Jurnalistlərdən Zaura sərt reaksiya: - “O tərbiyəsiz təcili qovulmalıdır!”


"Həmin Zaur" proqramının ötəngünkü buraxılışında Zaur Kamalın iranlı müğənni Afşin Azərini canlı efirdən qovması cəmiyyətdə böyük ajiotaj doğurub. Həmin görüntüləri izləyən ziyalılar sosial şəbəkələrdə Zaur Kamalın cəzalandırılmasını tələb edirlər.

Sozcu.info-nun xəbərinə görə, məsələ ilə bağlı aparıcının həmkarları tərəfindən də sərt reaksiyalar gəlməkdədir.

Tanınmış telejurnalist Ləman Ələşrəfqızı sosial şəbəkədə qeyd edib: "ARB-yə zaur kamalsızlar lazımdır. Çünki pul qazandırırlar. Düşük şouları, səviyyəsiz söhbətləri ilə. Heç bir tədbir də görülməyəcək. Boş yerə özünüzü yormayın".

Telejurnalist İlqar Əlfioğlu isə ARB televiziyasının rəhbərliyinə müraciət edib: "Aparıcınız, tərbiyəsiz Zauru efirinizdən təcili qovmalısınız, təbii ki, heysiyyətiniz varsa. Belə yekəbaşlıq və siyasi korluq heç kəsə yaraşmaz!"

Tanınmış radio aparıcısı Əzizə İsmayılova: "Hamı yazır, deyir, aparıcını topa tutur. Amma yerini bilməyən təkcə aparıcıdırmı? Deyil, əlbəttə. Nə qədər ki, efir sahiblərinin aparıcı və yaratmayıcı heyətdən tək istəyi "nə edirsən et, əsas odur pul gəlsin" olacaq, nə qədər ki, sponsorlar, "təki malım satılsın" deyə, maksimum sponsor paketlərini yalnız kütlənin ən çox aşağılandığı, ələ salındığı, xəstə, ruhsal, təhsilsiz insanların faciəsindən şou qurulduğu proqramlar üçün həsr edəcək, efirdə hələ çox şeylər görəcəyik. Niyə qeyzlənmisiniz ki? Məlum aparıcının efirə çağırdığı qonağı niyə birdən aşağılamaq və qovmaqla təhdid edib studiyadan qovması sual yaradır, amma zərrəcə təəccüblü deyil. Bizim əksər TV-lərin illərdir efir setkasının ana xətti, onurğa sütunu onların əlində deyilmi? Ən çox qazanc onların payına düşmürmü? Yəni nə birincidir, nə də sonuncu. İllərdir, aidiyyəti qurumlardan hər kəs bunu görür də, bilir də, maliyyələşməsi üçün nə lazımdır edir də, lazımi yerlərdə fəxrlə stolun başında oturdur da. Hamısının qalxanı da "ağıllı şeyə baxan yoxdur" söhbətidir. Əlbəttə, baxan olmayacaq. Bu qədər zir-zibilin içində gövhər seçmək asan məsələdir? Bircə təəssüf hissi yaradan şey başqa bir ölkədən efirə dəvət olunan qonağa mənasız eqo nümayişi qarşılığında nümayişkaranə sərgilənən ədəbsizlikdir. Başqa heç nə..."

Qeyd edək ki, məsələ ilə bağlı modern.az-a açıqlama verən Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov qeyd edib ki, ortada qanun pozuntusu faktı yoxdur: "Bu, aparıcının özünün müstəqilliyidir. Aparıcı, proqram, kanal kimi istəsə efirə çağırmaqda, onu efirdən uzaqlaşdırmaqda sərbəstdir. Burada qanun pozuntusu yoxdur. Əgər qanun pozuntusu olsaydı, monitorinq qrupumuz onu qeydə alıb, bizə bildirərdi. Həmin məqam cəmiyyətin narazılığına səbəb ola bilər, amma istənilən halda burada norma xaricində bir şey yoxdur".

Musavat.com




Oxşar Xəbərlər

Xəbər lenti