8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Harınlamış məmurların “ötür-ötür” oyununa məruz qalmış qazinin anası 18 ildir haqq-ədalət axtarışındadır
DƏDRX-nin 11 saylı Şəmkir Rayonu Ərazi İdarəsinin rəhbərliyi problemli əmlak bölgüsünü özləri həll edir, məhkəmə yox
Öncə dəyərli oxucuların nəzərinə çatdıraq ki, VI əsrə aid Yustinan Kodeksində istifadə edilən bir anlayış var - ədalət anlayışı. Bu anlayış orada belə təqdim olunur: “Ədalət - daimi və dayanıqlı olaraq hər kəsin haqqını tələb etmək, hər kəsin haqqını almaq istəyidir”.
Bizim üçün doğmaya çevrilmiş, ictimai, fəlsəfi və hüquqi anlam daşıyan “Ədalət mülkün təməlidir” devizi də var. Və heç də təsadüfi deyil ki, bütün üstün cəmiyyətlərdə, ələxüsus da qardaş Türkiyədə dövlət atributları müqəddəs hesab olunur.
Çox təəssüflər olsun ki, bizim ölkəmizdə isə harınlamış məmurlar tərəfindən ədalətsizliyə məruz qoyulan, haqqı, hüququ tapdalanan insanlar çoxdur. Onlardan biri də 44 günlük Zəfər Savaşının qazisi, Şəmkir rayon sakini - Şəmkir şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 18 nömrəli evdə yaşayan, hazırda Müdafiə Nazirliyinin Kəlbəcər rayonuda yerləşən “N” saylı hərbi hissəsində gizir vəzifəsində xidmət göstərən Məmmədov İsmayıl Nazim oğludur.
Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də digər aidiyyəti qurumların rəhbərlərinə - Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevə, İqtisadiyyat naziri Mikayıl Cabbarova, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Cənab İlham Əliyev!
Hörmətli Mehriban xanım!
Məlumunuz olsun ki, mən 2014-cü ildən hal-hazıradək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nəzdindəki “N” saylı hərbi hissədə “Maxe” (gizir) kimi xidmət edirəm. Qarabağda erməni işğalçılarına qarşı gedən müharibədə, yəni İkinci Qarabağ Müharibəsində iştirak etmişəm.
2013-cü ildə atam Məmmədov Nazim İsamyıl oğlu vəfat etdi, biz anam və iki bacımla tək qaldıq. Qeyd edim ki, babam Məmmədov İsmayıl Şirin oğlu vəfat etməmişdən əvvəl bütün əmlakını atam Nazimə vəsiyyət etmişdir. Atam vəfat edəndən sonra vəsiyyətnamə və vərəsə ilə bizə miras qalan 0 15 ha həyətyanı torpaq sahəmizin və orada yerləşən iki otaqdan, bir aynəbənddən ibarət olan fərdi yaşayış evimizin qanuni sənədləri - vərəsəlik şəhadətnaməsi, arxiv arayışı olmasına baxmayaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin nəzdində olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Rayon Ərazi İdarəsinin rəhbərliyi hansı marağa görəsə, babamdan miras qalmış əmlaka çıxarış vermir. Hətta qurumun əməkdaşları digər qohumlarımdan rüşvət alıb, mənə miras qalan torpaq sahəsinin bir hissəsinə qanunsuz olaraq saxta çıxarış vermişlər. Mənə də deyirlər ki, qalan torpaq sahəsi sizə bəs edər.
Hörmətli Prezident!
Hörmətli Birinci vitse-prezident!
Ümidimiz sizədir. Şəmkir rayonunda Sizin göstərişinizə əməl etmirlər, qanunu pozurlar. Hətta mənim kimi müharibə veteranlarının da hüququnu tapdalayırlar. Odur ki, sizdən xahiş edirəm, Azərbaycan Respublikası ƏMDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsində mənə babamdan miras qalmış əmlaka, qanuna uyğun olaraq, mülkiyyət hüququmuzun tanınmasına dair çıxarışın verilməsi üçün aidiyyatı üzrə göstəriş verəsiniz”.
Müəllifdən: Dəyərli oxucular! Məmmədov İsmayıl Nazim oğlu müharibə vetaranı kimi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Lakin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 11 saylı Şəmkir Rayon Ərazi İdarəsinin rəhbərliyi bunu nəzərə almaq istəmir.
Onu da nəzərinizə çatdırım ki, mübahisəli (problemli) mülk bölgüsünü məhkəmə həll etməlidir. Lakin öz məkrli məqsədləri üçün ƏMDX-nin 11 saylı Şəmkir Rayon Ərazi İdarəsinin rəhbərliyi bu problem özləri və öz bildikləri kimi həll etməyə çalışırlar. Bu yerdə atalar yaxşı deyib: “Torbada pişik var”.
Yeri gəlmişkən onu da qeyd edək ki, qazinin anası oğlunun vərəsəlik hüququnu tam tanımaq istəməyən idarə rəhbərliyinə etirazını bildirəndə, ona hədə-qorxu gələrək, rayon polis şöbəsinə apartdırıblar. Şəlalə xanımı şöbədə bir-neçə saat saxlayıb, ondan heç bir izahat almadan, protokol tərtib etmədən, onu buraxıblar.
Bəhlul ORUCOĞLU
Araşdırmaçı jurnalist
P.S. Mövzunu diqqətdə saxlayacağıq.