22-04-2026, 13:21
17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
“Vesta Construction” MTK-nın təsisçisi Ceyhun Musazadə oğlu Quliyevin həbs olunması ilə bağlı yayılan məlumatlar uzun illərdir yığılıb qalan narazılıqların kulminasiya nöqtəsinə çevrilib. Sozcu.info-ya verilən məlumata görə, şirkət rəhbəri eyni mənzilin bir neçə nəfərə satılması kimi ağır qanun pozuntularına yol verib.
Musavat.com-a müraciət edən zərərçəkmişlər bildirirlər ki, problem təkcə bir neçə nəfərin aldadılması ilə məhdudlaşmır — bu, onlarla ailənin həyatına təsir edən sistemli fırıldaq sxemidir.
Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 38 ünvanında yerləşən köhnə 2 mərtəbəli yaşayış binası 2016-cı ildə pilot layihə çərçivəsində sökülüb. Nizami Rayon İcra Hakimiyyətinin sərəncamına əsasən, ərazidə “Vesta Construction” MTK tərəfindən yeni çoxmərtəbəli binanın tikintisinə başlanılıb.
Sakinlərə verilən vədlər isə kifayət qədər cəlbedici idi: qısa müddətdə yeni və müasir mənzillər, rahat yaşayış şəraiti, tam təhvil verilmiş binalar. Lakin illər keçsə də, bu vədlər kağız üzərində qalıb.
Şirkət rəhbərliyi tərəfindən dəfələrlə səsləndirilən “3 ay sonra təhvil veriləcək” vədləri zamanla sakinlər üçün ironik ifadəyə çevrilib. Faktiki olaraq isə tikinti işləri nə başa çatdırılıb, nə də mənzillər sahiblərinə təqdim olunub. Sakinlərin sözlərinə görə, tikintidə ciddi durğunluq hökm sürür — bəzi bloklarda hələ lift belə quraşdırılmayıb, təmir işləri yarımçıq qalıb.
Şikayətçilərin ən ciddi iddiası isə eyni mənzilin bir neçə nəfərə satılması ilə bağlıdır. Bu isə artıq sadəcə mülki mübahisə deyil, cinayət məsuliyyəti yaradan fakt kimi qiymətləndirilir. Şikayətçi Niyaz Məmmədov bildirir ki, 2020-ci ildə aldığı mənzilə görə hələ də evinə köçə bilməyib: “6 ildir kirayələrdə yaşayırıq. Bu müddətdə 30 min manata yaxın pul xərcləmişik. Üstəlik, bizdən təmir üçün də 11 min manat alıblar. Amma ortada nə ev var, nə də məsuliyyət daşıyan şəxs”.
Digər zərərçəkmiş Rəşad Əkbərov isə bildirir ki, problem artıq sistem xarakteri alıb: “10 ildən çoxdur ki, bu proses davam edir. İnsanları evlərindən çıxarıblar, əvəzində isə verdikləri sözləri yerinə yetirmirlər. Eyni mənzilin 3-4 nəfərə satılması faktı isə vəziyyətin miqyasını göstərir”.