“Azərişıq” qazini işıqsız qoydu: - ““Görüm-baxım”ından sonra etmək mümkündür.


“Qardaşım Qarabağ qazisidir. Oğlu da 44 günlük müharibə iştirakçısı. Ata evimizdə qalırlar. "Azərişıq" bir müddətdir kənddə (Masallı rayonu, Güllütəpə kəndi) işıq dirəkləri və naqilləri, habelə sayğacları yeniləyir. Gəlib, çatıblar bizim qapıya. Deyiblər ki, sayğac darvazanın yanında qoyulacaq. Darvazadan evə qədər isə 60 metr məsafə var. Həmin məsafədə elektrik xəttinin çəkilməsi üçün mütləq elektrik dirəyi quraşdırılmalıdır. "Azərişıq" ASC-nin əməkdaşları deyib ki, sayğacdan evə qədər olan elektrik xəttini vətəndaş özü çəkməlidir. Bunu da onlara verilən təlimatla əsaslandırıblar. İndi vətəndaş nə etməlidir? Standarta uyğun elektrik dirəyi quraşdırmaq üçün mütləq onu almalıdır. Bu dirəklərin təxmini qiyməti 150-200 manat təşkil edir. Sayğacdan evə qoşa xəttin çəkilməsi üçün lazım olan naqilin bir metrinin qiyməti isə 1.5 manatdır. Yəni, vətəndaş evə xətt çəkdirmək üçün ən azı 120 metr naqil almalıdır ki, bu da 180 manat edir. Yəni, toplam 380 manat xərc çəkilməlidir. "Azərişıq" ASC-nin əməkdaşları deyir ki, sayğacdan evə  nə xətt çəkə bilərlər, nə də dirək qoymaq ixtiyarları var. Bunu yalnız vətəndaşın “görüm-baxım”ından sonra etmək mümkündür ki, bu da azı 50-100 manat deməkdir. İndi ayda 80 manat təqaüd alan Qarabağ Qazisi olan qardaşım mənə sual verir ki, nə etsin, necə etsin. Ev-eşik də qaranlıqda qalıb. Çünki xətt və elektrik yoxdur”.

Hurriyyet.az-ın xəbərinə görə, bunu jurnalist Fikrət Fərəməzoğlu bildirib.

“İndiyə qədər sayğaclar evlərin divarına quraşdırılırdı. "Azərişıq" ASC-nin işçiləri də həyətə gəlib, sayğacı yoxlayıb, aylıq sərfiyyatı yazmaqla kifayətlənirdilər. Nə əlavə xəttə, nə də dirəyə ehtiyac vardı. Bu nə hoqqadırsa, "Azərişıq" ASC yeni tapıb və pul qazanmağın yeni yolu sayılmalıdır. Mən də sual verirəm: Ay "Azərişıq", ayda 80 manat müavinət alan Qarabağ Qazisi 480 manat pulu haradan tapsın? Sayğacları həyətə giriş hissədə quraşdırmaq nəyin hoqqasıdır? Niyə vətəndaşlara qan uddurursuz? Niyə insanları narazı salırsız? Vətəndaşın cibinə girmək nə deməkdir?”, - o qeyd edib.



Oxşar Xəbərlər

Xəbər lenti