Ağcabədidə təhsil işçilərinin həbsi gözlənilir

 


Maliyyə Nazirliyi Ağcabədi Təhsil Şöbəsində maliyyə fırıldaqlarını ört-basdır edə bilmir

Ağcabədi rayon Təhsil Şöbəsinin rəhbər şəxsləri və bir neçə məktəbin direktoru həbs oluna bilər. Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir ki, Maliyyə Nazirliyinin Ağcabədi rayon təhsil müəssisələrində üzə çıxardığı maliyyə yeyintilərinin miqyası o qədər böyükdür ki, indi bu faktları ört-basdır etmək mümkün olmur. Maliyyə Nazirliyinin aşkar olunan faktlara hüquqi qiymət vermək üçün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərməyə tərədüd etdiyi bir vaxtda, Ağcabədi rayon Təhsil Şöbəsinin və bəzi məktəblərin rəhbər şəxslərinə gözlənilməz zərbə Təhsil Nazirliyindən gəlib.

Təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyi tərəfindən Ağcabədi rayonun 13 məktəb və 5 məktəbdənkənar müəssisəsinin 2014-2015 və 2015-2016-cı tədris illərini əhatə edən dövr üzrə fəaliyyətləri yoxlanarkən üzə çıxan nöqsanlara görə Ağcabədi rayon Təhsil Şöbəsinin, eləcə də fəaliyyətləri yoxlanılan təhsil ocaqlarının rəhbərləri haqqında intizam tənbehinin görülməsi məqsədilə 27 may 2016-cı il tarixli, 11/380 saylı əmr imzalayıb.

Təhsil naziri Mikayıl Cabbarovun 27 may 2016-cı il tarixli, 11/380 saylı intizam tənbehinin tətbiqi barədə Əmrdən məlum olur ki, Təhsil Nazirliyi tərəfindən Ağcabədi rayonun 13 məktəb və 5 məktəbdənkənar müəssisəsinin 2014-2015 və 2015-2016-cı tədris illərini əhatə edən dövr üzrə fəaliyyətləri yoxlanarkən 10-11 sinif şagirdlərinin dərsə davamiyyəti 50 faizdən aşağı olması, ehtiyac olmadan paralel siniflər açıldığı, siniflərin əsasız yerə yarımqruplara bölünməsi, şəhadətnamə və atestat blanklarının uçotu və verilməsi kitablarının doldurulmasında nöqsanlara yol verilməsi kimi qanun pozuntuları və nöqsanlar aşkarlanıb. Bu nöqsanlarla yanaşı son tədris ilində dərslərdə bir dəfə olsun iştirak etməmiş şagirdlərin adlarının şagird kontingentinə əlavə edilməsi, buraxılan və əvəz edilən dərslərin qeydiyyatı kitabında əvəz edilən dərs saatlarının əvəz edənin dərs saatları ilə üst-üstə düşməsi kimi nöqsanlar və qanun pozuntuları aşkar olunub.  Yoxlama zamanı mövcud qaydalara zidd olaraq Təhsil Nazirliyinin müvafiq şöbələri ilə razılaşdırmadan və ya mərkəzləşdirilmiş müsabiqədən keçmədən 8 nəfərin müəllim kimi işə qəbul edildiyi üzə çıxıb. 

Təhsil Nazirliyinin əməkdaşlarının Ağcabədi Peşə Məktəbinin fəaliyyətinin yoxlanılması zamanı şagirdlərin dərsə davamiyyətinin çox aşağı olduğu aşkar olunub. Belə ki, ilk yoxlama günü 80 şagirdən heç birinin dərsə gəlmədiyi, ikinci gün isə yalnız 33 nəfərin dərsə gəldiyi məlum olub. Çox maraqlıdır ki, dərsə gəlməyən şagirdlərin biliyinin qiymətləndirilməsi aparılıb, üstəlik heç bir ehtiyac olmadan artıq şatatlar saxlanılıb və onlara görə əlavə əmək haqqı ödənilib. Ağcabədi Peşə Mektəbinə məxsus 2 ədəd yük nəqliyyat vasitəsinin məktəbdə olmadığı, dərs bölgüsü zamanı qeyri-ixtisas müəllimlərə dərs verildiyi, ölkədaxili ezamiyyələr üçün nəzərdə tutulmuş vəsaitin talan edildiyi də aşkar olunub.

Təhsil Nazirliyinin apardığı yoxlama zamanı üzə çıxan bu qanun pozuntuları və nöqsanlar Ağcabədi rayon Təhsil Şöbəsinin rəhbər şəxslərinin vəzifə məsuliyyətləri ilə bağlı məsələni gündəmə gətirib. Nazir Mikayıl Cabbarov da bütün bunları və Təhsil Nazirliyi haqqında Əsasnamənin 13.3 və 13.5 bəndlərini rəhbər tutaraq Ağcabədi rayon Təhsil Şöbəsinin müdiri Mehdi Əkbər oğlu Əhmədovun tutduğu vəifədə qalmasının məqsədəmüvafiq hesab edilmədiyini Ağcabədi rayon İcra Hakimiyyəti qarşısında qaldırıb.

Mikayıl Cabbarovun bu əmri imzalamasından sonra Ağcabədi rayon İcraHakimiyyətinin başçısı Şahin Məmmədov uzun müddət Mehdi Əhmədovu qorumağa çalışıb. Bunun da nəticəsində Mehdi Əhmədov yalnız nazir Mikayıl Cabbarovun əmrinin icra edilmədiyi mətbuata sızandan sonra vəzifəsindən azad edilib. Özü də şəxsi ərizəsi əsasında. Halbuki, nazir Mikayıl Cabbarovun əmrində Mehdi Əhmədovun tutduğu vəzifəyə uyğun olmadığı açıq-aydın yazılıb. Ancaq İcraBaşçısı bütün bunlar yoxmuş kimi, Mehdi Əhmədovu ərizəsi əsasında vəzifəsindən azad edib.

Ağcabədi Peşə Məktəbinin tədris istehsalat üzrə direktor müavini Nadir Hüseynovla bağlanmış müqavilə nazir Mikayıl Cabbarovun əmri ilə ləğv edilib.

Mikayıl Cabbarovun 27 may 2016-cı il tarixli, 11/380 saylı İntizam tənbehinin tətbiqi barədə əmri ilə bir neçə məktəb, Uşaq Yaradıçılıq Mərkəzinin və Uşaq Gənclər İdman Məktəbinin, eləcə də Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktorları, Sahib İbadov, Zakir Dadaşov və Zakir Rüstəmovla bağlanmış Əmək Müqaviləsinə xitam verilib. Vəzifəsini itirən məktəb direktorları arasında 3, 4 və 11 saylı məktəblərin direktorları Tahir Əliyev, Sadıq Əliyev və Eynulla Hacıyev də var. Bundan başqa Mikayıl Cabbarov bir neçə məktəbin direktoruna isə sonuncu xəbərdarlıqla şiddətli töhmət verib. Onların arasında 8 saylı tam orta məktəbin direktoru Anar Qasımov, Qaravəlli kənd orta məktəbinin direktoru Ağabala Sarıyev, Hindarx qəsəbə tam orta məktəbinin direktoru Qaryağdı Qarayev də var. Bundan başqa bir neçə məktəb direktoru canını töhmətlə və ya xəbərdarlıqla qurtara bilib. Eyni zamanda nazir Mikayıl Cabbarov bir neçə məktəbin direktoru vəzifəsinin hazırda bu vəzifələri icra edən şəxslərə həvalə olunması haqqında əmri də ləğv edib. İndi Ağcabədi rayonundakı əksər məktəblərdə direktor vəzifəsi boşdur. Ancaq bunun son olmadığı, bəzi məktəb direktorlarının və Təhsil Şöbəsinin vəzifəli şəxslərinin həbsinin istisna edilmədiyi də redaksiyamıza daxil olan məlumatlar arasındadır. 

Ağcabədi rayon Təhsil Şöbəsi ətrafında baş verən qalmaqalla bağlı ən son məlumat isə ondan ibarətdir ki, Mehdi Əhmədov vəzifəsindən kənarlaşdırılsa da, qeyri-rəsmi şəkildə hələ də vəzifəsini icra etməkdə davam edir. Belə halın necə baş verdiyini isə normal məntiqlə nə izah etmək, nə də anlamaq mümkündür. Ağcabədi rayon Təhsil Şöbəsində baş verən maliyyə pozuntuları ilə bağlı Maliyyə nazirliyinin verəcəyi qərarın nədən ibarət olacağını izləməyə və oxucularımıza çatdırmağa çalışacağıq. "Yeni Sözçü” qəzetinin Araşdırma Qrupu Ağcabədi rayon Təhsil Şöbəsinin sifarişi ilə həyata keçirilən tender əməliyyatları ilə bağlı geniş araşdırma aparır. Həmin araşdırma zamanı Ağcabədi rayon Təhsil Şöbəsi ilə "Kristal SA” Məhdud Məsuliyyətli cəmiyyəti arasında həyata keçirilən təxminən 600 min manatlıq tender əməliyyatlarının talehinə aydınlıq gətirilməsinə çalışılır. Həmin araşdırma hazır olanda oxucularımıza təqdim edəcəyik.

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti