8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ataş Şahbazov: "Məmməd Səmədov qışqıra-qışqıra "Alə bambılı, sənə 200 verirdi alardın, gedərdin. Mən 500 manat pul almışam o qaqaşdan, əcəb də etmişəm. İmkan verən deyiləm ki, sənin xeyrinə qərar çıxsın" dedi"
"Müvafiq qurumlardan xahiş edirəm ki, polis mayoru Lətif Həsənovun otağında polis kapitanı Məmməd Səmədov tərəfindən təhqir olunmağımı nəzərə alıb, hadisənin obyektiv araşdırılması və təqsirkar şəxslər barəsində ciddi tədbir görülməsi təmin edilsin"
Bugünlərdə Hurriyyet.az-a müraciət edən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 74, mənzil 77 ünvanında yaşayan Ataş Eldar oğlu Şahbazov Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin qanunsuz hərəkətləri nəticəsində barəsində tərtib olunmuş protokolda yol nəqliyyat hadisəsinin düzgün təsvir və tərtib edilmədiyini bildirib.
Belə ki, 17.12.2022-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi "Mercedes-Benz Sprinter" markalı 99-FT-994 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Bakı şəhəri, 20 Yanvar dairəsindən Alı Mustafayev küçəsi istiqamətində hərəkətdə olarkən yol nəqliyyat hadisəsinin baş verdiyini deyən Ataş Şahbazovun sözlərinə görə, "BMW" markalı 99-HF-667 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü kobud şəkildə qayda pozuntusuna yol verərək, manevr qaydasını pozub və nəticədə onun avtomobilini vurub: "Bu zaman maşınıma maddi ziyan dəyib. Qeyd edim ki, tərəfimdən hadisə yerinə çağırılan YPX əməkdaşları ilkin hadisə yerinə baxış zamanı qəzanın "BMW" markalı 99-HF-667 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün təqsiri ucbatından olmasını bildiriblər. Bundan başqa, həmin avtomobili idarə edən şəxsin ETİBARNAMƏSİ və SÜRÜCÜLÜK HÜQUQUNUN OLMAYIB. Lakin buna baxmayaraq, həmin şəxs qanunun tələblərini kobud şəkildə pozaraq hüququ olmadan avtomobili idarə edərək özünün və digərlərinin həyatı üçün təhlükə yaradaraq qəza edib".
Şikayətçi iddia edir ki, 18.12.2022-ci il tarixdə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə getdiyi zaman, qəzaya səbəb olan sürücü ona yaxınlaşaraq, 200 manat təklif edib və bunun qarşılığında qəzanın onun təqsiri ucbatından olması barədə 16-cı otaqda ərizə yazmasını istəyib: "Mən həmin şəxslə razılaşmadıqda o, polislə danışıb məcbur məni təqsirli çıxartdıracağını bildirdi. Həmin şəxsdən ayrılıb 16-cı otağa yaxınlaşdım. Şəxsiyyətimi dəqiqləşdirdikdən sonra çox etinasız olaraq törədilmiş qəzada zərərçəkməyimə, qarşı tərəfin sürücülük hüququ olmadan avtomobili idarə etməsinə baxmayaraq, hadisə üzrə mənim təqsirli olduğumu dedilər. Mən polis kapitanına onun bu qərarı ilə razı olmadığımı bildirdim. O isə "Qərarı mən verirəm, belə deyirəm, belə də olacaq. Özünü yorma, hara şikayət etsən onsuz da axırı bu stolun üstünə gələcək" deyərək, əlini stolun üzərinə vurdu. Onunla söhbət etməyin artıq mənasız olduğunu anlayıb sakitcə otaqdan çıxdım. 20.12.2022-ci il tarixdə təkrar Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinə getdim və yenidən 16-cı otaqdan inzibatı qərarı aldım. Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşının qərəzli mövqeyindən sonra əldə etdiyim TP5461933 saylı inzibati qərardan aidiyyatı üzrə ilkin olaraq DİN-ə, daha sonra isə məhkəməyə müraciət etdim".
Daxili İşlər Nazirliyinə etdiyi şikayət üzrə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində polis mayoru Lətif Həsənovun qəbulunda olduğunu vurğulayan Ataş Şahbazov qeyd edib ki, bunun da heç bir faydası olmayıb: "Tələbləri üzrə 20.01.2023-cü il tarixdə idarəyə yaxınlaşdım. Polis mayoru Lətif Həsənov çox mədəni şəkildə məni dinləyib izahatımı alandan sonra iş üzrə inzibati qərar qəbul etmiş polis kapitanı Məmməd Səmədovu otağına çağırdı. Otağa gələn polis kapitanı məni görüb yenə təhqirlər edərək, qarşımda olan izahatı götürüb çırpdı. Polis kapitanı çiynində olan 4 ulduza o qədər arxayındır ki, mənim üzümə qışqıra-qışqıra "Alə bambılı, sənə 200 verirdi alardın, gedərdin. Mən 500 manat pul almışam o qaqaşdan, əcəb də etmişəm. Sən göyə də çıxsan, yerə də girsən, imkan verən deyiləm ki, sənin xeyrinə qərar çıxsın" dedi. Məmməd Səmədovun bu davranışının qarşısında çaş-baş qalan polis mayoru Lətif Həsənov məni otaqdan çıxartdı. Otaqdan çıxan kimi DİN-nin 102 xidmətinə zəng edərək, yaranmış insidentlə bağlı məlumat verib öz şikayətimi bildirdim".
Şikayətçi onu da əlavə edib ki, Nəsimi Rayon Məhkəməsində işə baxan hakim Babək Əkbər oğlu Pənahov onu dinləyib, işdə olan sübutlara qiymət vermək əvəzinə tez-tələsik qərar qəbul edərək Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin məhkəməyə gəlməsini təmin etməyib: "Hakim həmçinin, barəmdə çıxarılmış 17.02.2022-ci il tarixli TP 5461933 saylı inzibati protokolu ləğv edərək işə baxılması üçün yenidən həmin quruma göndərib. Lakin bunun da heç bir faydası olmayıb və indiyədək baş vermiş yol nəqliyyat hadisəsi düzgün araşdırılmayıb, mənə dəymiş ziyan ödənilməyib. Odur ki, Hurriyyet.az vasitəsi ilə müvafiq qurumlara müraciət edərək, hüquqları pozulan bir vətəndaş olaraq xahiş edirəm ki, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində polis mayoru Lətif Həsənovun otağında polis kapitanı Məmməd Səmədov tərəfindən təhqir olunmağımı nəzərə alıb, hadisənin obyektiv araşdırılması və təqsirkar şəxslər barəsində ciddi tədbir görülməsi təmin edilsin".
Hurriyyet.az