Ulu Öndər Heydər Əliyev və Azərbaycan gəncliyi



Ümumilli lider Heydər Əliyevin daim böyük qayğı ilə yanaşdığı Azərbaycan gəncliyi bu gün də inkişaf etməkdədir. Onun inkişafı üçün əlindən gələni əsirgəməyən liderimizin uğurlu siyasəti nəticəsində Azərbaycan gəncliyi bu gün də çiçəklənməkdə davam edir. Bu yolda əvəzsiz xidmət göstərən Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət gəncliyimizin inkişafında dərin izlər buraxmışdır. Heydər Əliyev gənclərə hər zaman böyük diqqət və qayğı ilə yanaşmışdır, onların problemlərinin həlli istiqamətində keçirilən bütün tədbirlərə xüsusi önəm vermişdir. Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq onların gələcək prespektivini düşünərək önəmli addımlar atmışdır. İlk növbədə onun qarşıya qoyduğu  gənc nəslin mənəvi-əxlaqi tərbiyyəsinin gücləndirilməsi, sosial rifahının yaxşılaşdırılması və zəngin elmi biliklərə yiyələnməsi məsələsi prioritet idi. 1970-1980-ci illərdə hakimiyyətdə olan müdrik rəhbər Heydər Əliyevin göstərişi ilə yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə, müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərildi. Bundan başqa dahi liderimizin uzaqgörənliyi sayəsində göstərdiyi təşəbbüsü ilə 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi lisey yaradıldı. Azərbaycanda hərb sahəsinə verilən bu böyük töhvə Azərbaycan respublikası müstəqillik əldə etdikdən sonra  Azərbaycan ordusunun yaranmasında, vətənimizin ərazi bütovlüyünün qorunmasında mühüm rol oynamışdır. Bu gün orada təhsil alan həmin  gənclər və onların davamçıları Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında 30 ildən artıq işğal altında olan torpaqlarımızı geri qaytardı. Biz bir daha əmin oluruq ki, Ümummilli liderimizin qurucusu olduğu bu siyasət Azərbaycanı uğurlu nəticələrə doğru aparmaqdadır. 

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti nəticəsində 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, hər il fevralın 2-si “Azərbaycan Gəncləri Günü” kimi qeyd olunur. Həmin vaxtdan etibarən MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq bu bayram  Azərbaycanda təntənəli şəkildə qeyd olunur. Bununla da ümummilli lider bütün dünyaya nümunə olacaq bir addım atmış oldu. Gənc nəslin inlişafı üçün verilən bir çox qanunlar, fərmanlar, sərəncamlar, onların mütəşəkkil qüvvə kimi formalaşması, yetkinləşməsi uğrunda görülən mühüm tədbirlər əbəs yerə deyil. Onun gəncliyə və gənclərə etimadı bu gün artıq öz təstiqini tapmışdır.  Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərlədirməklə yanaşı, öz məsuliyyətini dərk edir.

Yeni nəslin inkişafını prioritet hesab edən ulu öndər Heydər Əliyev 1994-cü il tarixli Fərmanı ilə ölkəmizdə Gənclər və İdman nazirliyinin yaranmasına vəsilə oldu. “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Dahi liderimizin dediyi bu kəlamlar hər bir Azərbaycan gəncinin yaddaşına həkk olmuş və onlara  bugünkü məsuliyyətini dərk etdirir.

Bu gün əminliklə demək olar ki, ulu öndərin gəncliyə və gənclərə göstərdiyi qayğı və diqqət artıq yeni mərhələyə qədəm qoyub. Umummilli liderin Azərbaycan gəncliyinin inkişafı üçün gördüyü bütün tədbirlər biz gəncləri stimullaşdırır. Bunun  sayəsində bu gün gəncliyimiz  ictimai həyatın bütün sahələrində fəal iştirakı ilə seçilir.

Ulu öndər Heydər Əliyev siyasətinin uğurlu davamçısı Prezident İlham Əliyev Azərbaycan gəncliyini yeni inkişaf mərhələsinə doğru aparmaqdadır. Gənclərin hərtərəfli inkişafı, mükəmməl təhsil alması, onların potensial imkanlarının üzə çıxarılması üçün münbit şərait yaradılmışdır. Ölkə başçısının 2007-ci ildə “Gənclər ili”, 2020-ci ildə “Könüllülər” ili elan edilməsi  gənclərimizə qayğı və dəstəkdən xəbər verir. Hər il beynəlxalq olimpiadalarda və idman yarışlarında  gənclərimiz yeni-yeni uğurlara imza ataraq ölkəmizin şərəfini ucaldırlar.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət nəticəsində görülən işlər ondan xəbər verir ki, bu gün ölkəmizdə milli-mənəvi dəyərlərə sahib olan, vətənpərvər və Heydər Əliyev ideyalarına sadiq bir gənclik formalaşır. Bu isə gələcək inkişafımızın möhkəm əllərdə olduğuna əminlik yaradır.

Gülnar Musayeva

Suraxanı rayonu, 141 nömrəli tam orta məktəbin Azərbaycan dili müəllimi

 Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}