“Yaxın zamanda faciə baş versə, təəccüblənməyin” - Fotolar


Çoxumuz qorxudan yata bilmirik. Binanın 1 əsr yaşı var. Tavanı yararsız vəziyyətə gəlib, döşəməsi hər an sökülə bilər”. 

Bu sözləri “Qafqazinfo”ya müraciətində Sabunçu qəsəbəsində "Stansiyanın yanı, 32" adlanan ünvanda yerləşən binanın bir qrup sakini deyir. Bir əsrlik tarixə malik binanın sakinləri həyatlarının təhlükə altında olduğunu bildirirlər. 

Onların sözlərinə görə, binada 23 ailə yaşayır və tikili həddindən artıq köhnədir: “Divarlarından heç danışılası deyil. Binada iri çatlar yaranıb. Tikilini ayaqüstə saxlayan taxtalar artıq çürüyüb. Güclü külək olanda binada silkələnməni adi gözlə görmək mümkündür. Yaxın zamanda böyük faciə baş versə, təəccüblənməyin. Qurumlar binaya dəfələrlə gəlib baxış keçirərək tikilinin qəzalı vəziyyətdə olması barədə rəy versələr də, binanın sökülməsi və ərazidən köçürülmə barədə heç bir cavab verilmir.

Sakinlər hərə öz yaşadığı mənzilin böyür-başına bir şey yamayır ki, qəzalı vəziyyətdə olan köhnə tikili çökməsin. Evi təmir etmək heç bir əhəmiyyət daşımır. Binanın qəzalı vəziyyətdə olduğu barədə ilk rəy hələ 1973-cü ildə verilib. İstismar müddəti 50 il əvvəl bitib”.

Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirildi ki, Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsi, ev 32 ünvanında yerləşən və 148 saylı Mənzil İstismar sahəsinin balansında olan 2 mərtəbəli, 23 mənzilli bina 1917-ci ildə inşa olunub: “Nəzərinizə çatdırırıq ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən qeyd olunan binaya vizual texniki baxış keçirilib, qəzalı vəziyyətdə olması haqqında 17.11.2015-ci il tarixli akt tərtib olunub. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının “Bakı şəhərində qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının inventarizasiya edilməsi və bu binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi” haqqında 25 aprel 2022-ci il tarixli 96 saylı Sərəncamına əsasən Rayon İcra Hakimiyyəti tərəfindən qeyd olunan binanın texniki göstəriciləri barədə məlumatlar Bakı Şəhər İcra Hakimiyyətinə təqdim olunub”.\

Məsələ ilə bağlı Başı Şəhər İcra Hakimiyyətindən bildirildi ki, həmin bina barəsində məlumatlar artıq aidiyyəti quruma göndərilib: “Qəbul olunan qərara əsasən, tədbirlər görüləcək”.

 







Oxşar Xəbərlər

Xəbər lenti