Azərbaycanın Avropa üçün artan önəmi Çavuşoğludan maraqlı qaz açıqlaması

Bakı Avropaya yalnız qaz deyil, elektrik enerjisi və hidrogen də ixrac etməyə hazırlaşır

Rusiya qazından əlini üzən Avropa bütün gücü ilə qarşıdan gələn payız-qış mövsümündən itkisiz çıxmaq üçün hazırlıqlar görməkdədir. Bu məqsədlə qaz aldıqları bütün mənbələrdən alış həcmlərini artırmaqla bağlı razılaşmalar əldə olunub, Avropanın özündə ciddi qənaət rejimi tətbiq edilib.

Hazırda Avropa qaz qiymətlərinə yuxarı hədd təyin olunması üzərində işləyir: yüksək enerji qiymətləri iqtisadiyyata dağıdıcı təsir göstərir. Əvvəlcə yalnız Rusiya qazına münasibətdə edilən tavan təklifi artıq bütün növ qaz üçün hazırlanır. Avropa Komissiyasının daxili bazar üzrə komissarı Tyerri Breton artıq Rusiya qazına qiymət tavanı müəyyənləşdirilməsinin əhəmiyyət kəsb etmədiyi fikrindədir. “La Repubblica” nəşrinə müsahibəsində o bildirib ki, Avropa Rusiyadan qaz asılılığını minimuma salıb və bundan sonra ona qiymət tavanının təyin olunması əhəmiyyətsizdir. Komissarın sözlərinə görə, ümumiyyətlə, eneridaşıyıcılarına qiymət tavanının müəyyənləşdirilməsi üçün müxtəlif variantlar müzakirə olunur: “Bu, çox mürəkkəb mövzudur. İqtisadiyyatda hər hansı məhsula qiymət tavanının müəyyənləşdirilməsi heç də həmişə funksional olmur. Cənubi Avropa və şimal ölkələrinin, xüsusilə də Norveçin boru qazına qiymət tavanı təyin olunmasına yanaşması, nə qədər hazıq olmasını öyrənmək lazımdır. Ən yaxşı qərarın qəbulu üçün müəyyən vaxta ehtiyac var”.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen dünən Avropa Parlamentindəki çıxışında qaz qiymətinə tavan təyin olunması niyyətindən daşınmadıqlarını bəyan edib. Xanım Lyayen bildirib ki, qiymət tavanının qazı satan ölkə ilə Avropa İttifaqı arasındakı münasibətlərə uyğun müəyyən olunmasına dair təklif hazırlanır: “Biz satıcı ölkə ilə münasibətlərimizin xaraktrinə uyğun qiymət tavanının müəyyənləşdirilməsini nəzərdə tutan təklifimizi hazırlayırıq”. Onun sözlərinə görə, təklif ağlabatan olmalıdır. 

AK rəhbəri maraqlı açıqlama verərək, artıq Avropa İttifaqı ilə Norveç arasında qiymət tavanının müəyyənləşdirilməsi üzrə işçi qrupun yaradıldığını deyib: “Mən Norveçin baş naziri Yonas harom Stere ilə qaz qiymətlərinə ağlabatan həddə məhdudiyyət tətbiq olunması üzrə işçi qrupun yaradılması barədə razılığa gəlmişəm. Artıq işçi qrup fəaliyyətə başlayıb”.

İtaliyanın modernləşmə və transformasiya naziri Roberto Çinqolani isə bildirib ki, Avropa Birliyində qazın qiymətinə Niderlandın TTF birjasındakı qiymətin 60-65 faizi həddində məhdudiyyət tətbiq edilməsi enerji qiymətlərinin sürətlə bahalaşdığı indiki dövrdə istehlakçılara “ciddi rahatlıq” gətirə bilər: “Biz qaza görə ödənişi YYF birjasındakı kotirovkalar əsasında həyata keçiririk. Bu, volatil, reallıqda həm də spekulyativ bazardır. Biz qaza, istiliyə və enerjiyə görə həcmlə heç bir əlaqəsi olmayan qiymət ödəyirik. Buna görə də qiymətlərə TTF-dəkinin 60-65 faizi həcmində tavan müəyyənləşsə, yaxud boru qazının qiyməti maye qaza bağlansa, istehlakçıları xeyli rahatladar”.

Hazırda Avropa Birliyinin 18 ölkəsindəki 160 qaz anbarında dolumluluq səviyyəsi 83 faizdən yuxarıdır. Bu isə heç bir əlavə mənbə olmadan Birlik ölkələrinin qaz tələbatının 21 faizini qarşılamağa imkan verir. Qışa qədər anbarların 90 faiz doldurulması Avropa Birliyinin bu qışı Rusiya qazı olmadan rahatlıqla yola verməsini təmin edəcək. Hesablamalara görə, Rusiyadan nəql tamam dayansa belə, martın sonuna Avropanın anbarlarında 20 faizədək qaz qalacaq. Avropa Komissiyasının qənaət qərarına əməl olunarsa, anbarlarda 30 faizə qədər qazın növbəti mövsümə keçməsi ehtimalı böyükdür.

Avropa Komissiyası elektrik enerjisinin bahalaşmasına görə əhalinin artan xərclərinə dəstək vermək üçün qazdankənar mənbələrdən enerji istehsal edən şirkətlərə əlavə verginin təyin olunmasını da təklif edir. Ursula fon der Lyayenin dediyinə görə, milyonlarla avropalı enerji haqqının ödənməsində çətinlik: “Biz onların gəlirlərinin məhdudlaşdırılmasını təklif edirik. Bunun nəticəsində 140 milyard avrodan artıq əlavə vəsait toplaya və onu ehtiyaclı insanlara yönəldə bilərik”.

Avropa Komissiyası həmçinin təmiz enerji mənbəyi olan hidrogen bazarının yaradılmasına 3 milyard avro ayıracaq. Lyayenin dediyinə görə, hidrogen Avropada oyun qaydalarını kökündən dəyişə bilər: “Hidrogen iqtisadiyyatı spesifik bazarından kütləvi bazara köçürülməlidir. Biz Avropa hidrogen bankını yaradacağıq və 3 mlrd. avro gələcək hidrogen bazarının yaradılmasına kömək edəcək” .

Qeyd edək ki, Avropanın qaz alışını artırmaq istədiyi ölkələrdən biri də Azərbaycandır. Ukrayna müharibəsi başlanandan bəri çoxsaylı Avropa ölkələri Bakıdan qaz almaq, yaxud daha çox almaq üçün müraciət edirlər. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dediyinə görə, Avropaya qaz ixracını artırmaq üçün Azərbaycanla danışıqlar gedir: “Rusiya qazı kəsiləndən sonra Balkan yarımadası ölkələri, Şərqi Avropa ölkələri öncə üzünü Türkiyəyə, daha sonra can Azərbaycana döndərdi”.

Türkiyə XİN rəhbəri bildirib ki, Azərbaycanın təbii qazına ehtiyacları var: “Bizim TAP və TANAP, digər təbii qaz boru xətləri ilə bərabər bu ölkələrə yardım etmək üçün lazımi tədbirləri görürük. Bu ölkələr bizə müraciət edir, biz də Azərbaycanla danışıqlara gedirik ki, təbii qaz ixracını, TANAP-ın perspektivdə potensialını nə qədər artıra bilər? Hazırda bu rəqəm 16 milyard kubmetrdir, 2023-cü ilin sonunda bu rəqəm 26 milyard kubmetrə, 2024-cü ilin sonunda bu rəqəm 31 milyard kubmetrə çatacaq. Demək olar ki, ikiqat artım deməkdir. Əlbəttə, bizim də təbii qaza ehtiyacımız var. Amma bu ölkələri də düşünürük”.

Türkiyənin kənd və meşə təsərrüfatı naziri Vahit Kirişçi də maraqlı məlumat açıqlayıb. Onun Türkiyə mətbuatına dediyinə görə, sentyabrın əvvəlində Rəcəp Tayip Ərdoğanın bölgəyə səfəri zamanı bir sıra Balkan ölkələri ondan qarşıdan gələn qış mövsümündə Rusiya və Azərbaycandan qaz nəqlinin fasiləsiz olması üçün xahişdə bulunublar. Bosniya və Herseqovina, Serbiya, həmçinin Xorvatiyada olarkən prezident, vitse-prezident, baş nazir səviyyəsində rəsmi şəxslərin Türkiyə Prezidentindən onların xahişlərinin Vladimir Putin və İlham Əliyevə çatdırılmasını istəyiblər: “Onlar dedilər ki, siz Şanxay Əməkdaşlıq Təşkilatının toplantısında iştirak edəcəksiniz. Yaxşı münasibətləriniz olan Putin və Əliyevə çatdırın, bu qış qaz təchizatını dayandırmasınlar”.

Qeyd edək ki, ŞƏT-in toplantısı sentyabrın 15-16-da Səmərqənddə keçiriləcək. Tədbirdə Azərbaycan Prezidentinin də iştirakı gözlənilir.

Azərbaycan iyul ayında Avropa İttifaqı ilə imzalanan enerji memorandumu, həmçinin bir sıra dövlətlərlə əldə olunan razılaşmalara əməl edərək qaz ixracını artırmaq üçün mümkün olan vütün vasitələrdən istifadə edir. Ölkədə qaza qənaət etmək üçün mazutla elektrik enerjisi istehsalı artırılıb. Rəsmi statistikadan məlum olur ki, bu ilin yanvar-avqust aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2461,3 milyon manat olmaqla, əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə 10,3 faiz azalıb. Bu zaman yanacaq mazutunun istehsalı 2,2 dəfə, neft bitumu 8,6 faiz artıb, avtomobil benzininin istehsalı 2,5 faiz, dizel yanacağının istehsalı 24,7 faiz, neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 32,7 faiz, neft koksunun istehsalı 33,8 faiz, sürtkü yağlarının istehsalı isə 42,2 faiz azalıb. Bundan əlavə, yanvar-avqust aylarında ötən ilin eyni dövrünə nisbətən su da daxil olmaqla bərpa olunan mənbələrdən 1555,4 mln kVt/saat elektrik enerjisi istehsal edilib, bu da illik müqayisədə 352,6 mln. kVt-saat və ya 29,3 faiz çoxdur. Energetika Nazirliyinin məlumatına görə, hesabat dövründə bərpa olunan stansiyaların istehsal etdiyi elektrik enerjisinin ümumi istehsalda payı 8 faiz təşkil edib.

Nəticədə bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan qaz ixracını 23 faiz artıra bilib. Səkkiz ayda ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz artımla hasil edilmiş 30,6 milyard kubmetr qazın 14,4 milyard kubmetri ixrac olunub. Bu həcmdən Avropaya 7,3 milyard kubmetr, Türkiyəyə 5,4 milyard kubmetr, Gürcüstana isə 1,7 milyard kubmetr çatıb.

Hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 11 milyard kubmetr təşkil edir. TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud - 14,4 milyard kubmetrə qədər, qismən - 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrə qədər. Bu ssenarinin hər üçü kifayət qədər iri sərmayələr tələb edir ki, qiymətlər əlverişli olmadığı halda onların yatırılması səmərəsiz olacaq.

TAP-ın Yunanıstan və Albaniyadakı kompressor stansiyalarının tikintisinə  başlanılıb - AZƏRTAC

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb. Bolqarıstan Azərbaycan qazını Yunanıstanın şəbəkəsi vasitəsilə alır. Ölkəyə daha çox qaz çatdıracaq Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) oktyabrın 1-dən tam istismarına başlanması nəzərdə tutulur. Bu kəmərlə Bolqarıstana ildə 1 milyard kubmetr Azərbaycan qazı çatdırılması barədə müqavilə mövcuddur. Lakin Bolqarıstan Azərbaycandan qaz alışını ikiqat artırmaq niyyətindədir.

Ölkənin iqtisadiyyat və sənaye naziri Nikola Stoyanovun yerli mətbuata dediyinə görə, Azərbaycandan qaz idxalını artırmaq üçün Bakıya elektrik enerjisi ixracına dair müzakirələr aparırlar. O bildirib ki, Azərbaycan elektrik enerjisini əsasən qazdan istehsal edir, Bolqarıstan isə başqa mənbələrdən: “Azərbaycandan təbii qazın müqabilində elektrik enerjisini ixrac edə bilərik. Əgər biz onları elektrik enerjisi ilə təmin edə bilsək, onlar elektrik enerjisini istehsal etmək əvəzinə, qənaət etdikləri qazı bizə verəcəklər”.

Hazırda Avropanın Azərbaycandan aldığı illik 11 milyard kubmetr qazı başqa mənbələrdən almaq imkanı yoxdur. Üstəlik, Azərbaycanın alternativ enerji istehsalı potensialı kifayət qədər yüksəkdir və bu enerjinin Avropaya ötürülməsi imkanı var. Həmçinin Azərbaycan ən təmiz enerji mənbəyi olan hidrogen istehsalını quraraq, onun Avropaya ixracı üzərində işləyir. Bu məqamların hamısı Avropa İttifaqı ilə imzalanan memorandumda əksini tapır...

Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti