DSMF-yə bağlı olan qurumun ofisi 7,2 milyona təmir olunacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) elan etdiyi tender müsabiqəsinin qalibi məlum olub.
Sozcu.info xəbər verir ki, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının inzibati binasının əsaslı təmir işlərini həyata keçirmək üçün elan edilən tenderin qalibi “Conco” QSC (VÖEN - 1403054601) olub.
Açıqlanan məlumatlarda bildirilir ki, 11.05.2023-cü il tarixindən 31.05.2025-ci il tarixinə kimi həyata keçiriləcək təmir işləri üçün DSMF “Conco” QSC-yə 7 milyon 167 min 998 manat 7 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, ötən ilin dekabr ayında DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı üçün ofis sahəsi icarəyə götürüb. Aydın Akif oğlu Abasov adlı şəxsdən bir il müddətinə icarəyə götürülən 3 000 kv-metr ofis üçün DSMF 513 min 720 manat ödəyib.
Məlumat üçün bildirək ki, 2 000 manat nizamnamə kapitalı olan “Conco” QSC-nin qanuni təmsilçisi Şıxseyidov İlham Ağa oğludur. 3 mart 2015-ci ildə dövlət qeydiyyatına alınan QSC-nin hüquqi ünvanı "Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, ev 81A, m. 1/2/3-də yerləşir.
“Conco” QSC Azərbaycanda bir-sıra böyük tikinti layihələrinin icraçısıdır. Ötən il Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin keçirdiyi tender müsabiqələrinin qalibi də “Conco” QSC olub. İdarə şirkətə Şuşa şəhərində salınacaq ilk yaşayış massivinin inşasına görə 14 milyon 687 min 500 manat 6 qəpik ödəyib.
Onu da qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe olan qurumların bir çoxu ofis sahələrini icarəyə götürürlər.

Aşağıdakı linkə daxil olaraq icarəyə götürülən ofis sahələrinin bəziləriylə tanış ola bilərsiniz:
DSMF universitetdən yarım milyona ofis icarəyə götürür

Elnur Əli



Oxşar Xəbərlər

Xəbər lenti