8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Tofiq Alışov: "Oğluma şəhid statusu vermirlər, o zaman desinlər ki, övladım necə ölüb. O, özünə qəsd edə bilməzdi, çünki bunun üçün hər hansı əsas, səbəb yox idi"
"Oğlumun cənazəsini gətirən hərbçilər dedilər ki, oğlum özünə qəsd edib, lakin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan Rayon İdarəsi bununla bağlı mənə heç nə demədi"
Ötən gün "Hürriyyət"in redaksiyasına müraciət edən Zəngilan rayonu, Xəştab kənd sakini, ikinci qrup əlil Tofiq Musa oğlu Alışov yeganə övladı Musa Tofiq oğlu Alışovun hərbi xidmətdə olduğu müddətdə dünyasını dəyişdiyini və hadisənin üzərindən 3 aydan artıq vaxt keçməsinə baxmayaraq, hələ də ona oğlunun ölüm səbəbi ilə bağlı obyektiv məlumat verilmədiyini bildirib.
"Zabitləri oğlum haqqında müsbət fikirdə olub, onun barəsində xoş sözlər söyləyiblər, bir sözlə, oğlum ləyaqətlə xidmət edib"
Övladının 11 fevral 2003-cü il tarixdə dünyaya gəldiyini, 2021-ci ilin iyul ayında isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan Rayon İdarəsi tərəfindən həqiqi hərbi xidmətə çağırıldığını deyən şikayətçinin sözlərinə görə, oğlu nümunəvi xidmət göstərib, zabitlər onun haqqında daim müsbət fikirdə olublar: "Mən daim onunla əlaqə saxlayır, bir neçə dəfə yanında olmuşam. Hətta hər ay zəruri ehtiyacları belə, evdən göndərilib. Səhv etmirəmsə, sonuncu dəfə avqust ayının 16-sı, ya da 17-si oğluma baş çəkmiş, görüşüb söhbətləşmişik. Həmçinin, oğlumun zabitləri ilə görüşmüş, onun probleminin olub-olmaması ilə maraqlanmışam. Zabitləri oğlum haqqında müsbət fikirdə olub, onun barəsində xoş sözlər söyləyiblər. Bir sözlə, oğlum ləyaqətlə xidmət edib. Sentyabrın 10-da isə qardaşım oğlu onun yanına gedib. Qeyd edim ki, mən oğlumun yanına gedəndə o, Beyləqan rayonunda, daha dəqiq desəm, Bolsulu kəndində, qardaşım oğlu getdikdə isə Zəngilan rayonunun Cahangirbəyli kəndində olub. Bir gün sonra, yəni sentyabrın 11-də qardaşım oğlu oğlumun yanından qayıdıb və mənə onun haqqında ətraflı məlumat verib, hər şeyin qaydasında olduğunu, probleminin olmadığını bildirib. Lakin sentyabrın 12-si gündüz saatlarında oğluma 3 dəfə zəng etsəm də o, mənə cavab vermədi. Axşam təxminən, saat 7-8 arası olardı, özü mənə zəng etdi, danışdıq, hal-əhval tutdum. Oğlum "Ata, narahat olma, hər şey yaxşıdır, heç bir problemim yoxdur" dedi. Oğlumla sağollaşdıqdan bir neçə saat sonra, axşam 11-in yarısında həyat yoldaşım dedi ki, bir nəfər səninlə danışmaq istəyir. Həmin şəxslə əlaqə qurduqda "Musa Alışovun atası sənsən?", deyə sual verdi. Cavab verdim ki, bəli. Bu vaxt istər-istəməz həyəcanlandım və nə baş verdiyini soruşdum. Dedi ki, qorxulu bir şey yoxdur, oğlun yaralanıb".