"Bir oğlumu şəhid verdim, birini də həkim öldürdü" - "Leyla klinikası" və cərrahdan şikayət


Mikayıl Kazımov şəhid atasıdır. Oğlu Kamal I Qarabağ müharibəsində şəhid olub. O, digər övladı Vüsal Kazımovun isə həkim səhlənkarlığının qurbanı olmasından şikayətçidir.

Mikayıl Kazımov Bakupost.az-a açıqlamasında bildirib ki, kiçik oğlu, 41 yaşlı Vüsal Kazımov bu ilin yanvarında qəfildən qarında köp və güclü ağrı hiss edib, vəziyyəti pisləşib. Ailə onu professor Kənan Yusifzadənin yanına - Leyla Medical Center-ə aparıb və vəziyyət pisləşdiyindən reanimasiyaya yerləşdirib. Müayinədən sonra xəstəyə bağırsaq burulması və keçməzliyi diaqnozu qoyulub.

Mikayıl Kazımovun sözlərinə görə, həkim diqqətsizliyi və səhvi ucbatından oğlunun başına dəhşətli hadisələr gəlib.

Leyla Medical Center-dən və həkimdən şikayətçi olan müsahibimiz bildirib ki, övladı 2 dəfə əməliyyat olunub və bundan sonra vəziyyəti daha da pisləşib:

“Birinci dəfə reanimasiyada saxlanıb, bağırsağı əməliyyatsız açdılar. Güclü antibiotiklər təyin olundu. Həkim dedi ki, 3 həftədən sonra gələrsiz, əməliyyat edərik. Düz 1 ay sonra yenidən bağırsaqda ağrı oldu və fevralda əməliyyat baş tutdu.

Burulan bağırsaq hissəsi kəsibilib götürüldü. Bilirsiz ki, bu əməliyyatlar zamanı xəstə günlərlə ac saxlanılır, ona sistemlər qoşulur güclü antibiotiklər vurulur. Eləcə də bağırsağın ucu qarından çölə çıxarılır.

Evdə də antibiotik müalicəsi getdi. Həkim dedi ki, ikinci əməiyyat olunacaq və bağırsaq yerinə salınacaq. 2 ay sonra yenə apardıq. Bu müddət ərzində Vüsal çox zəiflədi. Yemək yemədi, yeyəndə də hamısını qaytardı. Həkimə dəfələrlə məlumat verdim. Dedim, bəlkə başqa müalicə lazımdır? Birinci dəfə xəstəxanaya gedəndə tam sağlam uşaq idi, heç nəyi yoxdu. Gücü yerindəydi. Həkim dedi ki, heç nəyə ehtiyac yoxdur, gözləyək, ikinci əməliyyatdan sonra düzələcək".

Mikayıl Kazımov bildirib ki, 2 ay sonra oğlunu yenidən həkimə aparıblar, bağırsağı yerinə salınıb, stomanın birləşdirilməsi əməliyyatı icra olunub:

"Uşaq orda yenə sıyıqların ümidinə qaldı. Antibiotiklər qəbul etdi. Sonra evə buraxıldı. Ona daha 7 gün antibiotik vurulmalıydı. Evə gələndə artıq çox zəif idi, arıqlamışdı. Heyi yox idi. Biz elə bildik ki, düzələr, ağır əməliyyatdan çıxıb. Həkimi evə nə yazmışdısa hamısını etdik - yemək, sistem, qulluq. 1 ay sonra halı birdən pisləşdi. Barmaqları göyərib gömgöy oldu. Təcili yardım çağırdıq. Həmin an həkimini yığdıq, təcili yardımın həkimi onunla danışdı. Kənan Yusifzadə dedi ki, mən o xəstə ilə işimi bitirmişəm, mənlik bir şey yoxdur,istirahət edirəm.

Çox dirəşdim, dedim, bizə yardım et, bu sizin xəstəniz olub. Dedi 2-3 gündən sonra gətirərsiz, baxarıq. Amma bir neçə saata uşaq dünyasını dəyişdi".

Mikayıl Kazımov deyib ki, həmin gecə Xətai rayon prokurorluğuna şikayət ediblər:

"Cənazəni apardıq morqa, tibbi ekspertiza oldu, ekspertiza cavabının 30 günə çıxacağınıdedilər. O vaxtdan 2 ay keçib, hələ də cavab yoxdur. Sonuncu dəfə bu ay prokurorluğa getdik, yenə söz verdilər ki, şikayətə baxılacaq. Amma mənə çatan məlumata görə, həkimi çağırıb lazım olan məbləği alıb, ekspertiza rəyini başqa cür yazıblar. Bilmirəm. Faktiki, mənə cavab vermirlər".

Şikaytətçi deyir ki, Vüsal dünyasını dəyişəndən həm Azərbaycan, həm də Türkiyə həkimlərinə yazıblar:

"Onlara şəkilər, video və digər sənədləri göndərdik ki, uşağın niyə öldüyünün səbəbini tapsınlar. Hamısı yekdilliklə dedi ki, belə zəif, arıq xəstə ikinci əməliyyata salmamalıydı.

Dövlət xəstəxanasında 800 manatlıq əməliyyatı Leyla Medical Center-dəa 3-5 minə edirlər. 3 əməliyyata 15 min pul ödəmişəm. "Professordur, özəl klinikadır, yaxşı olar" deyib getmişəm. Belə bir klinikada, belə bir professorun yanlış addım atması, xəstənin halı ilə maraqlanmaması hansı qanuna sığır? Onun dediyindən belə çıxdı ki, pulumu aldım, əməliyyatı elədim, vəssalam, mən sizi tanımıram. 1 həftə sonra tikişini sökməyə aparmışdım, həkim 1 dəfə soruşmadı ki, vəziyyəti neücədir? Deyir, növbə tut, niyə gəlmisən? Laqeydlik, soyuqqanlılıq, həkim adına yaraşmayan hərəkətlər. Mənin övladım niyə dünyasını dəyişdi, indi gəlsin, cavab versin".

Şikayətçi əlavə edib ki, övladının zəif orqanizmnii gücdən salıb, sonra əməliyyat etmək birbaşa klinika rəhbərliyi və həkimin günahıdır:

"Ekspertizanın rəyi də gecikirsə, deməli, ordakı həkimlər də məsələni ört-basdır edəcək. Bir oğlumu şəhid verdim, birini də həkimlər öldürdü. Mən aidiyyatı qurumlardan, Baş Prokurorluqdan oğlumun ölümünün səbəbini obyektiv aparmağı, səhlənkarlığa yol verən klinika və cərrahı cəzalandırmağı tələb edirəm".



Oxşar Xəbərlər

Xəbər lenti