“EVİMİZİN PULUNU YEYİB, BİZİ EVSİZ QOYDULAR” - “İcra başçısı anama dedi ki, səsinizi çıxarsanız polisə deyəcəm, sizi aparıb çaya töksün”


Naxçıvan şəhəri, Ordubad rayonu, Parağa kənd sakini Qasımov Heydər Əbülfəz oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, onları aldadaraq evlərini söküblər:

“Mən, Qasımov Heydər Əbülfəz oğlu, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Parağa kəndində qeydiyyatdayam. Biz 1989-cu ildən bu günə kimi ailəliklə Ordubad rayonu, Parağa kəndində qeydiyyatda olmuşuq. Bizim Parağa kəndində sahəsi 720 m² olan evimiz olub və orada yaşamışıq.

2003-cü ildə Ordubad rayonunun icra başçısı Elşad Məmmədovun və Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun qərarı ilə evimiz rəsmiləşdirildi. Evimizin hər kvadratına görə dövlət tərəfindən vəsait ayrılacağını bildirib, evimizi sökdülər. Həmin vaxt Parağa kənd icra nümayəndəsi Surxay Hüseynov adlı məmur idi. O, icra başçısının tapşırıqlarını bizə çatdıraraq, qeyd etdi ki, tez bir zamanda evinizin pulu sizə veriləcək.

Anam, mən, atam və xalam oğlu dəfələrlə evin pulu üçün müraciət etmişik. Bizim evin pulunu yeyiblər, bizi də evsiz qoyublar. Evimizin sahəsi 720 m², bağçamızın sahəsi 60 m², tövləmiz  40 m² və 12 m² də təndirimiz olub. Evin sənədləşməsində bizə kömək etdilər ki, onlara inanaq və evimizin sökülməsinə icazə verək. Dövlətin bizə ayırdığı pulu da mənimsədilər.

Valideyinlərim ən çox Ordubad rayonunun keçmiş icra başçısı Elşad Məmmədovun qəbulunda olublar. Hər dəfə eyni bəhanələrlə aldadıb, onları yola salıblar. Hətta hədə-qorxu da gələrək, təhdid ediblər. Elşad Məmmədov anama deyib ki, “səsinizi çıxarsanız polisə deyəcəm, sizi aparıb çaya töksün, ağıllı olun, oturun yerinizdə. Biz nə vaxt məsləhət bilsək onda da evinizin pulu veriləcəkdir”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Bu, bir iddiadır. İddianın nə qədər doğru və yalnış olduğunu biz deyə bilmərik. Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Onu da xatırladaq ki, Elşad Məmmədov haqqında redaksiyamıza buna oxşar çox sayda şikayət gəlib.



Oxşar Xəbərlər

Xəbər lenti