“SƏFİRLİKDƏKİ HADİSƏNİN OXŞARINI TÖRƏTMƏYİMİ İSTƏYİRLƏR!” – 4 uşağı İrana qaçırılan ata Azərbaycan dövlətindən təcili kömək istədi


Azərbaycan vətəndaşı Azər Ağayev İranda həbs və hətta sui-qəsd təhlükəsi ilə qarşı-qarşıyadır. O, həyat yoldaşı tərəfindən saxta sənədlərlə İrana qaçırılmış 4 azyaşlı övladını tapmaq və geri qaytarmaq üçün İrandadır.

A.Ağayevin yaxınlarının verdikləri məlumata görə, bu dəhşətli hadisə 2022-ci ildə baş verib. Belə ki, A.Ağayevin həyat yoldaşı Xalidə Mehbalıyeva 19 sentyabr 2022-ci ildə saxta sənədlərdən istifadə etməklə, 4 övladı ilə birlikdə Bakı Hava Limanından Tehrana uçub. Övladların ikisi qız, ikisi isə oğlandır. Böyüyünün həmin vaxt 15 yaşı olub.

Bildirilir ki, X.Mehbalıyevanı belə dəhşətli əmələ təhrik edən özündən 10 yaş kiçik olan Cəfər Babayev olub. C.Babayevin İranla şübhəli əlaqələri var, o, tez-tez İranda olur. Hazırda isə hətta deyilənə görə Azərbaycanın dövlət orqanlarının axtarışındadır.

5 uşaq anası (Uşaqlardan böyüyü Bakıdadır-red.) X.Mehbalıyevanın C.Babayevlə münasibəti olub. O, İrana qaçmazdan az əvvəl həyat yoldaşı ilə narazılıq yaradaraq anasının evinə gedib. C.Babayev isə onu inandırıb ki, rahat yaşamaq istəyirlərsə, ən yaxşısı İrana qaçmaqdır. Qadın bununla razılaşıb, atanın icazəsi olmadan azyaşlı uşaqları ölkədən çıxarmaq üçün saxta sənədlər əldə edəndən sonra niyyətini həyata keçirib.

Mənbə bildirir ki, A.Ağayev bundan xəbər tutan kimi uşaqlarının arxasınca İrana gedib. Lakin qadın telefon danışığında həyat yoldaşına gah deyir Məşhəddədir, gah deyir Təbrizdədir, gah da bildirir ki, Qumdadır. Sonda isə and-aman edir ki, artıq onlar İsveçrədədirlər. A.Ağayev də çarəsizlikdən buna inanır, kor-peşman Bakıya qayıdır. Daha sonra bir daha İrana gedir, artıq telefon nömrələrini dəyişmiş həyat yoldaşı və uşaqlarını 25 gün axtardıqdan sonra nəticə əldə etməyərək yenə Bakıya dönür. A.Ağayevin sonrakı cəhdi də nəticəsiz qalır. Amma bu dəfə o öyrənir ki, həyat yoldaşı siyqə kəsdiqərək, C.Babayevlə birlikdə yaşayır.

A.Ağayev 2 aydan artıqdır ki, övladlarını İran dövlətindən tələb etmək üçün İrandadır. O, İranın dövlət orqanlarına yüzlərlə məktub yazaraq, övladlarının İranda yaşamasına və təhsil almasına razı olmadğını bildirir, onları geri tələb edir. Lakin, mənbənin bildirdiyinə görə, hansısa qüdrətli qüvvə onun keçmiş həyat yoldaşını müdafiə etdiyindən müraciətləri nəticəsiz qalır. Hazırda isə onun həyatı təhlükə qarşısındadır. Belə ki, nömrəsiz motosiklet davamlı olaraq onu izləyir.

O da bildirilir ki, Xalidə Mehbalıyevanı yoldan çıxaran Cəfər Babayev SEPAH-a tabe “Camaatul Mustafa” ideologiya mərkəzinə bağlı adamdır, ona görə də həmin mərkəz tərəfindən müqdafiə olunur.

Qeyd edək ki, övladlarını geri qaytarmaq üçün hazırda İranda olan Azər Ağayevin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova təcili müraciəti də saytımıza təqdim olunub. “Cox hörmətli nazir, Sizi İran İslam Respublikasından narahat edirem. Həyatım təhlükə qarşısındadır. Xahiş edirəm mənə kömək edin”, deyə o, müraciətinə başlayır.

Neçə aylardır balalarımı İran dövlətindən tələb edirəm. Döymədiyim qapı qalmayıb. İran dövləti onları vermək istəmir. Xalidə Mehbalıyeva usaqları məndən gizlin 2 il bundan öncə İrana qaçırıb. O, Cəfər Babayevə qoşulub qaçıb, İranda isə bunları müdafiə edirlər. Xahiş edirəm Azərbaycan dövləti kimi mənə təcili kömək edəsiniz. Arxamca motosikletlə adam saldırıblar. Məni vurdurmaq istəyirlər.

İran dövləti məni qətl törətməyə də təhrik edir. Eynilə Azərbaycan səfirliyində olan hadisənin oxşarını törətməyimi istəyirlər. Bundan sonra desinlər ki, sizin vətəndaşınız da İranda eyni hadisəni törətdi. Xahiş edirəm təcili mənə kömək edin, 4 azyaşlı balamı Azərbaycana qaytaraq”, - A.Ağayev nazirə müraciətinə yazır.

Məsələni nəzarətdə saxlayacağıq.

Azpolitika.info



Oxşar Xəbərlər

Xəbər lenti