Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Vasif Talıbovun oğlu Rza Talıbovun şəriki Emin Uçar Naxçıvan Təhsil Nazirliyinə 180 min manatlıq hesab-faktura göndərib. Emin Uçar Naxçıvan şəhərində 2018-ci ildən tikintisinə başlanılan və tamamlanmayan turizim istirahət mərkəzinə görə Naxçıvan Tikinti və Arxitektura Komitəsindən 444 min manat, özəl qızlar yataqxanasına görə eyni Komitədən 150 min manatlıq tələblərlə də çıxış edir.
Baş verənləri yerindəcə araşdırmaq üçün musavat.com-un əməkdaşı Naxçıvana ezam olunub. Əməkdaşımız öyrənib ki, ümumiyyətlə, Emin Uçar Naxçıvanda bir çox idarə və təşkilatlara qarşı çoxsaylı tələbin müəllifidir. Onun Naxçıvandakı dövlət orqanlarına qarşı irəli sürdüyü tələblərin ümumi dəyəri 2 milyon manatı aşır.
Üstəlik, verilən məlumatlara görə, Emin Uçar 2018-ci ildən bu yana dövlət budcəsi hesabına tikilən, lakin tamamlanmayan obyektlərdə çalışdırdığı usta və fəhlələrin də pulunu ödəməkdən yayınır.
Əməkhaqqını istəyən fəhlələrə isə deyilir ki, yeni Naxçıvan hakimiyyəti Emin Uçarın holdinqinin gördüyü işlərə görə büdcədən vəsait ödəmir deyə, o da öz növbəsində əməkhaqqını ödəmir.
Əslində isə ən müxtəlif tikintilərdə çalışan usta və fəhlələrin pulu ödənməməklə Naxçıvanda ciddi narazılıqlara yol açılır. Beləcə fəhlələr Naxçıvanın yeni hakimiyyətinə qarşı yönləndirilir. Bu addımların kimlərin maraqları çərçivəsində atıldığını isə birmənalı söyləmək çətindir.
Əməkdaşımız
Naxçıvan şəhərində yerləşən 14 saylı məktəbdə olub. Öyrənib ki, məktəb 2007-ci ildə istifadəyə verilib. Bu məktəbin tikintisi o zaman Naxçıvan Ali Məclisinin sədri olan Vasif Talıbovun yaxın adamı, həmin vaxtlar baş nazirin 1-ci müavini, Naxçıvan Tikinti və Arxitektura Komitəsinin sədri postunu tutan Asəf Məmmədovun “yüngül əli” ilə Rza Talıbovun 60 faiz paya sahib olduğu “Gəmiqaya” Holdinqə ötürülüb. Məktəbin tikintisi holdinqin 40 faizinə sahib olan Emin Uçarın rəhbərliyi altında gerçəkləşib. Məktəb tendersiz-filansız “Gəmiqaya”ya həvalə olunub. Təhsil ocağı bu şəkildə tikilib və 2007-ci ildə Vasif Talıbovun adamı, o zaman vəzifəli şəxs olan Asəf Məmmədov tərəfindən qəbul edilərək istifadəyə verilib. İllər keçib, məktəb qəzalı vəziyyətə düşüb. Əraziyə yenə də Asəf Məmmədov göndərilib. Belə aydın olur ki, o, bu gün də Vasif Talıbovun orbitindən kənarda deyil. Onun şəriki olmuş Emin Uçarın “Arkoz”unda tikintilərə nəzarət edir.
Elə Naxçıvan şəhərinin ən böyük məktəbində baş verən cinayətə bərabər uyğunsuzluqların aradan qaldırılmasında da Asəf Məmmədov birbaşa iştirak edib.
Məktəbdə baş verə biləcək faciənin qarşısı isə şagirdlərdən birinin valideyninin sayıqlığı nəticəsində alınıb.
Məktəb təhvil götürüləndən 15 il sonra şagirdlərdən biri evdə atasına məktəbin 2 və 3-cü mərtəbələrindəki foye hissələrinin əsməsi-yellənməsi haqda danışıb. Övladının məktəbin əsməsi-yellənməsi haqda sözlərindən dəhşətə gələn valideyn səhər məktəbə gedib, məsələni yerindəcə araşdırıb. Görüb ki, məktəbin foyesində çox ciddi şəkildə əsmə-yellənmə, titrəyiş var. Şagirdlər foyedə toplaşıb bir qədər cəld hərəkətlər etdikdə əsmə-yellənmə, titrəyiş az qala zəlzələ təəssuratı, vahiməsi yaradır.
Bundan sonra valideyn məsələnin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün Naxçıvan Fövqəladə Hallar Nazirliyinə müraciət edib. Naxçıvan FHN-dən valideynə qısa müddət sonra narahatlığının əsaslı olması barədə məlumat verilib. Bildirilib ki, həqiqətən də Naxçıvan şəhərinin ən böyük - 1404 şagirdlik məktəbində durum fəlakətli dərəcədə təhlükəlidir, foyedəki konstruksiya qüsurları binada çox ciddi şəkildə əsmə-yellənməyə yol açır, təmir-bərpa, konstruksiyanın bərkitmə işlərinə ehtiyac var.
Problem barədə Naxçıvan rəhbərliyinə, məktəbin tikintisini aparan “Gəmiqaya”ya - həmin zaman artıq adını “Arkoz” kimi rebrendinq edən Holdinq rəhbərliyinə çatdırılıb. Tikinti zamanı yol verilən və ümumilikdə məktəbin istismarını məhdudlaşdırılmasına gətirib çıxaran uyğunsuzluqların aradan qaldırılması istənilib. Əks halda cinayətə bərabər hərəkətlər və hərəkətsizliklərlə bağlı prokurorluq orqanlarına müraciət ünvanlacağı bəyan olunub.
“Arkoz” sahibi Emin Uçar qısa müddətdə 14 saylı məktəbin konstruksiya-bərkitmə işlərini gerçəkləşdirmək üçün addımlar atıb. Məktəbin zirzəmisindən başlamaqla 1-2-3-cü mərtəbələrində dəmir konstruksiyalarla bərkitmə işləri aparılıb və məktəbin foyesindəki əsmə-yellənmə aradan qaldırılıb.
Həngamə də bundan sonra başlayıb.
Emin Uçar məktəbdə hələ 2007-ci ildə görməli olduğu işlərə görə Naxçıvan Təhsil Nazirliyinə 15 il sonra, 2023-cü ildə 180 min manatlıq hesab-faktura göndərib. Tələb edib ki, həmin vəsait onun “Arkoz”unun hesabına keçirilməlidir.
Eyni zamanda Emin Uçarın Holdinqi məktəbdə bərkitmə işlərinə cəlb etdiyi usta və fəhlələrin əmək haqqını da ödəməyib. Usta və fəhlələrə bildirilib ki, Təhsil Nazirliyi Holdinqə görülən işlərə görə vəsaiti ödəməyincə, onlar da öz növbələrində onlara gördükləri işlərə görə əmək haqqını ödəməyəcək.
Beləcə bir qrup usta və fəhlənin Naxçıvanın hakimiyyət orqanlarına qarşı narazılığına əsas yaranıb.
Naxçıvanda belə obyektlər az deyil və əməkdaşımız onlardan bir neçəsində olmaqla problemi yerində araşdırıb. Musavat.com-u izləməklə Naxçıvanda durumun kimlərin və necə gərginləşdirmələri ilə tanış ola
biləcəksiniz.