14-10-2025, 22:23
17-09-2025, 13:59
16-09-2025, 13:04
10-09-2025, 10:22
18-08-2025, 13:24
Füzuli – Zəfərin və Qayıdışın Simvolu🇦🇿
Azərbaycan xalqının yaddaşında Füzuli adı təkcə bir coğrafi anlayış deyil, həm də azadlıq, qürur və yenidən doğuluşun rəmzidir. Qarabağın cənub ətəklərində yerləşən bu qədim şəhər əsrlər boyu öz zəngin tarixi, mədəni irsi və mənəvi dəyərləri ilə seçilib. Əsası 1827-ci ildə qoyulmuş Füzuli şəhəri 1959-cu ildən etibarən böyük Azərbaycan şairi Məhəmməd Füzulinin adını daşıyır. Bu ad bu torpağın ruhuna, mədəni kimliyinə və ədəbi dərinliyinə əbədiyyət qazandırıb.
Tarixin müxtəlif dövrlərində Füzuli bölgəsi həm mədəniyyətin, həm də ticarətin mühüm mərkəzlərindən biri olub. Şeyx Babi Yaqub, Mirəli, Cəlil türbələri, Babı və Arazboyu məbədləri, qədim qəbiristanlıqlar bu torpağın çoxəsrlik tarixindən xəbər verir.
Lakin XX əsrin sonlarında Ermənistanın işğalçı siyasəti nəticəsində bu qədim yurd dağıdıldı, talan edildi, minlərlə günahsız insan öz doğma ocağından didərgin düşdü. 23 avqust 1993-cü ildə Füzuli şəhəri və rayonun böyük hissəsi düşmən tərəfindən işğal olundu. 27 il ərzində viran edilmiş bu torpaq azadlıq həsrəti ilə yaşadı.
2020-ci ilin payızında isə Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 17 oktyabr 2020-ci ildə Füzuli şəhərini və rayonun 62 yaşayış məntəqəsini işğaldan azad etdi. Bu gün artıq tarix kitablarında “Füzuli əməliyyatı” kimi yer alan həmin döyüşlər, qəhrəman əsgər və zabitlərimizin igidliyi, xalqın sarsılmaz iradəsi ilə Zəfər salnaməsinin ən parlaq səhifəsinə çevrildi.
Azərbaycan Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 17 oktyabr “Füzuli şəhəri günü” elan olundu. Bu qərar həm şəhərin azadlıq gününə, həm də onun bərpası ilə başlayan yeni dövrün başlanğıcına rəmzi mənada möhür vurdu.
Bu gün Füzuli tamamilə yenidən doğulur. Dağıntılar yerində müasir, abad, ağıllı şəhər konsepsiyasına uyğun yeni Füzuli salınır. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə aparılan genişmiqyaslı quruculuq işləri nəticəsində şəhərin infrastrukturu sıfırdan inşa olunur. Müasir yollar, elektrik, qaz, su və rabitə xətləri, yeni məktəblər, uşaq bağçaları, xəstəxanalar və sosial obyektlər sürətlə tikilir.
Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi bu torpağın strateji əhəmiyyətini daha da artırdı. Köndələnçay su anbarlarının bərpası, “Füzuli” yarımstansiyası, Zəfər və Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yollarının inşası bölgənin sosial-iqtisadi inkişafına güclü təkan verdi.
Qardaş ölkələrin dəstəyi ilə Füzulidə inşa olunan Özbəkistan məktəbi və Qazaxıstan Yaradıcılıq Mərkəzi isə bu torpaqlarda türk birliyinin, dostluğun və həmrəyliyin parlaq nümunəsinə çevrilib.
Bu gün Böyük Qayıdış Proqramı çərçivəsində artıq yüzlərlə ailə doğma Füzuliyə qayıdıb. Torpaqlarımızda həyat yenidən qaynayır – uşaq səsi, tikinti səsi, həyat səsi… Füzuli artıq dağıntıların simvolu deyil, Zəfərin və quruculuğun rəmzidir.
Hər bir yeni təməl, hər bir açılış, hər bir qayıdış bu torpağın dirçəliş salnaməsinin növbəti səhifəsidir. Füzuli bu gün müasir Azərbaycanın qüdrətini, xalqın iradəsini və dövlətin milli ideyasını özündə birləşdirən bir simvoldur.
Füzuli – Zəfərin qapısı, azadlığın təntənəsi, yenidən doğulan Azərbaycanın möhtəşəm rəmzlərindəndir!
Sozcu.info