“Başqa yolum qalmır, ya ölməliyəm, ya da…” – NAXÇIVAN FHN-nin SABİQ ƏMƏKDAŞI RƏHBƏRLİK HAQDA ŞOK FAKTLAR AÇIQLADI


Naxçıvan şəhər, Xok kənd sakini Səfərov Rəcəb Qoşnalı oğlu tərəfindən “Hürriyyət” qazetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, onu Naxçıvan MR Fövqəladə Hallar Nazirliyindən haqsız yerə işdən çıxarıblar:

“Mən, Səfərov Rəcəb Qoşnalı oğlu, Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan bir neçə vəzifəli şəxslər tərəfindən oyuna salınmışam. Murad Cabbarov adlı şəxslə ailəvi münasibətlərimiz olduğuna, ən çox da məcbur edildiyimə görə “Fövqəladə Hallar”da işlə təmin olunmaq istəyən şəxslərdən 10-15 min manat pul alıb Murad Cabbarova verirdim. O deyirdi ki, sənə də “hörmət” edəcəyəm.

Hər dəfə pul verib işə düzəlmək istəyənlərin əksəriyyəti problemsiz işlə təmin olunmuşlar. Axırıncı dəfə isə, əksinə oldu, işə düzəltmək adı ilə 10 nəfərdən işlə təmin edə və onlardan aldığım pulları geri qaytara bilmədim. Beləliklə, pul verən şəxslər məni tanıdıqlarına görə, hamısı mənim üstümə gəlir, pullarını istəyirdilər. Dəfələrlə bu haqda Murad Cabbarova məlumat verdim. Amma o, heç nə etmirdi, pulları qaytarmaq fikri yox idi.

10 nəfərdən 5-i işlə təmin olundu, qalan 5-isə  yox.

Murad Cabbarovun soyuqqanlı davranışı məni qorxuya salırdı.  2022-ci ilin oktyabr ayında qərar verdim və Şamı Abdullayevin qəbuluna getdim. Şamı Abdullayev mənə dedi ki, heç yerə gedib şikayət eləmə, sakit ol, həll edərik. Bu zaman mənə aydın oldu ki, Murad Cabbarov məhz Şamı Abdullayevlə iş görürmüş.

Gözləməkdən fayda gəlmirdi, şikayətçilər pullarını istəyir, məni şikayət edəcəklərini deyirdilər. Amma onlardan qabaq mən özüm gedib nazirliyə şikayət etmişəm. Daha sonra prokurorluğa müraciət etdim, 6-7 ay istintaq getdi, dəfələrlə eyni izahatı verdim. Və son izahat zamanlar mənə prokurorluqdan bildirdilər ki, sənə 12 il iş düşür, əgər işinin azalmasını istəyirsənsə, bu işi tək törətdiyini boynuna al, işin aşağı salınsın. Dedilər ki, heç kəsin adını çəkmə, tək etdiyini bildir, səni şərti işlə azadlığa buraxaq.

Həmin vaxtı razı olmadım, amma sonradan əlacsız qalıb razılaşdım. Mənə dedilər ki, sənin ailə vəziyyətin də nəzərə alınacaq. Razılaşdım, boynuma aldım. Məhkəmədə hakim 5 il iş deyəndə başa düşdüm ki, məni aldadıblar. Üstəlik, mənə deyilən maddəni də vermədilər.

Beləliklə, 4 il 6 ay həbs cəzası verildi. Ondan sonra yoldaşım hər yerə şikayət etdi. Amma təəssüflər olsun ki, şikayətə baxılmadı. Naxçıvan MR Ali Məclisinə də şikayət etdik. Atadan qalma kənddə bir evim var idi, dövlət onu 20 min manata satdırdı və pullarını aldığım insanlara verdi. Bu işdə bir manat gəlirim olmamışdı, amma mən 20 min manat borc qaytardım. İlk mən şikayət etmişəm, amma zərərçəkən də mən olmuşam.

Hələ də 50-55 min manat borcum qalıb. Axı mən “yemədiyim” pulları necə ödəyim?! Üstümdə icbari iş var, heç bir idarə bu səbəbdən məni işlə təmin etmir. Zərərçəkənlər məni hədələyir, şikayət edəcəklərini qeyd edirlər. Bu iş Murad Cabbarov və Şamı Abdullayev tərəfindən mənim boynuma yıxıldı. Qardaşım, yoldaşım lazımi orqanlara müraciət etsələr də, şikayətə baxılmır. Hər kəs deyir ki, prokurorluq bu işə son verib. Mənim başqa yolum qalmır artıq, ya ölməliyəm, ya da həbsə girməliyəm. Pulum yoxdur ki, insanların pullarını qaytarım.  Ailəmə baxa bilmirəm, uşaqlarımın qarşısında aciz qalmışam. Murad Cabbarova pul verdiyim otaqda kameralar olub, heç bir görüntünü çıxartmadılar ortaya. Hərbi prokuror qeyd edir ki, kameralarda heç bir görüntü yoxdur. Bəs görüntü yoxdursa, kamera niyə var?!

Bakıda Fövqəladə Hallar Nazirliyinə şikayət etdim. Mənə dedilər ki, bizim Naxçıvana gücümüz çatmır. Fövqəladə Nazirliyinin müavininə belə bir sual verdim ki, əgər siz baş idarəsinizsə, baş bədəni idarə edə bilmirsə, bəs sizin varlığınızın səbəbi nədir?

3 övladım var, yoldaşım psixi xəstədir, gəlir yerim yoxdur. Onlar deyən kimi, əgər bu pulları mən mənimsəmişəmsə evim, maşınım olardı, heç nəyim yoxdur. Atadan qalma evim var idi , onu da dövlət satdırdı, borca verdi.

Yoldaşım Naxçıvan Respublikası psixoloji dispanserdə qeydiyyatdadır. Oğlum asma braonxit xəstəsidir. Araşdırılma aparılsa bütün həqiqətlər ortaya çıxar. Yaxşı işçi kimi hər zaman fərqlənmişəm.

Naxçıvanda belə bir qanun var: “Günahkarı axtarmırlar, günahkarı təyin edirlər”. 6 ay istintaq davam etdi ki, mən o çətinliklərə dözə bilməyim və boynuma alım, belə də oldu. Hərbi prokurorluq da qeyd etdi ki, işimə davam edə bilərəm. Amma komandir məni ora yaxın qoymurdu. Hətta borc alıb əraziyə 800 AZN-ə çən almışdım, onun belə borcu hələ qalır.

Bir sözlə, sübutsuz hər cür şər-böhtana məruz qalmışam. Şamı Abdullayev nazir olan dövrdə tabeçiliyində olan mülki müdafiə alayında iki əsgər özünə qəsd etmişdir. Biri özünü asmış, digəri isə özünü qatarın altına atmışdır. Bu hadisələr haqqında nazir kimi ona heç bir cəza verilmədi, əksinə yüksək rütbə verildi.

Həmişə tədbirlərdə Vasif Talıbov Şamı Abdullayevi nümunə göstərək, “mənim ən sədaqətli nazirim” deyirdi. Vasif Talıbovun arxasında durduğu insana heç kəs heç nə edə bilməzdi. Bu işdə də Murad Cabbarov Şamı Abdullayevə, Şamı Abdullayev isə Vasif Talıbova arxalanıb bu qədər pulu mənim boynumda qoydular.

Şamı Abdullayevin çirkli əməllərindən biri də dövlət tərəfindən ölkə xaricinə (Ukrayna və Belarusiya ) təhsil üçün göndərilən işçilərə ayrılan 4 il müddətində 50 min manat məbləği Murad Cabbarovla birlikdə mənimsəməsidir.

Hər il idarələrin təmiri üçün işçilərdən pullar yığılır. Dövlət tərəfindən ayrılan məbləğ mənimsənilir. Mülki Müdafiə alayına ayrılmış dərman vasitələrini almırlar. Qış aylarında istiliyi 4 saatdan artıq yandırmaq qadağan edilir, soyuqda işlərinə davam edirlər.

Sizin redaksiyadan xahişim odur ki, bu məsələni işıqlandırasınız, bəlkə bu məsələyə də aydınlıq gətirələr”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.



Oxşar Xəbərlər

Xəbər lenti