27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı
Qərbi Azərbaycana qayıdış bizim siyasi və strateji hədəfimizdir. Ermənilərin Qərbi Azərbaycan torpaqlarına necə sahiblənməyə çalışmaları, dağıdıcılıq faktoru, soydaşlarımızın doğma yurdlarından sürgün olunması kimi acı reallıqla üz-üzə qalması yaxın tariximizin fəci proseslərindən biridir. Artıq Zəngəzura qayıdışla bağlı xalqın içindəki ümid işartıları görünməkdə, inamlı gələcəyə yön almasına rəvac verilməkdədir. Bu inamı qazandıran 44 günlük Zəfər savaşı, bir günlük antiterror əməliyyatı zamanı nail olduğumuz üstünlüklər oldu. Dövlət başçısı İlham Əliyevin bu sahədə yorulmadan apardığı mübarizə əzmi, zəfərləri zəfərlərə bağlayan Qərbi Azərbaycan amalı ilə bağlı eyni qətiyyət və israrla çıxış etməsi, bu məsələnin prioritet istiqamət kimi ön plana çəkilməsini təmin edir.
Hələ 2022-ci il, dekabrın 24-də Prezident İlham Əliyev Qərbi Azərbaycan İcması ilə görüşü zamanı çıxışında bildirmişdir ki, “Bu gün azad edilmiş torpaqlarda yaşayırıq, qururuq, yaradırıq, dağıntıları aradan qaldırırıq və dünyaya göstərməyə çalışırıq ki, gəlin, baxın, gözlərinizi açın, bu vəhşilikləri törədən sizin sevimli erməni xalqıdır. Bu cinayətləri hansısa yad planetdən gələnlər yox, sizin sevimli və himayəniz altında olan erməni xalqı törədib, məscidləri, tarixi abidələri, qəbirləri dağıdıb, olmazın vəhşiliklər edib. Eynisini onlar Qərbi Azərbaycanda da ediblər. Sadəcə olaraq, dünya ictimaiyyəti bunu görmür, ya da ki, görmək istəmir. Necə ki, Qarabağda erməni vəhşilikləri faktiki olaraq heç kim tərəfindən təsdiqlənmirdi. Halbuki iki dəfə ATƏT-in faktaraşdırıcı missiyası o vaxt işğal altında olan torpaqlara göndərilmişdi. Ancaq onların məruzəsinə baxdıqda, yenə də ikili standartlar görürük. Bir tərəfdən, o vəhşilikləri, dağıntıları, qanunsuz məskunlaşmanı etiraf etməyə məcbur oldular, digər tərəfdən yenə də balanslı yanaşaraq işğalçı ilə işğala məruz qalanı necə deyərlər, bir müstəviyə qoydular. Ona görə Qərbi Azərbaycanda ermənilər tərəfindən törədilmiş dağıntılar mütləq dünya ictimaiyyətinə çatdırılmalıdır. Əminəm ki, Qərbi Azərbaycan İcması Azərbaycan dövlətinin dəstəyi ilə bunu edəcək”.
Prezident İlham Əliyevin dediyi kimi də oldu. İki ildir fəaliyyət göstərən Qərbi Azərbaycan İcması dinamik fəaliyyəti ilə diqqət mərkəzindədir. Beynəlxalq aləmdə proseslərə operativ reaksiyası ilə seçilir, BMT çərçivəsində çoxlu sənədləri yayılıb. Qurumun bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən Avropa İttifaqı, UNESCO ilə əməkdaşlığı genişlənib. 2024-cü ildə Qambiyada keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə 57 dövlətin yekun sənədində, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışına dəstək ifadə olunması və erməni vandalizminin qınanması həm Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aramsız mübarizəsinin, həqiqətləri beynəlxalq müstəvilərə çatdırma peşəkarlığının, həm də Qərbi Azərbaycan İcmasının son iki illik əməli fəaliyyətinin nəticəsi kimi dəyərləndirilməlidir.
Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun yaradılması bu mənada, Prezident İlham Əliyevin Qərbi Azərbaycana qayıdışla bağlı gördüyü konseptual işləri ideoloji təməl olaraq prioritetə çevirmək məqsədi daşıyır. Təşəbbüs Qrupunun yaradılması məsələni parlament müstəvisinə gətirmək deməkdir. Daha sərt və kəsərli mövqedən söz demək, Qərbi azərbaycanlıların arzu və istəklərini daha yüksək tribunadan səsləndirmək niyyətinin ifadəsidir. Bu, artıq Qərbi Azərbaycana qayıdışla bağlı yeni institutlaşma formalaşdırmaq, xalqın arzu və istəklərini ictimai platformadan qanunvericilik platformasına daşımaq məqsədi daşıyır. Qərbi Azərbaycana qayıdışın təmin olunması ilə bağlı daha sistemli fəaliyyət göstərmək və azərbaycanlıların haqq səsini dünya ictimaiyyətinə çatdırmaq, onların pozulmuş hüquqlarını bərpa etmək, Ermənistan hökuməti və parlament üzvləri ilə görüşlər aparmaq burada əsas prioritetdir.
İnanırıq ki, sülh istəyi və insanlıq ləyaqətini cəm edib liderlik tərcümeyi-halının əsas xəttinə çevirən cənab İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan, ən uzaq tarixləri yaxınlaşdırdığı, ən əlçatmaz arzuları gerçəyə çevirdiyi kimi, tezliklə Qərbi Azərbaycana qayıdış müjdəsini də xalqımıza ərmağan edəcək.