Zaur Mikayılovun işçiləri BAZAR AÇIBLAR... “Kim pul verirsə, ona su verirlər”


“İl yarı olub, ilin əvvəli əkdiyim yoncanı vur-tut iki dəfə suvara bilmişəm. Torpaq susuzluqdan cadar-cadar olub, yoncalar yanıb. Sahəni suvarmaq üçün gərək ya hansısa qurumda adamın ola, zəng elətdirəsən, ya da gərək şəhid ailəsi olasan. Elə qazilər də ora-bura şikayət etməsin deyə sahələrinə su verilir”.

Ağdamın Xındırıstan qəsəbəsinin Kəlbəhüseynli kənd sakini Müşfiq Abışov ötən il 600 manat xərc çəkərək yonca əkib.

Deyir ki, ilin əvvəlindən indiyədək yonca sahəsini cəmi iki dəfə suvara bilib. Çəkdiyi xərcdən heç bir manat da qazanc götürə bilməyib.

“Bərabərlik qorunmur”

Müşfiq Abışovun sözlərinə görə, yonca sahəsi ayda iki dəfə suvarılmalıdır. Ancaq Ağdam rayon Suvarma Sistemləri İdarəsi şərait yaratmır:

“Bizim kəndin 400 hektar əkin sahəsi var. Hər 60 hektar əkin yerinə bir artezian düşür. Cəmi dörd artezianımız var. Milyonlarla xərc çəkib Qarabağ su kanalından Ağdamın əkin sahələri üçün su kəmərləri çəkiblər. Ancaq suvarma məsələsində bərabər bölgü yoxdur. Biri sahəsini həftədə iki dəfə suvara bilər, biri aylarla suvara bilməz. Bu problem tək mənə aid deyil, gəlin sahələrə, kəndlilərin nə zülm çəkdiyini özünüz görün”.

“Kim pul verirsə, ona su verirlər”

Kəndli deyir, gündüzlər 10-12 saat ərzində verilən su elə vaxtaşırı suvarılan sahələrə axıdılır. Sahələri susuz qalan kəndlilər rayonun Suvarma Sistemləri İdarəsinə müraciət ediblər ki, heç olmasa, gecələr onlara da növbə verilsin:

“Axşam olanda artezianları bağlayırlar. Bizə su vermirlər. Kim pul verirsə, kimin adamı varsa, suyu ona verirlər. Bu dəqiqə gəlsəniz, apararam, özünüz görərsiniz ki, eyni adamların sahələri suvarılır. Adamı olmayanlar da yanan əkin sahələrinə baxa-baxa qalırlar. Deyirik, bir halda ki, bizə gündüz növbə çatmır, heç olmasa, gecələr suyu buraxın, biz də sahələrimizi suvara bilək. Deyirlər ki, olmaz”.

“Dövlət milyonlarla pul ayırıb…”

Kəndlilərin istədiyi odur ki, sahələr bərabər qaydada suvarılsın və hamı məhsul götürə bilsin:

“Axı bu borular kəndin əkin sahəsinə xalqdan alınan vergilərlə çəkilib. Heç kəs o boruları öz cibinin puluyla çəkməyib ki, birinə su verələr, o birinə yox… Dövlət milyonlarla pul ayırıb ki, kəndli sahəni suvarıb məhsul götürsün, ailəsini dolandırsın. 1 hektar sahəm susuzluqdan yanır, hərtərəfli zərər çəkirəm. O yoncanı yığsam, həm öz heyvanlarımın yeminə pul xərcləmərəm, həm də satıb dolanışıq edərəm. O suyu da sahəyə pulsuz buraxmırlar, 15 manat pul ödəyirik. Bununla belə, su vermirlər”.

Suvarma Sistemləri İdarəsi: “Bütün sahələr növbəli qaydada suvarılır”

Ağdam Rayon Suvarma Sistemləri İdarəsinin müdir müavini Elşən Hüseynovsa kəndlilərin şikayətini əsassız hesab edir:

“Belə bir məsələ mümkün deyil, bütün sahələr növbəli qaydada suvarılır. Biz yenə də sahəyə işçi göndərib araşdırarıq”.

Müşfiq Abışovsa deyir ki, Elşən Hüseynovun dediyi növbəli qayda yalnız pambıq sahələrinə aiddir, digər əkin sahələrində növbəlilik prinsipi yoxdur.

Dia.az



Oxşar Xəbərlər

Xəbər lenti