Bu gün, 12:14
22-04-2026, 13:21
17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, son regional proseslər Tehranla Moskva arasında strateji tərəfdaşlığın dərinliyini və möhkəmliyini bir daha nümayiş etdirib. O, ABŞ tərəfindən tətbiq olunan blokada aradan qaldırılmadan Vaşinqtonla danışıqlar masasına oturmayacaqlarını bəyan edib.
Əraqçi Moskva səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla görüşüb. Görüşlərdə regiondakı son vəziyyət, İran ətrafında yaranmış gərginlik və Tehran-Moskva əməkdaşlığının perspektivləri müzakirə olunub.
Rusiya Prezidenti Vladimir Putin İran xalqının öz suverenliyini qorumaq uğrunda cəsarətli və qəhrəmancasına mübarizə apardığını bildirib. O, bölgədə sülhün bərpasına ümid etdiyini vurğulayaraq, Rusiyanın İranın və region ölkələrinin maraqlarının qorunması, eləcə də sabitliyin təmin edilməsi üçün zəruri addımlar atmağa hazır olduğunu qeyd edib.
Abbas Əraqçi ABŞ və İsrailin İrana qarşı hücumları fonunda Moskvanın Tehrana göstərdiyi dəstəyi yüksək qiymətləndirib. İranlı nazir bildirib ki, bəzi ölkələrin ABŞ-ın beynəlxalq hüququ pozan addımlarına və təzyiq siyasətinə səssiz qalması ikili standartların göstəricisidir. Onun sözlərinə görə, bu yanaşma bütövlükdə beynəlxalq ictimaiyyət üçün mənfi nəticələr doğura bilər.
Əraqçi Pakistanın vasitəçilik təşəbbüslərinə də toxunaraq qeyd edib ki, diplomatik proseslərin qarşısında əsas maneə Vaşinqtonun qeyri-real tələbləri, dəyişkən mövqeyi, təhdid ritorikası və öhdəliklərini tez-tez pozmasıdır.
Nazir sosial media hesabında paylaşdığı açıqlamada Qərbi Asiyanın İsrail və Qərb ölkələrinin siyasəti nəticəsində ciddi dəyişikliklər dövründən keçdiyini bildirib. O, belə bir mərhələdə Rusiya ilə ən yüksək səviyyədə aparılan danışıqlardan məmnunluğunu ifadə edib və Moskvanın diplomatik dəstəyinin Tehran üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Rusiya müdafiə naziri Andrey Belousov da Moskvanın İranın suverenliyi və ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyib. TASS agentliyinin məlumatına görə, Belousov Qırğızıstanın paytaxtı Bişkekdə İranın müdafiə nazirinin müavini ilə görüşündə bildirib ki, şərait necə dəyişirsə-dəyişsin, Rusiya İranla qarşılıqlı dəstəyi davam etdirəcək.
Belousov vurğulayıb ki, Moskva mövcud böhranın yalnız diplomatik yollarla həllinin tərəfdarıdır və bu istiqamətdə bütün mümkün addımları atmağa hazırdır.
İran müdafiə nazirinin müavini Rza Talai isə Rusiyanın beynəlxalq platformalarda Tehrana göstərdiyi dəstəkdən və müdafiə sahəsində əməkdaşlığı genişləndirmək iradəsindən məmnunluğunu ifadə edib.
Görüşlər ABŞ-ın İran limanları və gəmilərinə qarşı mühasirəsi davam etdiyi bir vaxtda baş tutub. Tehran bu blokadaya ABŞ-ın aqressiv siyasətinin tərkib hissəsi və atəşkəs şərtlərinin pozulması kimi baxır.
İran tərəfi bəyan edib ki, mövcud blokada aradan qaldırılmadığı müddətdə Vaşinqtonla yeni danışıqlar prosesinə başlamayacaq. Mətbuata sızan məlumatlara əsasən, Tehran ABŞ-la mümkün danışıqlar üçün üç mərhələli plan təklif edir.
Plana görə, birinci mərhələdə müharibənin dayandırılması, İran və Livana qarşı hücumların təkrarlanmayacağına dair təminat verilməsi tələb olunur. İkinci mərhələdə Hörmüz boğazının idarə olunmasının Omanla koordinasiya şəraitində müzakirəsi nəzərdə tutulur. Nüvə məsələsinin isə yalnız bu iki mərhələ başa çatdıqdan sonra gündəmə gətirilməsi planlaşdırılır.
Arzuaman Loğmanoğlu,
man