BRICS+ formatı: Siyasi dialoqu və beynəlxalq əməkdaşlığı gücləndirən platforma



Elnarə Akimova 

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Prezident İlham Əliyevin cari ilin 24 oktyabr tarixində Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında çıxışı onun illərlə apardığı dövlət siyasətinin növbəti dəfə bəyanı kimi əlamətdar və dəyərlidir. Prezident İlham Əliyev hər zaman olduğu kimi, bu plenar iclasda da korrekt və dəqiqdir. Dövləti maraq və hədəflərinin istiqamətini açıq şəkildə sərgiləyir. Bunu həm də qürur və əzmlə bəyan edir ki, zənnimcə, bu mövqe və güc kontekstindən dayanıb danışmağa möhtərəm Prezidentin haqqı çatır. İlham Əliyev Azərbaycanın bütün dünyada söz sahibi olmasını vurğulayarkən və dövlətə qazandırdığı etimaddan bəhs edərkən konkret faktlardan çıxış edir. Bunu ilk növbədə, beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipi ilə əsaslandırır: “Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır, bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib”. Ölkə başçısı uğurlu təcrübə kimi Qoşulmama Hərəkatındakı stabil mövqeni nümunə gətirir. “Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir”.

Əlbəttə, Azərbaycanın Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilməsi, “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin Azərbaycanın ərazisindən keçməsi uğurlu əməkdaşlığın faktları kimi böyük əhəmiyyət kəsb edir. Bura növbəti ayda reallaşacaq ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirilməsi də əlavə etsək, dövlətimizə olan etimadın səviyyəsi ancaq qürur doğura bilər. Prezidentin qeyd etdiyi kimi, “Təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur”.

Əslində, BRICS+ platformasının prinsipləri elə ölkəmizin maraqlarına və ölkə başçısı İlham Əliyevin illərlə yürütdüyü siyasətin istiqamətinə tam uyğundur. İlham Əliyev dünyadakı sülhün bərqərar olması, kosmik nizamın yaradılması, bölgələrdəki münaqişələrin həlli üçün daim konstruktiv yanaşmalar sərgiləyən liderdir. Elə COP29-un keçirilməsi, yaşıl enerji ilə bağlı təşəbbüsləri onun ölkələr arasında dostluq münasibətlərinin qurulmasında, işbirliklərinin güclənməsində nə qədər maraqlı olduğunun sübutudur.

Artıq bu böyük tədbirə sayılı günlər qalıb. Bütün bəşəriyyətin iqlim təhlükəsizliyi üçün düşünülmüş bu konfrans həm də Azərbaycanın hekayəsidir. Bunu sülh hekayəsi də adlandırmaq mümkündür. Ona görə yox ki, keçirilmə qərarı 2023-cü ildə oktyabrın 15-də ölkə başçısının Xankəndidə ucaltdığı bayraq təntənəsindən az sonra reallaşıb. Həm də ona görə ki, bu, sülhsevər bir dövlətin və dövlət başçısının illərlə apardığı harmoniya işinin, xaosu kosmosa çevirmək missiyasının gəlib çatdığı mənəvi-siyasi gerçəklikdir: “Azərbaycan artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə verir və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcək”.

Ümumiyyətlə, BRICS+ formatı: siyasi dialoqu və beynəlxalq əməkdaşlığı gücləndirən platformadır. Onun perspektivləri iqtisadiyyat, səhiyyə, iqlim təhlükəsizliyi və digər məsələlərin həllində mühüm göstəricilər əldə etməyə imkan yarada bilər. Siyasi dialoqun gücləndirilməsi isə ölkələr arasında harmoniyanın stimullaşmasına və dünya miqyasında sülhün bərqərar olmasına mühüm dəstəkdir

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti