8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Təhsil Şöbəsində köklü dəyişiklikər etməyə nazirin gücü çatmır
Ceyhun Bayramov 19 mart 2018-ci ildə Təhsil nazirinin vəzifələrini müvəqqəti icra edən nazir müavini olaraq "İntizam Tənbehinin tətbiqi haqqında” K-251 saylı əmr imzalayır. Bu əmrin imzalanmasına isə, Təhsil Nazirliyi tərəfindən 10 saylı Ərazi Maliyyə Hesablama Mərkəzində 01.04.2016-cı il tarixdən 01.04.2017-ci il tarixədək olan dövr ərzində büdcədən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsinin düzgünlüyünün və Ağdam Rayon Təhsil Şöbəsinin 2016-2017-ci dərs illərini əhatə edən dövr üzrə fəaliyyətinin yoxlanılması zamanı aşkara çıxan neqativ hallar səbəb olmuşdur. Aşkar olunan qanun pozuntuları sırasına 2016-cı il ildə Ağdam Rayon Təhsil Şöbəsi tərəfindən rəsmiləşdirilmiş ezamiyyə vərəqələrinin qanunvericiliyin tələblərinə zidd olaraq möhürlənməməsi, ezamiyyə əmrinin olmaması, mövcud olan əmrlərdə ezamiyyə müddətinin göstərilməməsi, bir neçə şəxsin adına yalnız bir ezamiyyə vərəqinin verilməsi, xərclərin düzgün hesablanmaması, tələblərə uyğun olmayan formada tərtib olunmuş mehmanxana qəbzləri əsasında ezamiyyə xərclərinin ödənilməsi kimi hallar daxil idi. Bundan başqa, Ağdam Rayon Təhsil Şöbəsinin tabeliyindəki təhsil müəssisələri də seçmə üsulu ilə yoxlanarkən 7 məktəbin hər birində icarə müqaviləsinin bağlanmadığı, qeyri-rəsmi fəaliyyət göstərən bufetlərdə sanitariya qaydalarına və məhsulların saxlanma şəraiti normalarına riayət edilmədiyi, həmin bufetlərdə tibbi müayinələrdən keçməmiş şəxslərin çalışdığı kimi faktlar da aşkar olunmuşdu. Ancaq bunlar da aşkar olunan neqativ halların hamısı deyildi. Belə ki, təhsil müəssisələrində laboratoriyalar avadanlıqla təhciz edilmədiyi, meyvə bağı və bəzək ağacları olmadığı halda 84.5 tədris yardımçısı (laborant, bağban, gözətçi) və 57 kiçik xidmətedici (xadimə) ştat vahidləri mövcud olmuşdur.
Ceyhun Bayramovun Təhsil nazirinin vəzifələrini müvəqqəti icra edən nazir müavini kimi imzaladığı 251 saylı əmrdə yer alan bu qeydləri işlək xalq dilinə çevirsək, söhbətin Təhsil Şöbəsindəki "ölü canlar”dan getdiyi məlum olar. "Ölü canlar”ın mövcudluğu isə, korrupsiyanın mövcudluğu deməkdir.
Yoxlama müddətində üzə çıxan neqativ halların "çeşidləri” isə bununla da yekunlaşmır. Belə ki, seçmə üsulu ilə yoxlama aprılmış bir neçə məktəbdə, xüsusilə də Xındırıstan, Əhmədağalı və Əfətli məktəblərində ümumilikdə 19 sinif komplektinin artıq saxlandığı, bunun nəticəsində dövlət büdcəsindən xeyli vəsaitin xərcləndiyi aşkar edilib. Bu ifadənin də arxasında korrupsiyaya işarənin olduğunu görməmək mümkün deyil. Həmçinin aparılan yoxlama zamanı 2015/2016 və 2016/2017-ci tədris illərində müəllimlərin işə qəbulu və yerdəyişməsində Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova tərəfindən kobud pozuntulara yol verildiyi də aşkar olunub. Və nəhayət, yoxlama nəticəsində Ağdam rayonunun bəzi təhsil müəssisələrində buraxılış siniflərində şagirdlərin dərsə gəlmədiyi, 10-cu siniflərdə isə cəmi 46 faiz şagirdin dərsə gəldiyi müəyyən edilmişdir.
Burada qeyd etdiyimiz və etmədiyiz, lakin 251 saylı əmrdə əksini tapan faktlara qiymət verən Ceyhun Bayramov Təhsil Nazirliyi haqqında Əsasnamənin 13.5-ci bəndini rəhbər tutaraq əmr edib ki, Ağdam rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində Mətanət Misirxanova ilə bağlanmış əmək müqaviləsinə yenidən baxılması üçün yerli icra hakimiyyəti qarşısında məsələ qaldırılsın.
Ceyhun Bayramov bu əmri 19 mart 2018-ci ildə, Təhsil nazirinin vəzifələrini müvəqqəti icra edən nazir müavini olaraq imzalayıb. Əmrin imzalanmasından bir ay dörd gün sonra, yəni 23 aprel 2018-ci ildə Ceyhun Bayramov Təhsil naziri təyin olunub. Ancaq nədənsə Ceyhun Bayramov Təhsil naziri təyin olunduqdan sonra sözü gedən əmrin icrasını təmin etməyi unudub və ya təmin edə bilməyib. Çünki, iqtisadçı və hüquqşünas ixtisaslarına malik Təhsil nazirinin əmrin icrasını təmin etməyi unutduğunu düşünmək doğru olmaz. Beləliklə də, Təhsil naziri Əmək Məcəlləsi ilə üzərinə düşən vəzifə öhdəliklərini yerinə yetirməyib. Bu isə ona etimadsızlıq göstərilməsi üçün kifayət edə bilər. Əlbəttə, bir nazirə etimadsızlıq göstərmək dövlət başçısının müstəsna səlahiyyətlərinə aiddir. Ancaq belə görünür ki, Ceyhun Bayramov özünün imzaladığı əmrin icrasını təmin edə bilməməklə, naziri olduğu təhsil işçilərinin mənəvi etmadını itirdiyinin fərqində deyil. Bir nazirə bu vəziyyət istefa etmək üçün kifayət qədər əsas verir. Ancaq Ceyhun Bayramovun istefa edəcəyi inandırıcı deyil.
Biz isə, Ceyhun Byramovun diqqətinə Çində elmi və texnoloji yüksəlişin müəllifi olmuş Çin Xalq Respublikasının Elm,Təhsil və Texnologiya nazirinin sözlərini çatdırmaq istəyirik. Belə ki, çinli nazirdən təhsildə qısa zamanda əldə etdikləri uğurun səbəbini soruşduqda o, "Təhsil müəssisələrində etimad yaratdıq” – cavabını verib. Ceyhun Bayarmov isə çinli həmkarının tam əksinə olaraq təhsil sistemində etimadsızlıq mühiti yaradır. Buna görə də Azərbaycanda təhsilin səviyyəsi çox aşağıdır və vətəndaşların müasir təhsil almaq imkanları hətta bəzi Afrika ölkələrindən də geri qalır.
Təhsildə yaranmış bu vəziyyət isə, insan kapitalına sərmayə qoyuluşunun dövlətin əsas siyasətinə çevrilməsi tezisi ilə üst-üstə düşmür. Ceyhun Bayramovun diqqətinə çatdırmaq istərdik ki, prezident İlham Əliyevin böyük önəm verdiyi və çıxışlarında tez-tez bəhs etdiyi insan kapitalı sağlam və savadlı insan deməkdir. ABŞ-da aparılmış bir araşdırma isə təhsilin səviyyəsinin yüksəlməsinin insanların ömrünün uzanmasına da müsbət təsir etdiyini təsdiq edib. Bu məntiqdən çıxış edəndə Azərbaycan təhsil sisteminin insanların ömrünün uzunluğuna mənfi təsir etdiyi qənaəti yaranır. Başqa sözlə, Azərbaycanda orta ömür uzunluğunun inkişaf etmiş ölkələrdən nəzərə çarpacaq dərəcədə qısa olmasının əsas səbəblərindən birinin də aşağı təhsil səviyyəsinin olduğunu deyə bilərik. Təhsil Nazirliyinə rəhbərlik edən şəxslər görünür belə məqamlardan xəbərdar deyillər və yaxud da bu vəziyyətlə barışıblar.
Ceyhun Bayramovun Təhsil nazirinin vəzifələrini müvəqqəti icra edən nazir müavini olaraq imzaladığı 19 mart 2018-ci il tarixli, K-251 saylı əmrində 10 saylı Ərazi Maliyyə Hesablama Mərkəzinin vəzifəli şəxsləri ilə bağlı da müəyyən cəzalar öz əksini tapıb. Həmin məsələ ilə, eləcə də Təhsil Nazirliyinin 10 saylı Ərazi Maliyyə Hesablama Mərkəzində və Ağdam rayon Təhsil Şöbəsinin bəzi təhsil müəssisələrində korrupsiya hallarının baş verməsi haqqında iddialarla bağlı araşdırmamızın nəticələrini növbəti saylarımızın birində oxucularımıza təqdim edəcəyik. Təhsil naziri Ceyhun Bayramovun mövqeyini də öyrənməyə çalışacağıq. Əlbətdə, hüquqşünas Təhsil nazirinin deməyə sözü varsa…
"Yeni Sözçü” qəzeti