8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Sosial Xidmətlər Agentliyinin qazilərə xidmətdən imtinasının PA-ya aidliyi yoxdur?
“Umdum nə verdi ki, küsdüm nə verə?
Mən belə dünyanın nəyindən küsüm?” (Məmməd Araz)
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) 1-ci dərəcəli Qarabağ qazisi ailəsinə qarşı qərəzli ayrı-seçkiliyindən, burdan-bura Naxçıvan “Duzdağ” fizioterapiya mərkəzində ağır astmadan müalicəsinə belə qadağa qoymasından Prezident Administrasiyasının 1111 Çağrı Mərkəzinə şikayətə aldığım cavabdan hələ də sarsıntıdayam. Ali icra hakimiyyətinin aparatından müraciətin onlara aid olmadığı bildirildi, özbaşınalığı göz önünə gətirə bilirsiniz? Belə çıxır, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının işinə ali icra hakimiyyəti orqanı qarışa bilməz?! İcra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsub deyil? Bəs, axı Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsində belə yazılıb! Yoxsa, ƏƏSMN hakimiyyəti ələ keçirib, özbaşınalıqdan toxunulmazlıq hüququ əldə edib?
02.09.2022-ci il saat 9-30 radələrində 1111 çağrı mərkəzindən aldığım cavab ölkədə məmur özbaşınalığının başdan qaynaqlandığını deməyə əsas verir. Təsəvvür edin, operator məsləhətləşmədən sonra müraciətin Prezident Administrasiyasına aid olmadığını, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına müraciət etməyi məsləhət gördü! (?) Administrasiyanın, məsələn, humanitar məsələlər şöbəsi bəs nədən ötrüdür? Bir administrasiya ki Qarabağ qazisinin, Respublikadan kənarda müalicəsi bir yana, burdan-bura Naxçıvan “Duzdağ” fizioterapiya mərkəzində reabilitasiya müalicəsinin təşkil edilməsinin kimə aid olduğunu bilməyə, hansı sosial xidmətdən, müdafiədən danışmaq olar? Prezident 30.06.2020 tarixli 1077 saylı “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmanı ilə Sosial Xidmətlər Agentliyinin Nizamnaməsini təsdiq edib və sözügedən Nizamnamənin 1.3 maddəsində yazılıb ki, Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını , Nazirliyin normativ- hüquqi aktlarını, Azərbaycan Respublikası Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını rəhbər tutur. Göründüyü kimi, birinci rəhbər qanun Konstitusiyadır, di gəl, Sosial Xidmətlər Agentliyi nə Konstitusiyanı, nə qanunları, nə Prezident fərmanı ilə təsdiq edilmiş Nizamnamə ilə üzərinə qoyulan görəvi rəhbər tutur. Nizamnamənin 3.1.11 və 3.1.12 maddələrinə əsasən, ƏLİLLİYİ OLAN ŞƏXSLƏRİN REABİLİTASİYA müəssisələrində reabilitasiyası ilə bağlı tədbirlər görmək; qanunda və digər normativ – hüquqi aktlarda nəzərdə tutulmuş hallarda vətəndaşların sanatoriya-kurort putyovkaları ilə təmin edilməsini TƏŞKİL ETMƏK SXA-nın görəvidir. Ali icra hakimiyyətinin aparatı isə SXA-nın görəvindən qərəzli imtinasının PA-ya aidliyi olmadığını bildirir! Məhkəmə hakimiyyətinin həyata keçirilməsi görəvi daşıyan Bakı İnzibati Məhkəməsi (h. Nəriman
Abıyev, Rüstəm Kərimli) və Bakı Apellyasiya Məhkəməsi (sədrlik edən Həmid Həmidov) Prezidentin fərmanını saxtalaşdırmaqla iddianı mümkün saymayıb. Qalır qanunverici orqan, o da son çağlar cavab verməyə belə ərinir.
Dövlət faktiki olaraq vətəndaşın sağlamlığına, reabilitasiya hüququna qadağanı qanuni sayır. Belə dövlət, belə hüquq olar? Yoxsa, ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudovun mənzilləri rüşvətlə bölməsi , Qarabağ qazisinə qərəz qərarı Konstitusiyadan üstündür? Başqa nəsə fikirləşmək olmur.
Məsəl var, deyərlər, insanlar dəli olanda mollanın yanına gedər, bəs molla dəli olanda kimin yanına getsin? Prezident Administrasiyası adi bir xidmətin kimə aid olduğunu bilmirsə, Azərbaycan vətəndaşının, Qarabağ qazisinin çıxılmaz durumunu göz önünə gətirin. Kimə üz tutaq?
Naxçıvan “Duzdağ” fizioterapiya mərkəzindən də zənglə ƏƏSMN-i nişan veriblər. Əlillər barəsində ayrı-seçkiliyə son qoymağa borclu olan DÖVLƏT hakimiyyəti isə səlahiyyətlərinə aid olmadığını bildirir.
Allah sənə rəhmət eləsin, Məmməd Araz, mən belə dövlətin nəyindən küsüm?
Hurriyyet.az