8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
– Qlobal maliyyə-iqtisadi böhran və dünya bazarında neftin qiymətinin ötən illərlə müqayisədə 3-4 dəfə düşməsi Azərbaycan iqtisadiyyatına, həmçinin milli iqtisadiyyatın inkişafında mühüm rola malik gömrük xidmətinin işinə necə təsir göstərib?
– Azərbaycan prezidenti cənab İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasət nəticəsində neftdən gələn gəlirləri qeyri-neft sektoruna şaxələndirmə prinsipi əsasında yönəltməklə, ölkənin istehlak bazarında yerli məhsul bolluğu yaranıb, ixrac yönümlü məhsulların stimullaşdırılması ilə əlaqədar iqtisadi islahatlar həyata keçirilməkdədir.
Azərbaycanda artıq post-neft dövrü başlayıb. Qeyri-neft sektorunun inkişafına yönəldilmiş tədbirlər kompleks şəkildə həyata keçirilməklə istehlak bazarında yerli mallarla idxal malları arasında rəqabətlilik mühiti yaranıb. Bu isə öz növbəsində bazarda malların qiymətlərinin tənzimlənməsinə gətirib çıxarır.
Son dövrlər gömrük sistemində aparılan islahatlar nəticəsində gömrük infrastrukturu modernləşdirilib, dövlət büdcəsinin gəlirləri artıb, idxal-ixrac əməliyyatlarında müasir tarif və qeyri-tarif tənzimlənməsi tədbirləri daha geniş tətbiq edilib, gömrük sistemində avtomatlaşdırılmış idarəetmə və informasiya texnologiyaları tam tətbiq edilib, gömrük nəzarətinin həyata keçirilməsinin səmərəliliyi artırılıb, gömrük tarif siyasəti təkmilləşdirilib və inkişaf etdirilib, gömrük işi sahəsində hüquqpozmalara qarşı mübarizə gücləndirilib. Həmçinin ölkənin sosial-iqtisadi inkişafında gömrük sisteminin rolu artırılıb, gömrük tənzimlənmə vasitələri beynəlxalq miqyasda qəbul edilən tənzimlənmə vasitələrinə uyğunlaşdırılıb, ticarət-iqtisadi münasibətlərdə idxal və ixrac əməliyyatlarının rəsmiləşdirilməsinin sadələşdirilməsində əlverişli şərait yaradılıb.
– Lakin bəzi biznesmenlər, iqtisadçılar və siyasətçilər mediadakı çıxışlarında qeyd edirlər ki, bu ilə qədər hər hansı şirkət 10 məhsul idxal etmək istəyirdisə, onlardan yalnız 3-ü qanuni yolla idxal edilir və idxal rüsumları tətbiq edilirdi. Digər 7 məhsul isə daha aşağı ödəniş müqabilində qeyri-rəsmi yolla idxal edilirdi. Səsləndirilən fikirlərə Sizin münasibətiniz necədir?
– Bəli, belə fikirlər bəzi ekspertlər tərəfindən mətbuatda mütəmadi olaraq səslənir. Onu da qeyd edək ki, bunu söyləyən ekspertlər beynəlxalq məlumat resurslarına, xüsusən ölkələrarası ticarətin gömrük statistikası göstəricilərinə istinad edirlər.
Bununla bağlı dəfələrlə mətbuatda tərəfimizdən açıqlamalar verilməsinə baxmayaraq, onlar yenə də yanlış mülahizələr əsasında cəmiyyətdə gömrük orqanlarına qarşı qərəzli və neqativ fikirlər formalaşdırırlar. Bir daha bildirərəm ki, hər ilin sonunda Azərbaycan Respublikasının xarici ticarət əlaqələrinə dair göstəricilər digər dövlətlərin uyğun göstəriciləri ilə müqayisə olunur və göstəricilər arasında olan fərqlər ciddi araşdırılır. Məsələnin mahiyyətinə varmadan, xarici ticarət göstəricilərinin formalaşdırılmasının mənbələrini, xarici ticarətin gömrük statistikasının metodologiyasını bilmədən malların gömrük rəsmiləşdirilməsinə şübhə ilə yanaşmaq qeyri-peşəkarlıqdır.
Qeyd etmək lazımdır ki, malların gömrük rəsmiləşdirilməsi zamanı bir çox amilləri nəzərə almaq lazımdır. Burada malın mənşə ölkəsi, göndərən ölkə, malın təyinat ölkəsinin böyük əhəmiyyəti var. Xüsusən, müharibə aparan ölkələrdə hərbi təyinatlı və digər məxfi və konfidensial malların qeydiyyatı spesifik qaydada həyata keçirilir.
Məsələn, ötən il Azərbaycana Gürcüstandan təxminən 100 milyon dollarlıq mal idxal olunub. Bu o deməkdir ki, gətirildiyi ölkədən asılı olmayaraq Azərbaycana bu həcmdə Gürcüstan mənşəli mal idxal olunub. Göndərən ölkə üzrə statistika göstərir ki, Gürcüstandan Azərbaycana təxminən 3 dəfə çox mal göndərilib. Yəni, Gürcüstandan gətirilən malların yalnız 1/3 Gürcüstan mənşəlidir, qalan hissəsi isə digər ölkələrdə istehsal olunduğu üçün həmin ölkələrdən bizim ölkəyə idxal kimi qeyd edilir. Məsələn, Almaniyadan ölkəmizə təxminən 700 milyon dollardan artıq, həmin ölkədən isə Azərbaycana cəmi 600 milyon dollardan az mal göndərilib. Buradan görünür ki, Gürcüstandan Azərbaycana idxal olunan malların bir hissəsi Almaniya mənşəlidir. Bu rəqəmlərdən istifadə edən ekspertlərimiz Sizin dediyiniz məsələni, yəni malların 10-dan 3-nün rəsmiləşdirilməsini, qalan hissəsinin rəsmiləşdirilməməsini qeyd edirlər. Gördüyünüz kimi, qeyd olunan faktları nəzərə almadan belə məsələlərin bu formada ictimaiyyətə çatdırılmasında qərəzli yanaşmalar var.
Beynəlxalq metodoloji tövsiyələrdə qeyd olunur ki, dövlətlərarası ticarət əlaqələrinə dair müqayisə aparılarkən idxalın həcmini malı göndərən ölkə üzrə hesablamaq daha məqsədəuyğundur.
Nəzərə almaq lazımdır ki, dövlətlərarası ticarətin gömrük statistikasının müqayisəsi nəticəsində yaranan fərqlərin səbəbləri beynəlxalq praktikada bu vaxta qədər aktual problem kimi qalır və bu sahədə geniş elmi-tədqiqat işləri aparılır, amma hələ də vahid praktiki beynəlxalq tövsiyələr tərtib olunmayıb.
Xarici ticarət əlaqələrinin müqayisəli təhlili göstərir ki, dünyanın əksər ölkələrində belə fərqlər mövcuddur. Məsələn, BMT-nin rəsmi internet saytındakı məlumatların müqayisəsi göstərir ki, ABŞ və Çin arasında mallar üzrə ikitərəfli ticarət arasındakı fərqlərdə artım tendensiyası davam edib və son illərdə bu fərqlər təxminən 100 milyard dollara çatıb. Digər bir misala baxsaq, görərik ki, Rusiya Niderlanda 76 milyard dollar həcmində mal ixrac etdiyi halda Niderlanda Rusiyadan idxal 2.9 dəfə az – yəni, 26 milyard dollar olub. Bu isə 50 milyard dollar fərq deməkdir. Onda, bizim ekspertlərin "metodologiyasına” görə Çindən ABŞ-a idxal olunan malların 50 faizi, Rusiyadan Niderlandda idxal olunan malların isə 60 faizi rəsmiləşdirilməyib. Sizcə, bu formada yanaşma düzgündürmü?
Hələ "Rotterdam effekti”nin təsiri haqqında faktları qeyd etmirik. Azərbaycan neft ixracatçısı ölkələri sırasına daxildir və "Rotterdam effekti” də Azərbaycanın xarici ticarətin gömrük statistikasında da özünü göstərir. Nəzərə almaq lazımdır ki, Avropa ölkələri arasında gömrük sərhədlərinin olmaması "Rotterdam effekti”ni daha da qabarıq şəkildə göstərib, yəni bir ölkənin ixrac göstəriciləri digər ölkənin ixracına aid edilib. Məsələ ondadır ki, Azərbaycan neftinin əsas hissəsi İtaliyadakı terminala ixrac edilir və Azərbaycandan İtaliyaya ixrac kimi qeyd olunur, sonradan digər Avropa ölkələrinə satılır. Almaniya, Fransa, Çexiya Respublikası həmin nefti İtaliyadan almaqlarına baxmayaraq, neftin mənşə ölkəsi Azərbaycan olduğu üçün rəsmi statistikalarında Azərbaycandan idxal kimi göstərilir. Onda, bizim ekspertlərin "metodologiyasına” əsaslansaq, qeyd etməliyik ki, Azərbaycandan İtaliyaya ixrac olunan neft İtaliyaya idxal olunmadığı üçün, ümumiyyətlə, İtaliya gömrüyü tərəfindən rəsmiləşdirilməyib. Bu düzgündürmü?
Dövlət Gömrük Komitəsi bir ölkənin ixracı və idxalı onunla xarici iqtisadi əlaqələrdə olan başqa bir ölkənin idxal və ixracına bərabər olmadığı halda onun nəticələrini hər ilin sonunda dəqiqləşdirərək müəyyən edir və müvafiq ölkələrlə fərqlərin yaranma səbəblərini birlikdə işçi qrupu səviyyəsində müzakirə edir, araşdırır və qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
– Ekspertlər daha bir məsələni tez-tez vurğulayırlar ki, gömrük rəsmiləşdirilməsi zamanı malların gömrük dəyərlərinin qiyməti faktiki qiymətdən aşağı göstərilir və nəticədə gömrük rüsumları süni şəkildə aşağı salınır. Bu məsələyə münasibətinizi bilmək istərdik…
– Bəli, belə müzakirələr çox olur, amma qeyd edək ki, bütün bunlar hamısı peşəkar fikirlər deyil, sadəcə şəxsi mülahizələrə və əsası olmayan faktlara söykənir. Gömrük Məcəlləsinin 40.2-ci maddəsinə əsasən, Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi” Qaydalarına uyğun olaraq gömrük sərhədindən malları və nəqliyyat vasitələrini keçirən şəxslər həmin qaydalarda qeyd olunan digər sənədlərlə birlikdə idxal olunan malların bəyan edilmiş gömrük dəyərini təsdiq edən sənəddə (invoys) göstərilən məlumatların düzgünlüyünə və tamlığına görə cavabdehdir.
"Gömrük tarifi haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır.
Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsinə və "Gömrük tarifi haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququna malikdirlər.
Lakin xarici iqtisadi fəaliyyət iştirakçıları gömrük dəyərləndirilməsi ilə bağlı gömrük orqanlarının qərarlarından narazı qalarlarsa, məhkəmə və hüquq-mühafizə orqanlarına müraciət edərək, idxal etdikləri malın bazar qiymətlərindən çox aşağı qiymətə aldıqlarını sübuta yetirən faktları təqdim edə bilərlər.
– Bəzən qeyd olunur ki, Azərbaycanda idxal mallarına tətbiq olunan gömrük rüsumları digər ölkələrlə müqayisədə daha yüksəkdir. Bu doğrudurmu? Əgər yüksək deyilsə bunu necə izah edərsiniz?
– Bir sıra iqtisadçılar, bankirlər və sahibkarlar tərəfindən qeyd olunur ki, cari ilin əvvəlindən Dövlət Gömrük Komitəsində aparılan radikal xarakterli islahatlar, idxal mallarına tətbiq olunan gömrük ödənişlərinin alınmasında şəffaflığı təmin edib, lakin vergi və rüsumların yüksək olması şikayətlərə səbəb olub.
Bu fikirlərin heç bir əsası yoxdur. Çünki Azərbaycanda idxal mallarına tətbiq olunan 18% Əlavə Dəyər Vergisi (ƏDV) əksər dünya ölkələrində tətbiq olunan ƏDV dərəcəsindən daha aşağıdır. Əsrlərlə oturuşmuş iqtisadiyyata malik Almaniya Federativ Respublikasında 19%, Estoniyada 20%, Belçikada 21%, Avstriyada 20%, Danimarkada 25%, Macarıstanda 25% və s. ƏDV tətbiq olunur.
Digər tərəfdən xarici iqtisadi fəaliyyət iştirakçıları tərəfindən idxal olunan mallara görə alınan 18% ƏDV mövcud qanunvericiliyə görə satış zamanı geri qaytarılır.
Son on üç ildə sosial-iqtisadi sahədə böyük uğurlar əldə etmiş ölkəmizdə xarici ticarət siyasəti kifayət qədər liberallaşdırılıb, maksimum tarif dərəcələri 15%-ə endirilib.
Bu gün mövcud normativ-hüquqi aktlara əsasən idxal mallarına mal mövqeyindən, yəni malın kodundan asılı olaraq 0,5%, 1%, 3%, 5%, 10% və 15% həcmində idxal rüsumu tətbiq olunur. Bu da digər ölkələrlə müqayisədə çox aşağı rüsum dərəcəsi sayılır. Belə ki, Türkiyədə bir sıra mallara 80-250% dərəcəsində, Rusiya Federasiyasında 15-80%, Avropa ölkələrində 40-80% dərəcəsində idxal rüsumları tətbiq olunur. Digər tərəfdən daha yüksək rüsum dərəcələrinin tətbiqi yerli məhsulların rəqabətliliyinin qorunmasına xidmət edir.
Bu baxımdan, Azərbaycanda idxal mallarına tətbiq olunan ən yüksək rüsum dərəcəsinin 15% olması heç də qiymət artımına və ya şikayətlərə səbəb ola biləcək amil deyil.
– Milli valyutanın iki dəfə devalvasiyaya uğraması və üzən məzənnə rejiminə keçidin gömrük ödənişlərinin artımına öz təsirini necə göstərib? Bəzi ekspertlər iqtisadiyyatın kiçilməsinə baxmayaraq gömrük sisteminin gəlirlərinin 2016-cı ilin 6 ayında ötən il ilə müqayisədə 30% artdığını qeyd edir. Bu fikirlərə münasibətinizi bilmək istərdik…
– Dövlət Gömrük Komitəsində aparılan islahatlar, eyni zamanda idxal mallarını xarici valyutada alınaraq ölkə ərazisinə gətirməklə gömrük ödənişlərinin Mərkəzi Bankın həmin günə müəyyənləşdirdiyi manatın məzənnəsinə uyğun olaraq alınması nəticə etibarı ilə idxal vergi və rüsumlarının artımına öz təsirini göstərir. Belə ki, cari ilin ilk 8 ayı ərzində qanunla müəyyənləşdirilən 1 milyard 156 milyon 130 min manat büdcə öhdəliyinə qarşı faktiki olaraq 1 milyard 426 milyon 840 min manat gömrük ödənişləri toplanaraq dövlət büdcəsinə köçürülüb, proqnoza 123,42 faiz əməl olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə büdcə öhdəliyi 39,3% artıq yerinə yetirilib.
Bu baxımdan milli valyutanın iki dəfə devalvasiyaya uğraması və üzən məzənnə rejiminə keçid illik büdcə öhdəliyinin ötən illərlə müqayisədə artıqlaması ilə yerinə yetirilməsini təmin edir.
Ümumiyyətlə, dünyada baş verən qlobal maliyyə-iqtisadi böhran şəraitində ölkəmizdə baş verən dinamik sosial-iqtisadi inkişaf əksər dünya dövlətlərinin, həmçinin beynəlxalq nüfuzlu təşkilatların diqqətini getdikcə cəlb edir. Hazırda Azərbaycanın adı müxtəlif reytinq sıralamalarında, bir qayda olaraq, öncül yerlərdə göstərilir. Beynəlxalq qurumlarla səmərəli əməkdaşlıq edən Azərbaycanda aparılan islahatlar, sosial siyasət, həyata keçirilən infrastruktur layihələri və müxtəlif məqsədyönlü tədbirlər düzgün, düşünülmüş strategiyaya əsaslanır və ölkənin davamlı inkişafına istiqamətlənir.