Təhsil Şöbəsində inanılmaz olay

 


 

    İşdən çıxarılan baş mühasib indi də vəzifəsini qeyri-rəsmi olaraq icra edir

 


Sabiq Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə Təhsil Nazirliyi tərəfindən Ağcabədi rayonunun 13 məktəb və 5 məktəbdənkənar müəssisəsinin 2014-2015 və 2015-2016-cı tədris illərini əhatə edən dövr üzrə fəaliyyətləri yoxlanarkən 10-11 sinif şagirdlərinin dərsə davamiyyəti 50 faizdən aşağı olması, ehtiyac olmadan paralel siniflər açıldığı, siniflərin əsasız yerə yarımqruplara bölünməsi, şəhadətnamə və atestat blanklarının uçotu və verilməsi kitablarının doldurulmasında nöqsanlara yol verilməsi kimi qanun pozuntuları və nöqsanlar aşkarlanmışdı.

Bu nöqsanlarla yanaşı son tədris ilində dərslərdə bir dəfə olsun iştirak etməmiş şagirdlərin adlarının şagird kontingentinə əlavə edilməsi, buraxılan və əvəz edilən dərslərin qeydiyyatı kitabında əvəz edilən dərs saatlarının əvəz edənin dərs saatları ilə üst-üstə düşməsi kimi nöqsanlar və qanun pozuntuları aşkar olunmuşdu.Yoxlama zamanı mövcud qaydalara zidd olaraq Təhsil Nazirliyinin müvafiq şöbələri ilə razılaşdırmadan və ya mərkəzləşdirilmiş müsabiqədən keçmədən 8 nəfərin müəllim kimi işə qəbul edildiyi üzə çıxmışdı. 

Təhsil Nazirliyinin apardığı bu yoxlamadan sonra bu qanun pozuntuları və nöqsanlar Ağcabədi rayon Təhsil Şöbəsinin rəhbər şəxslərinin vəzifə məsuliyyətləri ilə bağlı məsələni gündəmə gətirmiş, Təhsil Nazirliyi haqqında Əsasnamənin 13.3 və 13.5 bəndlərini rəhbər tutaraq Ağcabədi rayon Təhsil Şöbəsinin müdiri Mehdi Əkbər oğlu Əhmədovun tutduğu vəzifədə qalmasının məqsədəmüvafiq hesab edilmədiyini Ağcabədi rayon İcra Hakimiyyəti qarşısında qaldırılmışdı. Eyni zamanda nazir Mikayıl Cabbarovun 27 may 2016-cı il tarixli, 11/380 saylı İntizam tənbehinin tətbiqi barədə əmri ilə Uşaq Yaradıçılıq Mərkəzinin və Uşaq Gənclər İdman Məktəbinin, eləcə də Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktorları, Sahib İbadov, Zakir Dadaşov və Zakir Rüstəmovla bağlanmış Əmək Müqaviləsinə xitam verilmişdi. Ağcabədi şəhərində yerləşən 3, 4 və 11 saylı məktəblərin direktorları Tahir Əliyev, Sadıq Əliyev və Eynulla Hacıyev də vəzifələrini itirmişdi. Bundan başqa Mikayıl Cabbarov bir neçə məktəbin direktoruna isə sonuncu xəbərdarlıqla şiddətli töhmət vermişdi. Onların arasında 8 saylı tam orta məktəbin direktoru Anar Qasımov, Qaravəlli kənd orta məktəbinin direktoru Ağabala Sarıyev, Hindarx qəsəbə tam orta məktəbinin direktoru Qaryağdı Qarayev də vardı. Bundan başqa bir neçə məktəb direktoru töhmət və ya xəbərdarlıq almışdı.

Həmin zaman vəzifəsini itirənlər arasında Təhsil Şöbəsinin baş mühasibi Nizami Abbasov da vardı. Lakin indi redaksiyamıza Nizami Abbasovun qeyri-rəsmi sürətdə Təhsil Şöbəsinin Mühasibatlığına rəhbərlik etməsi ilə bağlı məlumat daxil olub. Həmin məlumatla, eyni zamanda Nizami Abbasovun baş mühasib olduğu dövrdə Təhsil Şöbəsinin keçirdiyi tender əməliyyatları ilə bağlı da məsələləri araşdırmağa çalışacağıq.

Azad Aydın,

"Yeni Sözçü" qəzeti 



Oxşar Xəbərlər

Xəbər lenti