İqtisadi yüksəliş davam edir

Prezident İlham Əliyevin cari ilin 11 iyul tarixində 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə çıxışında vurğuladığı məqamlar ölkəmizdə iqtisadi yüksəlişin davam etdiyini təsdiq etdi. Dövlət başçısı qeyri-neft sektorunun inkişafından bəhs edərək ölkəmizin maliyyə vəziyyətinin böyük dərəcədə yaxşılaşdığını bildirib. Region ölkələrində dərin maliyyə böhranı yaşandığı bir zamanda ölkəmizin maliyyə sektorundakı vəziyyətin stabil olması çox önəmlidir. Azərbaycanın ənənəvi ticarət tərəfdaşları və qonşuları olan əksər ölkələrdə yaşanan inflyasiya şəraitində ölkəmizin maliyyə sektorundakı vəziyyətin stabil olması böyük uğurdur. Prezident İlham Əliyev bunu ölkəmizin maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsi, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi ilə izah edib.

Regionun əksər ölkələri ciddi büdcə kəsirləri ilə üzləşdiyi bir zamanda Azərbaycanda əlavə gəlirlər təcili həllini gözləyən məsələləri daha tez zamanda həll etmək üçün büdcəyə əlavə edilməsinə imkan yaradıb. Başlanğıcda 33 milyard manat müəyyən olunan dövlət büdcəmiz indi 36 milyard manatdan çoxdur. Bu imkan verir ki, ölkə qarşısında duran əsas investisiya layihələri icra edilsin. Bu zaman isə ilk növbədə, azad edilmiş torpaqlarda geniş quruculuq işlərinə önəm verilir. Bütövlükdə 3 milyard manatdan çox gəlir əldə edilib ki, onun da 1,8 milyard manat hissəsi Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə istiqamətləndirilmişdir. Büdcəyə daxil olan əlavə gəlirin 1,1 milyard manatı isə hərbi potensialımızın güclənməsinə yönəldilib. Azərbaycanın xarici ticarət dövriyəsində vəziyyət də çox sevindiricidir. Belə ki, ölkələrin böyük əksəriyyəti daha çox mal idxal edib, daha az mal ixrac etdiyi halda bizdə vəziyyət tam əksinədir. Belə ki, bu ilin birinci altı ayında xarici ticarətdə profisitimiz təqribən 10 milyard dollara yaxın olub. Makroiqtisadi sabitlik davam edir və bunun nəticəsidir ki, manatın məzənnəsi altı ildir ki, sabitdir. Dövlət başçısı qeyd edib ki, bu da dünya praktikasında, xüsusilə indiki şəraitdə nadir hadisələrdən biridir. Əldə edilən uğurlarla yanaşı Prezident İlham Əliyev inflyasiyanın ikirəqəmli olmasından narahatlğını ifadə edib. İlin sonuna qədər inflyasiya birrəqəmli səviyyəyə düşə biləcəyinə inamını ifadə edib. İşğaldan azad edilmiş torpaqların bərpası ilə bağlı dövlət başçısı qeyd edib ki, Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla aparılır. İlin sonuna qədər bizim artıq beş yaşayış məntəqəmizdə - bir şəhər və dörd kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar.
Prezident İlham Əliyev bildirib ki, nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsi nəzərdə tutulur. Görülən bütün işlər Azərbaycanın hesabına həyata keçirilir. İki məktəb istisna olmaqla, qalan bütün infrastruktur, inşaat işləri Azərbaycanın büdcəsi hesabına və Azərbaycanın dövlət şirkətləri tərəfindən həyata keçirilir. Eyni zamanda, Heydər Əliyev Fondu ondan çox məscidi yenidən inşa edir, yaxud da ki, onları əsaslı şəkildə bərpa edir. İnfrastruktur layihələri təkcə Qarabağda, Şərqi Zəngəzurda yox, bütün ölkə üzrə həyata keçirilir. Bütün bu işlərin həyata keçirilməsində şəffaflığa xüsusi önəm verilir. Dövlət başçısı bildirib ki, ayrılan vəsaitə böyük qənaətlə yanaşmalıyıq və şəffaflıq tam təmin edilməlidir.

Dünyanın müxtəlif yerlərində beynəlxalq hüquq işləmədiyinə görə beynəlxalq hüquqa, beynəlxalq təşkilatların qərarlarına, qətnamələrinə ümid etməyin doğru olmadığını vurğulayan Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan xalqı əmin ola bilər ki, bizim təhlükəsizliyimiz etibarlı əllərdədir.
Rəvan Nüsrətli

Suraxanı RİHB-nin Qaraçuxur QİƏD üzrə nümayəndəsi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}