“Məşğulluq Mərkəzinin müdiri məni təhqir edir...” – ŞƏHİD ATASINDAN PREZİDENTƏ MÜRACİƏT


Etibar Bəkirov: “Mənim oğlum Vətən torpaqlarının azadlığı uğrunda döyüşən zaman Samir Nuriyev evində gizlənmişdi...”
 

Ucar rayonu, Bağırbəyli kənd sakini, şəhid atası Bəkirov Etibar Akif oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Həmin məktubu olduğu kimi dərc edirik:

“Bildirirəm ki, oğlum Təbriz Bəkirov Vətən müharibəsində şəhid olub. Təbriz ali təhsilli idi, 3 dil bilirdi. O, Bakda işləyib, ailənin dolanmasına yaxından köməklik göstərirdi.

Təbriz şəhid olandan sonra ailəmizin dolanışığı çox ağırlaşdı.

Oğlum Təbriz şəhid olandan az sonra Ucar rayon Məşğulluq Mərkəzi tərəfindən mənə iki baş inək verdilər. Lakin həmin inəklər xəstə olduğu üçün, qısa müddət sonra tələf oldular, bu barədə akt tərtib edildi. Hətta inəklər o dərəcədə zəif idilər ki, gətirən gündən yatıb ayağa dura bilmədilər. Odur ki, oğlumun yasına başım qarışdığı bir vaxtda tez-tələsik iki baş xəstə inəyi bizə verib aldadan vəzifəli şəxslərə ar olsun.

İnəklər öləndən sonra, mən və həyat yoldaşım işsiz kimi Məşğulluq Mərkəzində qeydiyyata alınmışıq. Sakini olduğum Bağırbəyli kəndində və ya Ucar şəhərində İşlə təmin olunmaq üçün Ucar rayon Məşğulluq Mərkəzinə müraciət etmişəm. Ancaq indiyə qədər işlə təmin olunmamışam. Buna baxmayaraq, bizdən sonra Ucar rayonu Kommunal Müəssisələri Kombinatına bir neçə şəxs işə qəbul olunub. Hansı ki, biz şəhid ailəsi olduğumuz üçün, mən növbədənkənar işə qəbul olunmalı idim. Prezident İlham Əliyevin xüsusi tapşırığı var ki, şəhid ailələri və qazilər ilk olaraq növbədənkənar işlə təmin olunmalıdırlar.

19 saylı Ərazi Məşğulluq Mərkəzinin müdiri Samir Nuriyevin qəbulunda olan zaman mənimlə çox kobud rəftar etdi. Dedi ki, vətəni qorumağa sənin oğlun getməli idi. Sənə iki baş inək verilib, qəbul etmisən, indi səni işlə təmin edə bilmərik.

Mən Samir Nuriyevin bu sözlərindən çox məyus olub, stress keçrdim. Onun haqqında eşitmişdim ki, insanlarla kobud rəftar edir. Bunun əyani şahidi oldum.

19 saylı Ərazi Məşğulluq Mərkəzinin müdiri Samir Nuriyev və Ucar rayon Məşğulluq Mərkəzi əlbir olub mənə qarşı qanunsuzluq ediblər. Nəticədə də süründürməçliyə məruz qalmışam.

Qeyd edim ki, qızım Pedaqoji Unversitetdə oxuyur. Onun Bakı şəhərində yaşadığı evin kirayə və yemək pulunu güclə ödəyirik. Çıxılmaz vəziyyətdə qalmışıq. Məşğulluq Mərkəzi tərəfindən mənə və tanıdığım bir neçə şəhid ailələrinə verilən inəklər xəstə olduğu üçün tez bir zamanda tələf oldular. Mənim oğlum Vətən torpaqlarının azadlığı uğrunda döyüşən zaman Samir Nuriyev evində gizlənmişdi. İndi isə məni ələ salıb təhqir edir.

Mətbuat vasitəsi ilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edib, çox-çox xahiş edirəm, şikayətimi obyektiv araşdırıb, mənim və həyat yoldaşımın işlə təmin olunmağımıza köməklik göstərəsiniz”.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.



Oxşar Xəbərlər

Xəbər lenti