Bulvardakı kafelərin ÖZBAŞINALIĞI - İdarə istehlakçıların hüququnun pozulmasını qulaqardına vurur

Yay mövsümü ilə əlaqədar Dənizkənarı Bulvara üz tutanların sayında artım müşahidə olunur. İstirahətə gələnlərin əksəriyyəti isə Dənizkənarı Bulvar ərazisində xidmət göstərən restoran və kafelərin fəaliyyətindən şikayətçidir. Belə ki, məlum obyektlər çay içmək istəyən müştəridən çayı dəstgah şəklində sifariş verməyi tələb edir. Kafe və restoranların bu tələbi ilə yanaşı, qiymətlərin süni şəkildə artırılması da başqa problemdir.

DİA.AZ-ın məlunmatına görə, mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Yenicag.az-a açıqlamasında bildirib ki, restoran və kafelərdə müştəriyə hər hansısa tələbin qoyulması qanunaziddir və istehlakçı hüququnun pozulmasıdır, ona görə də müvafiq qurumlar bu cür neqativ halın qarşısını almalıdır:

“Həftədə iki və ya üç dəfə sözügedən məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinə şikayət daxil olur. Təxminən 7 ilə yaxındır ölkəmizdə bu vəziyyət hökm sürür. Həmin kafe və restoranların 50 manat məbləğində verdiyi çay dəstgahını istəməsən, çay vermirlər. Dənizkənarı Bulvar ərazisi ilə yanaşı, digər yerlərdə də müştəridən məcburi şəkildə çayı dəstgah şəklində sifariş verməsi tələb olunur. Belə bir hadisə mənim də başıma gəlib. Yanımda olan Amerika vətəndaşları ilə çayxanaya getdim. Ofisiant məndən üç dəfə hesab aldı. Sonuncu hesabı çayxanadan 20 metr uzaqlaşandan sonra gəlib aldılar ki, düzgün hesablanmayıb.

Bu, istehlakçı hüququnun pozulmasıdır. Qanunvericilikdə zəifliyin olması müştərilərin haqqının kobud şəkildə pozulmasına yol açır. İstehlakçı hüquqlarını qoruyan qanun 1995-ci ildə qəbul olunub. O vaxtdan bəri qəbul olunan qərarlar istehlakçıların zərərinədir. Sanki biznes klublar üçün toxunulmazlıq obrazı yaradılıb. Heç bir dövlət qurumu istehlakçıların aldadılmasını və hüququnun pozulmasını müdafiə etmir. Ona görə də Nazirlər Kabineti çayxanaların, restoranların və kafelərin fəaliyyətinə nəzarət edən mexanizm tətbiq etməlidir.

Sözügedən problemlə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etdikdə bildirirlər ki, öz əraziləridir, özləri bilər. Halbuki bu cür yanaşma olduqca səhvdir. Restoran və çayxanalarda baş alıb gedən bu vəziyyətə son qoyulmalıdır. Azərbaycan çay içən ölkə kimi tanınır. Ölkəmizə gələn turistlərin yerli çayxanalarda məlum xoşagəlməz halla rastlaşması onlarda ikrah hissi doğurur. Bu, Azərbaycanda turizmin inkişafına zərbə vuran ciddi amillərdən biridir”.

Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsi ilə dəfələrlə əlaqə qurmağa cəhd etsək də, zənglərimizə cavab verən tapılmadı.



Oxşar Xəbərlər

Xəbər lenti