"İş başında xəsarət alıb 30 gün komada qaldım, "SOCAR Petroleum" cəmi 500 manat yardım etdi" - GƏLİŞMƏ


“SOCAR Petroleum”un yanacaqdoldurma məntəqələrindən birində, iş başında qəza keçirən Abşeron rayonu Masazır qəsəbə sakini Rzazadə Sənan Məcid oğlu şirkət rəhbərliyinin ona kifayət qədər maddi və mənəvi yardım göstərməməsindən şikayətçidir.
DİA.AZ xəbər verir ki, o, bu barədə Yeniavaz.com-a müraciətində bildirib.
S.Rzazadə deyib ki, qəza hadisəsi 14 iyul 2022-ci ildə Xəzər rayonu, Qala yolayrıcında yerləşən “SOCAR Petroleum” yanacaq doldurma məntəqəsində olub. S.Rzazadənin sözlərinə görə, iş başında olarkən onu avtomobil vurub:
“İncikliyim var ki, şirkət mənimlə maraqlanmır. Nə maddi, nə də mənəvi mənim yanımda deyil. Təkcə qəza olan gün 500 manat yardım ediblər. Mən onların 7 illik işçisiyəm, bunu onlardan gözləyirəm. 25-30 gün komada olmuşam. Xəstəxanada olduğum müddətdə 600-700 maaş yerinə, 235 manat maaş vurulub”.
S.Rzazadə qeyd edib ki, səhhətində irəliləyiş olduqdan sonra “SOCAR Petroleum”da qəbulda da olub:
“Mən SOCAR-ın baş ofisinə getdim, mühafizənin rəisi, müavininin qəbulunda oldum, köməklik istədim. Mənə direktora vermək üçün məktub yazdırdılar, dedilər ki, 2 günə cavab verəcəklər, köməklik göstərəcəklər. Amma heç nə olmadı, üstündən 20 gün keçib, xəbər eləmədilər, nə köməklik etdiklərini deyirlər, nə də etmədiklərini. Xəstəxanaya 7500 manat borclu qalmışam, gözümdən əməliyyat olunmalıyam, 6000 manat onun puludur. Mən də pul tapa bilmirəm, şirkətdən bu məsələdə yardım istəyirəm. Bunlar heç olmasa, mənə köməklik etsinlər, gözümün əməliyyatını edim, işə qayıdanda maaşımdan tutsunlar, lap borca pul versinlər. Mən pul tapa bilmirəm, çarəsiz qalmışam”.
Şikayətçi bildirib ki, onu avtomobillə vuran şəxs də heç bir yardım göstərmir:
“Polislə danışmışam. Deyirlər ki, məhkəmə olacaq, gözlə. Müstəntiq də mənə düzgün cavab vermir. Elə bil ki, müstəntiq də onlardan pul alıb, onlara tərəf “işləyir”. Gör neçə aydır məhkəmə olmur ki, görək hakim nə qərar verir. Məni vuran adam mənimlə maraqlanmır, başqa nömrələrdən zəng vururam, blok edir”.
Məsələ ilə bağlı “SOCAR Petroleum”un rəsmisi Üzeyir Həbibbəyli Yeniavaz.com-a bildirib ki, S.Rzazadəyə yardım edilib:
“Sənan Rzazadənin avtoqəzası şirkətimiz tərəfindən diqqətə alınıb, ona dərhal maddi və digər lazımi yardımlar göstərilib. Hazırda ümumi vəziyyət nəzarətimizdədir. Qeyd edək ki, qəzanı törədən tərəf hadisədən boyun qaçırmayıb, hüquq mühafizə orqanlarının nəzarətinə götürülüb”.



Oxşar Xəbərlər

Xəbər lenti