8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Neftçalanın Tataraməhlə kəndində otlaq sahələri olmadığından sakinlər bir neçə ildir acınacaqlı vəziyyətlə üzləşiblər.
Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıqdır. Sakinlər torpaq sahələrindən əldə etdikləri gəlir vasitəsi ilə öz ailəsini dolandırır. Lakin sakinlər bildirirlər ki, uzun illərdir mal-qaranı otarmaq üçün otlaq sahələri yoxdur:
“Torpaq islahatı zamanı əhaliyə örüş sahəsi kimi 200 hektar torpaq sahəsinin verilməsi üçün protokol tərtib olunub. Qalan torpaqlar da bələdiyyənin idi. Əhaliyə verilən 1 600 hektar torpaqdan başqa, qalan 400 hektar torpağın hamısı tanımadığımız şəxslərə satılıb. İndi də mal-qaranı otarmaq üçün otlaq sahələri tapa bilirik”.
Örüş sahəsinin zəbt edildiyini iddia edən sakinlər deyir ki, otlaq sahəsi olmadığından mal-qaranı tövlədə saxlamalı olurlar. Hətta bəzi sakinlər örüşsüzlük ucbatından iri və xırda buynuzlu heyvanlarının hamısını satmaq məcburiyyətində qalıblar. Məsələ ilə bağlı Tataraməhlə kənd bələdiyyəsi ilə əlaqə saxlanılıb. Bələdiyyə sədri Qabil Mehdiyev bildirib ki, yerli özünüidarəetmə orqanının balansında olan torpaq sahələri 2002-2003-cü illərdə, habelə sonralar 25-30 və 40 illik icarəyə verilib.
“Həmin torpaq sahələri hazırda icarəçilər tərəfindən istifadə olunur. İcarə müddəti bitdikdən sonra torpaq sahələri yenidən hərraca çıxarılacaq, tender keçiriləcək. Kənd camaatı da hərracda iştirak etməklə torpaq sahələrini icarəyə götürüb örüş və ya əkin sahəsi kimi istifadə edə bilər”.
Qeyd edək ki, digər bölgələrdə də mal-qara üçün otlaq sahəsinin qalmadığı, həmin ərazilərin isə pambıq və digər bitkiçilik məhsullarının əkini ilə bağlı müəyyən şəxslərə verildiyi bildirilir.
Maraqlıdır, ölkədə bir sahənin inkişafına digər sahələrin məhvi ilə nail olmaq nə dərəcədə əlverişlidir?
Hurriyyet.az-ın məlumatına görə, iqtisadçı-ekspert Akif Nəsirli Cebhe.info-ya bildirib ki, yaşayış məntəqələrinin, kəndlərin ətrafında olan örüş sahələrinə toxunulmamalıdır:
“Torpaq islahatı gedən vaxtı bir neçə mülkiyyət forması mövcud idi ki, bunlar kəndlilərin həyətyanı, pay torpağı sahəsi, perspektiv inkişaf fondu və örüş sahələri idi. Həmin örüş sahəsi heç bir halda kiməsə satıla, verilə bilməz. Əgər örüş sahəsi kiməsə verilibsə, bu, qanun pozuntusudur. Bunu araşdırmaq lazımdır. İnsanların haqqıdır ki, həmin örüş sahəsində pambıq, yaxud digər bitki əkən vətəndaşı məhkəməyə versin. Yaxud bələdiyyələnin cərimələnməsi həyata keçirilməli, ərazi boşaldılmalıdır”.
Ekspert deyir ki, pambıqçılığın inkişafına ölkənin kənd təsərrüfatını qurban vermək olmaz:
“Birincisi, pambıqçılıq Azərbaycanın iqlim şəraitinə uyğun deyil. Ölkədə yetişən pambıq keyfiyyətsizdir. Ona görə də dünya bazarında çox ucuz qiymətə satılır. Belə bir ucuz məhsulu niyə strateji məhsul səviyyəsinə qaldırmalıyıq? Digər tərəfdən, pambıq Azərbaycana 150-200 milyon dollar ildə vəsait gətirir. Ancaq bizim ətə, süd məhsullarına, bitki yağlarına, ərzaq buğdasına çəkdiyimiz xərclər mlyardlarla ölçülür. Belə olan halda milyardlarla dolların ölkədən çıxması nə dərəcədə doğrudur? Hər halda ümumilikdə bu strategiya ilə uduzmuş oluruq. Bu gün bütün pambıq tarlaları ya ərzaq buğdası zəmiləri üçün verilməlidir, ya da ət və süd istehsalı ilə bağlı təyinatı dəyişdirilməlidir. Hesablamalıyıq ki, bizə pambıq əkib 200-500 milyon qazanmaq, yoxsa milyardlarla dollar sərf edib xaricdən ərzaq məhsulları idxalı sərf edir? Həmin 5 milyardın 50-60 faizini yerli istehsala sərf etmək daha səmərəli olardı”.