrilib. Ölkəmizin bütün sahələrdə təkmil təcrübəyə malik olması beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün ideal məkan kimi qəbul olunmasında əhəmiyyətli rol oynayır.
Ölkəmiz Zəngilanda 2-ci Milli Şəhərsalma Forumunun ardınca daha bir mötəbər tədbirə - 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edir. 2-6 oktyabr 2023-cü ildə Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi keçiriləcək.
2019-cu ilin oktyabr ayında ABŞ-nin paytaxtı Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilən seçkilər zamanı Bakı şəhəri Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb. Beş gün davam edəcək tədbirə 100-dən artıq ölkədən 5 mindən çox nümayəndə qatılacaq. Azərkosmos və Beynəlxalq Astronavtika Federasiyasının tərəfdaşlığı ilə keçiriləcək 74-cü konqres çərçivəsində konfranslar, 190-dan çox texniki sessiya və sərgilər təşkil olunacaq. Tədbirdə kosmik agentliklərin, dövlət sektorunun, investorlar və özəl kosmik şirkətlərin nümayəndələri, yerli və beynəlxalq media qurumlarının təmsilçiləri iştirak edəcəklər.
“Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusunda beynəlxalq konqres kosmik sənayenin gələcəyini formalaşdıran yeni ideyalar və qabaqcıl həllərlə bağlı fikir mübadiləsi üçün açıq platforma olacaq. Tədbir bütün qonaq və iştirakçılara kosmik sənayenin inkişafının gücləndirilməsi, qlobal tendensiyalar, kosmos innovasiyaları sahəsində tərəfdaşlıq və əməkdaşlıq yollarını müzakirə etmək imkanı verəcək.
Heydər Əliyev Mərkəzi və Bakı Konqres Mərkəzinin ərazisində inşa ediləcək 7800 kvadrat metrlik sərgi pavilyonunda müxtəlif ölkələrin kosmik qurumları və şirkətlərinin stendləri nümayiş olunacaq. Konqresin əhəmiyyətinin, eyni zamanda, Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun göstəricisidir. Azərbaycan belə əhəmiyyətli beynəlxalq tədbirə ev sahibliyi etməklə yeni texnologiyaların inkişafına və tətbiqinə verdiyi önəm fonunda qazandığı uğurlu nəticələri dünyaya təqdim etmək imkanı qazanır.
Bu gün dünya işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri əsasında Azərbaycanın təkmil şəhərsalma təcrübəsini öyrənir. Müasir dövrün tələbləri həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələrində özünün aydın ifadəsini tapır. Digər mötəbər beynəlxalq tədbirdə isə dünyanın texnoloji gündəliyi müzakirə edilir ki, bu da öz növbəsində ölkəmizin müasir texnologiyalar, rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində qazandığı mühüm nailiyyətlərə göstərilən yüksək diqqətin parlaq göstəricisidir. Dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan bu Beynəlxalq Konqresin ikinci dəfə Azərbaycanda keçirilməsi həm də ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik ictimaiyyət və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində misilsiz imkanlar yaradacaq.
Azərbaycan ilk dəfə Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə -1973-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edib. Ötən 50 ildə Azərbaycanın keçdiyi inkişaf yolu, qazandığı uğurlar növbəti dəfə belə əhəmiyyətli beynəlxalq tədbir üçün ideal məkan seçilməsini şərtləndirdi. Azərbaycanda astronomiya elminə olan maraq hələ qədim zamanlardan mövcuddur. Bölgəmizdəki ən böyük rəsədxanalardan biri Azərbaycandadır. 13-cü əsrin ortalarında Nəsirəddin Tusi tərəfindən inşa edilən astronomik rəsədxana dünya astronomiya elminin inkişafında özünəməxsus yer tutur. Otuz illik işğal başa çatdıqdan və Ermənistan tərəfindən Azərbaycan torpaqlarında separatizmə son qoyulduqdan sonra regionumuzda sülh naminə innovasiyaların, texnologiyaların tətbiqi üçün ən münasib vaxtdır.
Bu gün Azərbaycan siyasi və iqtisadi cəhətdən sabit ölkədir. Biz dövlətimizi regionun enerji, nəqliyyat və kommunikasiya mərkəzinə çevirə bildik. Hələ qədim İpək Yolu müasir Azərbaycandan keçərək ölkənin tarixini, mədəniyyətini və tolerant dünyagörüşünü formalaşdırmışdır. Kosmos böyük bir resursdur, peyk sənayesi elm və texnologiyanın, eləcə də rabitə zəncirinin ayrılmaz hissəsidir. Azərbaycan ilk peykinin buraxılmasından – 2013-cü ildən sonra dünya kosmik klubunun fəal üzvü olub. Kosmos fəaliyyətinin insanların rifahının təmin, iqlim sahəsində risklərin idarə olunmasında, yeni iş yerlərinin açılmasında, ölkələrin təhlükəsizliyinin təmin edilməsində rolu, peyklərlə bağlı həllərin yerinə yetirilməsi olduqca vacib məsələdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışında bildirdiyi kimi “Müasirləşmə Azərbaycanın gələcəklə bağlı baxışlarını, gündəliyini və planlarını əks etdirdirir. Eyni zamanda müstəqillik dövründə Azərbaycanı beynəlxalq ictimaiyyətin fəal üzvünə çevirib. Bizim siyasətimiz hər zaman aydın, şəffaf və birmənalı olub, dostların qazanılmasına və əməkdaşlığın gücləndirilməsinə xidmət edib”. Dövlətimiz bütün sahələrdə inkişaf edir, qabaqcıl təcrübələrdən istifadə edərək qloballaşan dünyanın ön sıralarına keçir. Təbii ki, bütün bu nailiyyətlər, uğurlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mükəmməl dövlət siyasətinin məntiqi davamıdır.
Məcid Rəsulov
Bakı şəhəri 140 nömrəli tam orta məktəbin direktoru
Sozcu.info