Manata sahib çıxan tapılmır

Manata sahib çıxan tapılmır

 


"Bloomberg News”ın böyüyən "qar topu”na bənzətdiyi manat bütün iqtisadiyyatı məhv edə bilər

Bankların dollar satışını 100 ilə 500 dollar arası miqdarlarla məhdudlaşdırması əhalinin manatı xarici valyutaya çevirməsində çox ciddi problemlə üz-üzə qoyub

 

Son günlər dünya mediasının əsas müzakirə mövzularından biri də Azərbaycanın milli valyutası manatın zəifləməsi və ölkədə dollar qıtlığı ilə bağlı bankların valyuta satışını dayandırmasıdır. Rusiyanın, Türkiyənin və bir çox başqa ölkələrin mediasının diqqətini çəkən bu məqama Azərbaycan rəsmilərindən kimsə düz-əmməli bir münasibət bildirməyib. İqtidar mediası da bu mövzuda susmağa üstünlük verir. Ancaq susmaqla, yazmamaqla problem yoxa çıxmır. Dünyanın ən nüfuzlu informasiya agentliklərindən biri olan Bloomberg-in xəbərində qeyd edilir ki, manatdan qaçış, Azərbaycan xalqının inamının azalmasının bir nəticəsidir. "Qar topu” kimi böyüyən risk, banklar üzərindəki təzyiqi artırır. Bloomberg-in məlumatını hər kəs oxumasa da, hər kəs milli valyutanın etibarını günü-gündən itirdiyinin fərqindədir. Hətta elə bir vəziyyət yaranıb ki, insanlar 200-300 manat gəlirləri olanda belə onu valyutaya çevirməyə çalışırlar. Ancaq bu əməliyyat, yəni dollar və ya avro alışı son günlər çətin bir məsələyə çevrilib.  Ötən həftə dollar qarşısında ən çox dəyər itirən pul vahidinin manat olması ilə yanaşı bankların dollar satışını ya tamamilə dayandırması, ya da 100 ilə 500 dollar arası miqdarlarla məhdudlaşdırması əhalinin manatı xarici valyutaya çevirməsində çox ciddi problemlə üz-üzə qoyub. Banklar tərəfindən tətbiq edilən məhdudiyyətlər "qara bazarı” çiçəkləndirib. Mərkəzi bank tərəfindən 1,62 olan dollar/manat müyyən edilən məzənnə sırf rəsmi xarakter daşıyır. Əvəzində isə "qara bazar”da 1 dolları 1,7 manata satırlar. Hətta daha yuxarı satılan vaxtlar olur. Bu gün Tacikistanın valyutası Somdan sonra Azərbaycan manatı ən pis performans göstərən ikinci pul vahididir. Azərbaycanda  isəartıq manata sahib çıxan  tapılmır. Söhbət vətəndaşların manatdan imtinasından getmir. Heç bir qurum manatla bağlı məsuliyyəti öz üzərinə götürmək istəmir. Böyük ümidlərlə yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatası da manata sahib çıxmaq istəmir və valyuta bazarının tənzimlənməsini Mərkəzi Bankın mandatına aid olan məsələ hesab edir. Palatanın funksiyasına gəlincə isə bankların Mərkəzi Bankın müəyyənləşdirdiyi 4%-lik marja koridoruna əməl etmələrinə nəzarət etmək olduğu qeyd edilir. Bundan ötrü Maliyyə Bazarlarına Nəzarət Palatası yatamağa???? ehtiyac olduğunu da indi bildik. Əslində, hər kəs vəziyyətin ağırlığını bilir və məsuliyyət altına girmək istəmir. Dolların "qara bazar”da alış-satışını qeyri-qanuni fəaliyyət hesab edən Palatada anlamırlar ki, bazar iqtisadiyyatında bir qanun, tələb-təklif qanunu işləyir. İndi ya bazar iqtisadiyyatının tələblərinə əməl etmək, ya da azad bazar iqtisadiyyatı prinsiplərindən imtina edib, dövlət tənzimlənməsinə qatılmaq lazımdır.

Əslində bu problem bütün hökumətin problemidir. Hökumət qəti qərar vermədiyi üçün nə Elman Rüstəmov, nə də Rüfət Aslanlı heç bir ciddi addım ata bilmir. Hər iki şəxsin peşəkarlığı şübhə altına alına bilməz. Onlar yalnız hökumətin siyasətinin icraçılarıdır. İndi də hər ikisi daha yuxarlarda hansısa qərarların verilməsini gözləyirlər. Yuxarılar isə çoxsaylı siyasi problemləri həll etməmiş manatla bağlı qərar verə bilmirlər. "Yeni Sözçü” qəzetinin  ötən ilki saylarında  qeyd edirdik ki, iqtisadi islahatları sürətləndirmək lazımdır, əks halda 2016-cı ilin yayından siyasi problemlər islahatlara imkan verməyəcək. İndi həmin proqnoz özünü doğruldur. Dövlət ölkədə valyuta qıtlığını aradan qaldıra bilmir və manata olan inamı tamamilə öldürür. Manata inamın öldüyü yerdə isə heç bir iqtisadiyyat mövcud ola bilməz. Beynəlxalq reytinq agentliyi "Moody’s” in Azərbaycanla bağlı növbəti proqnozu isə bütün nikbinlikləri alt-üst edir. Agentlik büdcə xərclərinin ixtisar edilməsinin real ÜDM-in azalmasına gətirib çıxaracağını qeyd edib. "Moody’s”in hesabatında qeyd olunur ki, büdcə xərcləri ilk yarımillikdə ÜDM-in 25,3%-ni təşkil edib ki, bu da son 3 ilin orta göstəricisindən (31,7%) 20% azdır. "Moody’s” bildirir ki, büdcə xərclərinin ixtisar edilməsi real ÜDM-in azalmasına gətirib çıxaracaq. Agentlik borc yükünün azalmasına baxmayaraq, 2016-2017-ci illərdə Azərbaycanın iqtisadiyyat və büdcə göstəricilərinin zəifləyəcəyini bildirir. Bu o deməkdir ki, xarici sərmayəçilər Azərbaycana sərmayə qoymaqdan çəkinəcəklər. Dövlətin sərmayə qoyuluşunu kəskin azaltdığı bir vaxtda xarici sərmayənin olmaması və yerli iş adamlarının manata etibar etməməsi bütün iqtisadiyyatın çökməsinə səbəb ola bilər. Dünyanın ən nüfuzlu informasiya agentliklərindən biri olan Bloomberg-in manatla bağlı məqamı hər yuvarlandığında böyüyən "qar topu”na bənzətməsi də bu deməkdir. Azacıq iqtisadiyyatdan anlayışı olan adam ölkə iqtisadiyyatında ağır günlərin hələ qabaqda olduğunu bilir. Ancaq bütün xəbərdarlıqlar  Bakının rəsmi dairələrinə təsir etmir. Rəsmi Bakı hələ Rio Olimpiya Oyunlarının nəticələrini bayram edir. Halbuki, orada bayram edəcək bir şey yoxdur. Bu mövzu isə başqa bir yazının mövzusudur.

Arzuman Loğmanoğlu,

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti