8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ağstafa rayonunun Qiraq Kəsəmən kənd sakini, II qrup əlil Mustafazadə Ozal İlham oğlu Hurriyyet.az-a müraciət edərək bildirir ki, İcra Hakimiyyətinə dəfələrlə müraciət etsə də, ona torpaq sahəsi ayrılmır:
"Atam da, mən də qaziyəm. Bizə dolanışıq üçün torpaq vermirlər. 2021-ci ilin yayında torpaq verilməsi üçün müraciət etmişəm. Türkiyədə iki dəfə beyin əməliyyatı keçirtmişəm. Gözlərim görmə qabiliyyətini itirmişdi. Hazırda yavaş-yavaş görməyə başlayıram. Rayonun icra başçısı bir dəfə 1-ci əməliyyatdan sonra yanıma gəlib.
06.09.2022-ci il tarixində icra başçısının qəbulunda olmuşam. İcra başçısı icra nümayəndəsi Yaqub Əliyevə tapşırıq verdi ki, mənə 2 sot torpaq verilsin. Kənd icra nümayəndəsinin özünün tabeliyində 400 hektar torpaq var. Kəndin suvarı (əkin sahələrinə su verən) Əli Qocayevlə əlbir olub, yaxşı sahələri ələ keçiriblər. Yaqub müəllimin kombaynlarını da həmin şəxs istifadə edir. Qəşəng, bahalı maşınları var. Hər kəsə yuxardan aşağı baxır.
Yaqub müəllim mənə elə bir yerdən 1 sot torpaq verir ki, ora yayda quraqlıq (o ərazidə su olmur), qışda isə gölməçə olur. Belə bir torpağa nə əkmək olar? Necə yaşamalıyam mən? Aylardır Yaqub müəllim məni gözlədir. Verdiyi torpaq yararsız, şəraitsiz yerdə olduğu üçün götürmədim. Özüm boş bir sahədə torpaq gördüm, müraciət etdim, lakin öyrəndim ki, Yaqub müəllimindir.
Dəfələrlə 2 sot torpaq üçün həmin şəxsə müraciət edirəm. Axır elə yerə gəlib çatdı ki, o, məni təhqir etdi. Əlbəttə, mən də susmadım.
Sual verdi ki, mənə aid olan torpaq sahəsini niyə istəyirsən? Dedim, başqa heç yerdə əkin üçün əlverişli torpaq yoxdur".
Ozal Mustafazdə deyir ki, bir neçə dövlət orqanına müraciət etməsinə baxmayaraq, şikayəti əsassız qalıb: "Yenidən vəkilə getdim, Ədliyyə Nazirliyinə məktub göndərdik. Cavab gəldi. Məni Heydər müəllimin qəbuluna yönləndirdilər. Heydər müllim məni yaxşı qarşıladı, amma torpaq alıb verə bilmədi. Mən səsimi kimə, hara çatdırım? Heydər müəllimin də tapşırığı əsassız qaldı.
Yaqub Əliyev kəndin ən yaxşı torpaq sahələrini ələ keçirib, öz qohum-əqrabasına verib. Mənimlə bağlı tapşırıq verilsə də, şikayətim əsasız qalmaqda davam edir.
2-ci ağır beyin əməliyyatı keçirdikdən sonra atamla İcra Hakimiyyətinə getdim. Xahiş etdik ki, xəstəxanaya gedib-gəlməyim üçün maşın ayrılsın. Əlbəttə ki, bu istəyim də qəbul olunmadı. İcra başçısı mənə icra nümayəndəsi vasitəsilə 60 AZN yolpulu göndərmişdi. Əsəbləşdim, heç pulu götürmədim. Özümə təhqir hesab etdim".
Məsələ ilə bağlı Ağstafa rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışdıq. Çoxsaylı cəhdlərimizdən sonra özünü təqdim etməyən rəsmi şəxslərdən biri "araşdıracağıq" deyərək, telefonu söndürdü. Səhərisi gün mövzu ilə bağlı yenidən İcra Hakimiyyətinin mövqeyini dərc etməyə çalışdıq. Lakin bir nəfər tapılmadı ki, suallarımıza cavab verilsin, sanki İcra Hakimiyyətinin binasına “bomba düşüb”.
P.S. Ümüdvarıq ki, lazımi orqanlar bu məsələ ilə bağlı tədbir görəcəklər. Mövzunu davam etdirəcəyik.
Jalə FAMİLQIZI