Zəngəzur dəhlizinin iqtisadi önəmi

Böyük zəfərlə başa çatan Vətən müharibəsinin tarixi nailiyyətlərindən biri də Zəngəzur dəhlizinin açılması ilə bağlıdır.
Zəngəzur dəhlizi regional və beynəlxalq əhəmiyyətə malik olduğundan Azərbaycan dünyanın strateji hədəfləri üçün açar dövlətdir. Bu, Azərbaycanın artıq birmənalı şəkildə bölgənin lider dövləti, o cümlədən dünya üçün strateji ölkə olmasını açıq şəkildə ortaya çıxarır.
Prezident İlham Əliyev hələ Vətən müharibəsinin gedişi zamanı bölgədə kommunikasiya xətlərinin açılmasının, Zəngəzur dəhlizinin bərpa olunmasının vacibliyini dəfələrlə öz çıxışlarında, görüşlərində vurğulamışdır. Yeni reallıqların yaxın gələcəkdə böyük əhəmiyyətini və səmərəsini hiss edən dünya gücləri də Zəngəzur dəhlizinin yaradılmasında birmənalı olaraq Azərbaycanı dəstəkləyirlər.
Türkmənistan və Özbəkistan prezidentləri səviyyəsində Cənubi Asiya və Cənubi Qafqazın nəqliyyat-logistika imkanlarına yanaşmada deməyə əsas verir ki, Mərkəzi Asiya ölkələrinin yeni nəqliyyat dəhlizlərindən, o cümlədən Azərbaycanın tranzit imkanlarından istifadə maraqları çox böyükdür. Zəngəzur dəhlizi ilə bağlı digər vacib məqamlardan biri də Aşqabad müqaviləsi ölkələrinin Avropaya reinteqrasiyası üçün yeni perspektivlər yaratmışdır. Bu ölkələr vasitəsilə həyata keçirilən beynəlxalq yükdaşımaların Zəngəzur dəhlizi vasitəsilə Avrasiya bazarlarına çatdırılması Şərqi Zəngəzur və Qarabağın iqtisadi potensialının artırılmasına da xüsusi rol oynaya bilər.
Artıq bir sıra Asiya ölkələri yeni imkanların fərqindədir. Xüsusilə Mərkəzi Asiya ölkələrinin yeni bazarlara çıxışında Zəngəzur dəhlizinin iqtisadi önəmi çox dəyərlidir, nəqliyyat-kommunikasiya və iqtisadi-ticari sahələrdə Azərbaycan ilə regional əməkdaşlığın inkişaf etdirilməsi xüsusi maraq doğurur.
Dəhliz uzun illər blokadada qalmış Naxçıvan Muxtar Respublikasını bu ağır şəraitdən çıxarmaqla yanaşı, xalqımızın 101 ildən sonra tarixi ərazisi olan qədim Zəngəzur torpağına yenidən qayıdışını da təmin edəcək. Eyni zamanda Rusiya-Türkiyə, Rusiya-İran, Rusiya-Ermənistan arasında birbaşa dəmir yolu əlaqəsi qurulacaq ki, bu da bölgədə strateji, iqtisadi və siyasi əlaqələrin inkişafına böyük  töhfə verə bilər.
Müzəffər Ali baş Komandan kimi Qarabağ münaqişəsini həm hərbi, həm də diplomatik məharəti ilə həll edən cənab İlham Əliyev Zəngəzur dəhlizinin açılmasını da reallığa çevirəcək. 2020-ci ilin sentyabrında Azərbaycanın haqq savaşına qalxıb düşmən üzərinə yeriməsini qəbul etməyənlər bilməlidirlər: “Qarabağ Azərbaycandır və nida işarəsi” deyib cəmi 44 günə düşməni diz çökdürən İlham Əliyev tezliklə Zəngəzur dəhlizində bayrağımızı dalğalandıracaq. Çünki İlham Əliyev hər zaman dediyini edən qətiyyətli şəxsiyyətdir...
Azərbaycan tarix boyu heç vaxt bu qədər güclü və qüdrətli  olmayıb. İlham Əliyevin liderliyi ilə regionda tarixi ədaləti bərpa edən ölkəmiz Cənubi Qafqazda sülhün, sabitliyin, inkişaf və tərəqqinin aparıcı qüvvəsidir.
Əlixan Əliyev
Suraxanı RİHB-nin Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti