Fətullahçılar Azərbaycan mediasını ələ keçirməyə çalışır – ASLANOV-OSMANLI İŞBİRLİYİNİN ŞOK DETALLARI

Fətullahçılar Azərbaycan mediasını ələ keçirməyə çalışır

 

Ötən həftə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun istefaya göndərilməsi istər mediada, istər də sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrildi. Sözsüz ki, ölkə başçısının Əli Həsənovu vəzifəsindən azad etməsi cəmiyyətdə çoxları üçün gözlənilən, daha dəqiq desək, arzuedilən idi. Elə bu səbəbdən də Prezidentin məlum sərəncamını sevinclə qarşılayanların sayı heç də az olmadı.

Amma Ə.Həsənovun istefaya göndərilməsi son bir neçə gündə media sahəsində, xüsusən də hakimiyyətin nəzarəti altında olan KİV-lərdə, belə demək mümkünsə, durğunluq yaradıb. Belə ki, son günlərədək Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin nəzarəti altında olan qəzet və saytlar, eləcə də bəzi telekanallar çaşqınlıq içərisindədir. Çünki, indiyə kimi Əli Həsənovun "dirijor çubuğu" ilə hərəkət etməyə alışmış bu media orqanlarının hər biri artıq böyük okeanda üzən kompassız gəmiyə bənzəyir. İndi onlar özlərinə doğru istiqaməti göstərəcək bir güc axtarışındadır. Belə bir güc ortaya çıxacaq, yoxsa bu "gəmilərin" hər biri okeanda batmağa məhkum ediləcək, bu, artıq başqa mövzudur. Təbii ki, bütün hallarda bu məsələdə son söz yenə də ölkə başçısının olacaq.

Bununla yanaşı, mətbuat sahəsində yaranmış indiki boşluqdan istifadə edən kənar qüvvələrin də son günlər ciddi aktivləşdiyi haqda bilgilər var. Bu barədə az sonra məlumat verəcəyik. Hələlik isə Əli Həsənovun rəhbərlik etdiyi İctimasi-siyasi məsələlər şöbəsinin keçmiş fəaliyyəti ilə bağlı bəzi məqamları bir daha gözdən keçirək.

Yuxarıda Azərbaycan mediasının böyük əksəriyyətinin Ə.Həsənovun "dirijorluğu” altında fəaliyyət göstərdiyini xatırlatdıq. Lakin Prezidentin sabiq köməkçisinin vəzifədə olduğu illər ərzində təkcə mediaya deyil, ölkədə fəaliyyət göstərən əksər siyasi partiyalara, QHT-lərə, eləcə də ideoloji sahəyə "cavabdeh” şəxslərdən birinə çevrildiyi bəlli idi. Bu sahələrdə isə vəziyyət heç də ürəkaçan deyildi və günbəgün pisləşməyə doğru gedirdi. Lakin, bütün bunlara rəğmən, Əli Həsənov vətəndaş cəmiyyəti üzərində öz hökmranlığını qorumaq üçün səlahiyyət çərçivəsini daha da genişləndirməyə cəhd edir, hətta bir çox hallarda vəzifəsindən istifadə edərək, təzyiq metoduna da əl atırdı. Təsadüfi deyil ki, son vaxtlaradək Prezident Administrasiyasının nəzarətində olan mətbuat oraqanlarına Ə.Həsənovdan başqa hər kəsi, hətta ölkə başçısını belə, tənqid etmək üçün "yaşıl işıq" yandırılmışdı. Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin və şəxsən Əli Həsənovun fəaliyyətini tənqid edən müstəqil və nisbətən müstəqil media isə dərhal "xətən xaini" elan edilir, bloklanır, hətta rəhbər şəxsləri həbsə atılırdı. Hansı ki, bununla bağlı, mətbuatda yazılanlar əsasında, bir neçə fakt göstərmək olar.

Üstəlik, Əli Həsənovu ölkədə "söyüş kampaniyası"nı başlatmaqda, sosial şəbəkələrdə özünə məxsus "trollar ordusu" yaratmaqda, jurnalistlər üçün tikilən mənzillərin bir hissəsini aidiyyəti olmayan şəxslərə verməkdə və s. ittiham edənlər də vardı.

Əli Həsənovun istefaya göndərilməsindən və rəhbərlik etdiyi şöbənin ləğvindən sonra vətəndaş cəmiyyəti və medianın gələcək fəaliyyəti ilə bağlı bir sıra suallar meydana çıxsa da, qeyd etdiyimiz kimi, bütün bunlara ölkə rəhbərliyi səviyyəsində tezliklə aydınlıq gətiriləcəyi şübhə doğurmur. Ən maraqlı məqam isə odur ki, indiki "keçid dövründə" bir sıra kənar qüvvələr, xüsusilə də "dördüncü hakimiyyət" hesab olunan mətbuat üzərində nəzarəti ələ almağa çalışırlar. Söhbət vaxtilə Azərbaycan hakimiyyətində ciddi təsir imkanı əldə etmiş, 15 iyul 2016-ci ildə qardaş Türkiyədə baş verən dövlət çevrilişinə cəhd olayından sonra ölkəmizdə də fəaliyyətləri məhdudlaşdırılan FƏTÖ-çulardan ("Nurçular") gedir.

Etibarlı qaynaqlardan Hurriyyet.org-a daxil olan bilgilərə əsasən, Azərbaycan mediasını ələ keçirməyə çalışan şəxslərin başında adları tez-tez "Hizmət” hərəkatının rəhbəri Fətullah Gülənə yaxın adamlar sırasında hallandırılan Elnur Aslanov və Ceyhun Osmanlı "cütlüyü” dayanır. Xatırladaq ki, sabiq deputat Rəbiyyət Aslanovanın oğlu E.Aslanov 2007-ci ilin dekabrından 2014-cü ilin martınadək Prezident Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri vəzifəsində işləyib. Bu vəzifədən çıxarıldıqdan sonra, elə həmin ilin aprel ayının 1-də gözlənilmədən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Strateji planlaşdırma, investisiya və elmi potensial şöbəsinin müdiri vəzifəsinə təyinat alıb. 18 noyabr 2016-cı ildə FƏTÖ ilə bağlantısı səbəbindən vəzifəsindən azad olunub.

FƏTÖ örgütünə bağlı olduğu iddia edilən dostu Ceyhun Osmanlı isə keçmiş deputat olmaqla yanaşı, son aylaradək "Odlar Yurdu” Universitetində prorektor vəzifəsində çalışırdı. Mətbuatın yazdığına görə, "Odlar Yurdu”nun rektoru Əhməd Vəliyev onu "nurçu” şəbəkə ilə bağlantısı olması səbəbindən universitetdən xaric etməyə məcbur oldu.  Çünki FƏTÖ-ya bağlı olduğu iddia edilən Osmanlı rəhbərlikdə təmsil olunduğu üçün universitetin diplomlarının qardaş Türkiyədə tanınması ilə bağlı problemlər yaranmışdı.

Mənbə iddia edir ki, hazırda Aslanov-Osmanlı "cütlüyünün” bağlı olduğu FƏTÖ örgütü Azərbaycanda yenidən öz mövqelərini bərpa etmək üçün "dördüncü hakimiyyət” üzərində nəzarət mexanizmi qurmaq niyyətindədir. Məlumata əsasən, Elnur Aslanov və Ceyhun Osmanlı bu işi hazırda ABŞ-da yaşayan dostları Elnur Baimovun vasitəsilə həyata keçirməyə çalışırlar.

Qeyd edək ki, E.Baimov E.Aslanlının yaxın dostu olmaqla yanaşı, 2016-cı ilədək Azərbaycanda ikinciyə məxsus media şəbəkəsinin başında olub. Məsələn, o, 2003-2009-cu illərdə "Day.az" xəbər portalının baş redaktoru vəzifəsində çalışıb. Bundan əlavə, E.Aslanovun kurasiyasında olan saytlar - "Gun.az" və ingilisdilli "Nyus.az" saytları Elnur Baimovun adına rəsmi qeydiyyatda olub. Daha sonra bir çox rusdilli və azərbaycandilli saytları yaradan Baimov o dönəmlərdə "nurçu” şəbəkəsi üçün təbliğatlar aparması ilə diqqəti çəkib. 2014-cü ildə E.Aslanov vəzifəsindən azad edildikdən sonra Baimov da təbliğat aparatlarından uzaqlaşdırılıb.

Mənbənin məlumatına əsasən, Fətullahçı şəbəkə yenidən, özlərinin təbirincə desək, "indiki vəziyyətdə ölkədə başsız qalmış mətbuatı” ələ keçirməyə çalşır. Ən maraqlısı isə odur ki, məlum qruplaşma mətbuat üzərində hökmranlığı ələ aldıqdan sonra, Azərbaycanda gənclər siyasətinə nəzarət etməyi də hədəfləyiblər. Bütün bunlar haqda növbəti yazımızda geniş məlumat verəcəyik.

Hurriyyet.org

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.  



Oxşar Xəbərlər

Xəbər lenti