İranın Ermənistanı silahlandırdığı gözlənilən idi - Ekspert danışır

Ermənistan Silahlı Qüvvələri Azərbaycan hərbçilərinin mövqelərinə atəş zamanı İranın zenit-raket komplekslərindən istifadə ediblər. Bildirilib ki, Ermənistan ilk dəfədir İran PUA-larından yararlanıb. İranın Azərbaycanla sərhəddə qoşun toplamasının ardından Ermənistanın bu ölkənin PUA-larına öz hava məkanını açdığına dair xəbərlər yayılmışdı. İran İslam İnqilabı Korpusunun (SEPAH) "Telegram" kanalları da açıqlama yaymışdı ki, ötən gün baş verən insidentin ardınca Ermənistanla sərhədə İran PUA-ları göndərilib. İran PUA-larının Azərbaycan və Ermənistanla sərhədə gəldikləri və buradan topladıqları kəşfiyyat məlumatlarını Ermənistana ötürəcəkləri şübhə doğurmur.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, İranın Ermənistanı silahlandırdığı gözlənilən idi. Ekspertin sözlərinə görə, Ukraynaya qarşı işğalçı müharibəni genişləndirmək üçün Rusiyaya pilotsuz uçuş aparatları və raket qurğuları verən İran eyni silahları strateji tərəfdaşı Ermənistana da ötürüb:

"Gələn xəbərlərə görə, Ermənistan Laçın istiqamətində hərbçilərimizi İran istehsalı olan hərbi texnikaların vasitəsilə atəşə tutub. Bizə təmas xəttində istehkamlarımızı qurmağa mane olmağa çalışırlar. İki gün əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı Tehrana çağıran İranın Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxaninin erməni həmkarına lazımi təlimatlar verdiyi aşkardır. Görüşdən sonra “Cənubi Qafqaz regionunda istənilən coğrafi dəyişikliyin əleyhinəyik” deyən Əli Şamxani Armen Qriqoryanı Azərbaycan əleyhinə gərəkli addımlara “cəsarətləndirib”.

Qriqoryan da bu təlimatları Baş nazir Nikol Paşinyana və ordu rəhbərliyinə çatdırıb. Ermənistan və Qarabağ separatçıları Rusiya və İranın Azərbaycana qarşı istifadə etdikləri alətlərdir. Halbuki İkinci Qarabağ müharibəsindən və ötənilki sentyabr döyüşlərindən sonra Ermənistan Azərbaycana qarşı istənilən təxribatdan çəkinməliydi. Çəkinmirlərsə, demək, onları qızışdıranlar var. Bunun nəticəsidir ki, Ermənistan nə Azərbaycanla sülh sazişi imzalamaq istəyir, nə sərhədin müəyyənləşməsiylə bağlı danışıqlara başlayır, nə də Zəngəzur dəhlizini açmağa həvəs göstərir. Biz isə təmas xəttində möhkəmlənməli və Qarabağın tamamında ərazi bütövlüyü və suverenliyimizin bərpası çalışmalarını davan etdirməliyik. Başqa alternativimiz yoxdur".



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}