Abşeron sakini məhkəmyə təqdim etdiyi sənədin əslini ala bilmir - ŞİKAYƏT


Abşeron rayonu, Xırdalan şəhər sakini Şalyarov Calaləddin Əsgər oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi məhkəmədə barəsində çıxarılan qərarın əslini ala bilmədiyini deyir:

“Mən, Şalyarov Calaləddin Əsgər oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

2021-ci ilin sentyabr ayında Yasamal Rayon Məhkəməsinə pul tələbinə dair iddia ərizəsi ilə müraciət etmişəm. Həmin ayda hazırlıq iclası keçirilmiş, iş məhkəmə baxışına götürülmüşdür.

Daş sexi işlətmişəm. Həmin daş sexində müqavilə bağlanıb. Onu sübut etmək üçün əvvəlcə icarə müqaviləsini təqdim etmişəm. İcarə müqaviləsi sübut edir ki, bu sənəd əsasında mən həqiqətən də sexi icarəyə götürmüşəm. Sexə pul xərcləmişəm.

Oktybarın 1-də baxış iclasında məhkəməyə bir sıra sənədləri videokamera çəkilişi ilə təqdim etmişəm. Həmin iddiam qismən təmin edilmişdir. 150 min manatlıq iddiamı məhkəmə qismən təmin edib. Belə ki, mənim xeyrimə 19 min 877 manat pul kəsib.

Qarşı tərəf Apellyasiya şikayəti verib, Bakı Apellasiya Məhkəməsində işə baxılıb, qətnamə çıxarılıb. İddiam yenə də qismən təmin edilmişdir.

Ali Məhkəməyə də şikayət etmişəm. Ali Məhkəmə də Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb. 2 ildir iş icraatdadır, icra olunmur. O məhkəmədən bu məhkəməyə işimi sürükləyirlər. Qarşı tərəfdən pul tutulub, mənə ödənilmir. Əlimdə bütün sənədlər, məhkəmə qətnamələri var.

Qarşı tərəf də məhkəməyə müraciət edib. Məndən 84 min 500 manat pul tələb edir. Aramızda başqa müqavilə də olub. Mən müqavilə ilə iş görməmişəm. Heç bir sübut  da yoxdur. İki dəfə Ali Məhkəməyə müraciət edib, hər birində məhkəmə işi ləğv edərək, Sumqayıt Apellyasiya məhkəməsinə göndərib. Nəticədə 3-cü dəfə də mənə 21 min manat pul kəsilib. Ali Məhkəmə də bunu təsdiq edir. Təsdiqləməni də əsas gətirir ki, başqa müqavilə ilə işləmisənsə, o müqaviləni bizə göstər.

09.08. 2024-cü il tarixində Bakı Apellyasiya Məhkəməsinə, Yasamal Rayon Məhkəməsinə təqdim etdiyim sənədlərlə tanış olub, həmin sənədlərdən “ İcarə müqaviləsi N:1” götürmək barədə müraciət etdim. 14.08.2024-cü il tarixində sənədlərlə tanış oldum. Həmin işlə tanış olduqda iş materiallarına sənədin əslinin əvəzinə, kserosurəti qoyulmuşdu. Dəfələrlə müraciət etsəm də, mənə nə qanedici cavab verilmir, nə də məhkəməyə təqdim etdiyim sənədin əsli özümə qaytarılmır.

Məhkəmə də sənədin surətinə istinad edə bilməz. Əsli olmalıdır ki, istinad edilsin.

Məhkəmə Hüquq Şurasına müraciət etmişəm, hələ cavab yoxdur. Bakı Apellyasiya Məhkəməsi mənə cavab yazır ki, Yasamal Məhkəməsinə təqdim etdiyin sənədi oradan tələb et. Yasamal Məhkəməsi də cavab verir ki, biz sənə cavab verə bilmərik, ona görə ki, sənədlər Bakı Apellyasiya məhkəməsinin arxivindədir. Halbuki, orda sənədin surətidir.

Beləliklə, Ali Məhkəmə işi Bakı Apellyasiya Məhkəməsinə, o da Yasamal Rayon Məhkəməsinə yönəldir. Elə işim orada da qalır.  Sənədi verə bilmədiyimə görə, 21 min manat ödməklə bağlı əleyhimə qərar verilib. Ali Məhkəmə də bunu təsdiq edir. Bunlar məqsədli şəkildə olan bir işdir.

Onu da qeyd edim ki, hər bir məhkəməyə təqdim olunan istənilən sənədin əsli kim tərəfindən təqdim olunursa, məhkəmə prosesi başa çatandan, iş icraata göndəriləndən sonra, həmin şəxs təqdim etdiyi sənədin əslini məhkəmədən götürə bilər. Mən də o məqsədlə müraciət etmişəm. Xahiş edirəm, məhkəməyə təqdim etdiyim sənədin özümə qaytarılmasını təmin edəsiniz”.

Aynurə İSMAYIL

Hurriyyet.az



Oxşar Xəbərlər

Xəbər lenti