Kraldan Trampa qəribə XƏBƏRDARLIQ


ABŞ Konqresində çıxış edən Böyük Britaniya kralı III Çarlz diqqətçəkən mesajlar verib. Musavat.com xəbər verir ki, CNN-də jurnalist Stiven Robinson tərəfindən dərc olunan analitik yazıda kral III Çarlzın ABŞ Konqresindəki çıxışının gizli məna qatları təhlil olunub. Məqalədə vurğulanır ki, kral III Çarlz ənənəvi olaraq ehtiyatlı ifadə tərzinə sadiq qalsa da, bu dəfə çıxışı gözləniləndən daha açıq və mesaj yüklü olub.

O, birbaşa tənqid etməsə də, ABŞ-ın hazırkı siyasi kursuna dolayısı ilə etirazını ifadə edib və hüququn aliliyi, demokratik nəzarət mexanizmləri, müttəfiqlik münasibətləri və dini dözümlülük kimi Qərb dəyərlərini müdafiə edib.
Çarlz çıxışında həmçinin, Ukraynaya dəstəyin vacibliyini vurğulayıb və iqlim dəyişikliyi ilə mübarizəyə eyham vuraraq təbiətin qorunmasının zəruriliyini qeyd edib. Bu mövqe ABŞ prezidenti Donald Trampın siyasəti ilə ziddiyyət təşkil edən mesaj kimi qiymətləndirilir. Kralın sözlərində xüsusi diqqət çəkən məqam ABŞ-ın qlobal roluna dair vurğular olub: “ABŞ-nin sözləri hər zaman əhəmiyyət daşıyıb, lakin onun hərəkətləri daha da önəmlidir”. Bu ifadə analitiklər tərəfindən Vaşinqtonun beynəlxalq davranışına yönəlmiş incə tənqid kimi şərh olunur.

Britaniya kralının ABŞ-a səfəri təxirə salınır?Tramp

Məqalədə qeyd olunur ki, Çarlz çıxışında ABŞ-la Böyük Britaniya arasında “xüsusi münasibət”in əhəmiyyətini qoruyaraq fikir ayrılıqlarının bu əlaqələri sarsıtmamalı olduğunu vurğulayıb. Bu, xüsusilə Böyük Britaniyanın İran müharibəsinə qoşulmaması fonunda aktuallıq qazanır. Analizdə diqqət çəkən digər məqam isə siyasi paradoksdur: konstitusiyaya görə siyasi mövqe bildirməməli olan monarx məhz bu neytrallığı sayəsində daha güclü simvolik təsir imkanına malik olur. Onun nadir hallarda səsləndirdiyi mesajlar isə daha çox diqqət çəkir.

Ekspert Qarret Martinə görə, kral Çarlz çıxışında ev sahiblərini məmnun edəcək elementlərə yer versə də, eyni zamanda, Tramp administrasiyasının siyasətinə yönəlmiş incə, lakin aydın mesajlar da çatdırıb. Məqalədə qeyd olunur ki, Tramp administrasiyasının son addımları — o cümlədən siyasi rəqiblərə qarşı hüquqi tədbirlər, mediaya təzyiqlər və dövlət institutlarının fərdiləşdirilməsi — ABŞ-da hakimiyyətin mərkəzləşməsi ilə bağlı narahatlıqları artırır. Bunun fonunda Çarlzın çıxışı yalnız mərasim xarakteri daşımır, həm də ABŞ demokratiyasının əsas prinsiplərinə yönəlmiş xatırlatma kimi çıxış edir. Yazının sonunda müəllifin gəldiyi qənaətə əsasən, monarxın bu səfəri və çıxışı sadəcə diplomatik jest olmayıb, həm də siyasi balans yaratmaq və transatlantik münasibətlərdə gərginliyi yumşaltmaq cəhdi daşıyıb.

Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti