8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Gəncə şəhərinin bir qrup sakini tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Sakinlər "İmamzadə ziyarətgah"nın tərkibində olan qəbiristanlığın həddindən artıq baxımsız olduğunu və zəhərli həşəratların, ilanların qorxusundan əzizlərinin məzarını ziyarət edə bilmədiklərini bildirirlər:
“Yazaraq sizdən xahiş edirik ki, bizim problemimizi ictimailəşdirəsiniz. Bu kompleksdə şikayətimizi dinləyəcək səlahiyyətli şəxs olmadığından, sözümüzü onların diqqətinə mətbuat vasitəsilə çatdırmağa məcburuq.
Qəbiristanlıqda mollalardan, qəbir qazan fəhlələrdən və qaraçılardan başqa adam görmək mümkün deyil. Bəlkə də rəsmi şəxslər də var, sadəcə şikayətçi olduğumuz üçün üzə çıxmırlar. Amma kiminsə ölüsü varsa, mütləq üzə çıxıb, “bazarda qızıl satan kimi” bir qarış torpağı qızıl qiymətinə satırlar.
Qəbiristanlıqda ayaq qoymağa yer yoxdur, otlar uzanıb, “fısıllıq” yaranıb. Nəticədə isə zəhərli həşaratların, ilanların sayı artıb.
Orada qəbir qazan fəhlələrə deyəndə ki, buraları kim təmizləməlidir, qəbiristanlıq niyə bu gündədir, cavab verirlər ki, gərək adam gətirib təmizdətdirəsiniz.
O qədər ərazini kim, necə təmizlətdirsin? Bu kompleksə baxan, buranın qazancını götürən şəxslər, yəni bir qəbr yerini qızıl qiymətinə satanlar niyə bu baxımsızlığa göz yumurlar? 2 ildir “İmamzadə ziyarətgahı”na girmək olmur, hara baxsan sürünənləri görürsən. Vəziyyət həqiqətən yazılanlardan da bərbaddır.
Biz sizin qəzet vasitəsilə adı olub, özü olmayan, gələn gündən şəhəri xarabalığa çevirən İcra Hakimiyyətinə də səslənirik. Gəncə ölkəmizin ikinci böyük şəhəridir. Qədim tarixi abidələri var, turistlər üçün cəlbedici şəhər ola bilər. Lakin bunun üçün rəhbərliyin arada vaxt tapıb şəhərin abadlığı ilə də məşğul olmasına ehtiyac var.
“Pisi görməsən, yaxşının qədrini bilməzsən”. Bu atalar sözü biz gəncəlilərə aiddir. Keçmiş icra başçısı Elmar Vəliyevin vaxtında şəhərdə abadlıq işləri tez-tez aparılırdı, yollar səliqəyə salınırdı, binaların üzü təmir olunurdu, qəbiristanlıqlarda indiki kimi otlar adam boyda deyildi.
Doğrudur, icra başçısı 10 xahişdən 2-ni, 3-nü ancaq yerinə yetirərdi, amma şəhərə yaxşı baxırdı. Onun əlini belinə qoyub şəhərdə gəzdiyini dəfələrlə görmüşük. Dağılan, səliqəsiz gördüyü hər yeri səhəri gün təmir etdirirdi.
Məktəblərdə belə bu qədər özbaşınalıq yox idi. İndiki icra başçısına hansısa müəllimdən, direktordan şikayət edəndə deyirki, mənim tabeliyimdə deyil. Amma Elmar Vəliyevin vaxtında belə deyildi. Heç bilmirdik ki, nə onun tabeliyindədir, nə deyil, şikayətlərə baxırdı. Əlbəttə, haqsızlıqları da var idi. Bu da təbiidir, çünki bir adam hər kəs üçün yaxşı ola bilməz.
Bu gün Gəncənin küçələri bərbad vəziyyətdədir, hər yeri zibil basıb. Qaraçılar şəhərlə birdir. Şəhərin hər yerində küçə bazarı, qanunsuz ticarət var, bir sözlə səliqəsizlik, özbaşınalıq hökm sürür”.
Qeyd edək ki, Gəncə şəhərində yerləşən"İmamzadə ziyarətgahı" şəhərin qədimliyini sübut etməklə yanaşı, İslam aləmindəki yerini və nüfuzunu da göstərir. İmamzadə türbəsinin tikildiyi tarix dəqiq müəyyən edilməmişdir. Prezident İlham Əliyev bu kompleksin təmiri və bərpasına xüsusi diqqət göstərmişdir. İnsanların inam və inanc yeri kimi üz tutduğu bu məbəd məhz dövlətimizin başçısının sərəncam və göstərişləri sayəsində belə gözəl görkəm almışdır.
Şəhərdən təxminən 7 kilometr şimalda yerləşən “İmamzadə məscidi” Azərbaycanın mötəbər və məşhur dini ocaqlarından sayılır. “İmamzadə” məscidi (“Göy günbəz”, “Göy məscid”, yaxud “Göy İmam” kimi də tanınır) 14-cü əsrdən tikilməyə başlamış, müəyyən mərhələlərlə beşinci imam Məhəmməd əl-Baqirin oğullarından birinin qəbri üzərində inşa edilmişdir. Üstündən illər keçəndən sonra bu ziyarətgah türbəyə, daha sonra isə kompleksə çevrilmişdir. Uzun müddət ərzində ərazidə qala divarları ilə əhatələnmiş bir sıra məscid və karvansaralar dağıntılara məruz qalmışdır. 2010-2016-cı illərdə kompleks yenidən və əsaslı bərpa edilmişdir.
Qeyd edək ki, sakinlərin şikayəti ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti ilə əlaqə saxladıq. Mətbuat Xidmətinin xanım əməkdaşı bildirdi ki, “İmamzadə qəbiristanlığı” Gəncə Şəhər İcra Hakimiyyətinin balansında deyil. Daha sonra isə, o, “araşdırıb sizə məlumat verərik”, - deyə vurğuladı.
Jalə FAMİLQIZI
Redaksiyadan: Aidiyyəti qurumların mövqeyini dərc etməyə hazırıq.