Azərbaycanın Avropaya qaz təchizatının coğrafiyası genişlənir

Azərbaycan Avropanın enerji təhlükəsizliyində rolunu artırır. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında səslənən fikirlər və Prezident İlham Əliyevin çıxışında əksini tapan məqamlar bunu bir daha sübut etdi. Prezident İlham Əliyev bildirib ki, bu gün Azərbaycan altı Avropa ölkəsinə qaz nəqli edir. Bütövlükdə isə 8 ölkə Azərbaycandan qaz alır. Ancaq Azərbaycandan qaz almaq istəyən Avropa ölkələrinin sayı daha çoxdur. Həmin dövlətlərlə danışıqlar aparılır. 
Dövlət başçısı bildirib ki, ötən il Avropada istifadəyə verilmiş interkonnektor layihələrinin təməlində ilk növbədə, Cənub Qaz Dəhlizi layihəsi dayanır. Azərbaycan qazına olan mövcud tələbatı təmin edəcək mənbələr, eyni zamanda nəqliyyat marşrutları da mövcudur. Türkiyə vasitəsilə Trans-Balkan boru kəməri sistemindən istifadə etmək üçün razılığın əldə olunması şaxələndirmənin genişlənməsi və növbəti şaxələndirmə deməkdir. Prezident İlham Əliyev bildirib ki, ötən il baş verən vacib hadisələrdən biri Xəzər dənizinin Azərbaycana məxsus sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağında təbii qazın kommersiya hasilatıdır. Bu “Şahdəniz”dən sonra ikinci nəhəng qaz ehtiyatlarının kəşfi deməkdir. “Abşeron” qaz-kondensat yatağı Azərbayanın gələcək şaxələndirmə layihələrinin resurs bazasını təşkil edəcək.  Dövlət başçısı bildirib ki, “Abşeron” layihəsinin ilk fazası artıq təsdiq edilib. Orada illik hasilatın 1,5 milyard kubmetr həcmində olması gözlənilir. İkinci faza ilə bağlı razılıq əldə edildikdən sonra daha 4-5 milyard kubmetr həcm əlavə ediləcəkdir ki, onun böyük əksəriyyəti beynəlxalq bazarlara nəql olunacaq. Prezident İlham Əliyev bildirib ki, gələn ilin ilk rübündən etibarən “Azəri-Çıraq-Günəşli” dərin qaz layihəsi çərçivəsində təbii qazın hasilatı gözlənilir. “Bu, çox böyük ehtiyata malik olmaqla ümidverici strukturdur. Uzun illərdir ki, “Azəri-Çıraq-Günəşli” Azərbaycanın neft ixracatının əsas mənbəyidir. İlkin mərhələdə hasilat təqribən yarım milyard kubmetr olacaq, ancaq bir neçə il ərzində bu rəqəm 3-4 dörd dəfə artacaqdır. Bu “Şahdəniz” və “Abşeron” yataqlarından hasil ediləcək həcmlərlə yanaşı, yeni mənbə olacaqdır”. 
Dövlət başçısı “Ümid” qaz-kondensat yatağının ikinci fazasının işlənilməsi ilə bağlı planın olduğunu və potensial olaraq oradan da 3-4 il ərzində 2-3 milyard kubmetr qaz əldə etməyin mümkünlüyünü qeyd edib. Prezident İlham Əliyev qeyd edib ki, bütün bu layihələrin gerçəkləşməsi “Azərbaycanda kifayət qədər qaz yoxdur” kimi uzun illər ərzində yayılan şayiələri puça çıxarıb. Dövlət başçısı qeyd edib ki, bu şayiələr Azərbaycanın potensialının qarşısını almaq, beynəlxalq birliyə və istehlakçılara yanlış mesaj göndərmək üçün Azərbaycana qarşı yürüdülən kampaniyanın bir hissəsi idi. Azərbaycan isə etibarlı tərəfdaş olduğunu artıq sübut edib. Dövlət başçısı bildirib ki, bizim sözümüz imzamız qədər dəyərlidir. “Qarşımıza qoyduğumuz bütün planlar həyata keçiriləcəkdir, çünki təkcə keçən ilin göstəriciləri bunun sübutudur”. 
Azərbaycanın yaşıl enerjiyə keçid prosesində fəal iştirak etdiyini qeyd edən dövlət başçısı bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu qeyd edib. Bərpaolunan enerji layihələrininyüksək göstəricilər nümayiş etdirdiyini vurğulayan Prezident İlham Əliyev Günəş Elektrik Stansiyanın gücünün 230 meqavat olduğunu, 2030-cu ilədək 5 min meqavata qədər, yəni 5 qiqavat günəş və külək enerjisinin istehsalı planlaşdırıldığını diqqətə çatdırıb. Bu stansiya bərpaolunan enerji sahəsində aparıcı şirkətlərdən biri “Masdar” tərəfindən inşa olunmuşdur və bu, yalnız başlanğıcdır. Əsas investorlar Birləşmiş Ərəb Əmirliklərindən “Masdar” və Səudiyyə Ərəbistanından olan “ACWA Power” şirkətləridir. Həmçinin digər ölkələrdən olan şirkətlər də Azərbaycanla çalışdığını qeyd edərək bərpaolunan enerji ehtiyatları baxımından nəhəng potensialımız olduğunu bildirib. Buraya Xəzər dənizi ilə yanaşı qurudakı potensial daxildir. Azərbaycanın “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Avropaya yaşıl enerjinin önəmli ixracatçılarından biri olacağını qeyd edən dövlət başçısı əməkdaşlığı genişləndirməyə çağıraraq Azərbaycanın COP29-a sahiblik edəcəyini diqqətə çatdırıb. Azərbaycana qarşı ədalətsizlikdən danışan Prezident COP29-la bağlı keçən ilin dekabrında qərar qəbul olunan kimi müxtəlif QHT-lərin və media təşkilatlarının hücumunu qeyd edərək bu münasibətin tamamilə səhv olduğunu bildirib. Çünki iqlim dəyişmələri ilə bağlı olan qlobal tədbirə ev sahibliyi etmək istəyimizin olması faktı bizim iradəmizi nümayiş etdirir. Buna görə ölkəmizə hücum edilməməlidir, əksinə təqdir edilməliyik.

Rəvan Nüsrətli

Suraxanı RİHB-nin Qaraçuxur QİƏD üzrə nümayəndəsi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti