21-12-2024, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
May ayı ərzində təbiət hadisələrinin - leysan, dolu və qarın təsərrüfatlara vurduğu zərər respublika üzrə kənd təsərrüfatı məhsullarının istehsalına, ümumi məhsuldarlığa təsir göstərəcək dərəcədə deyil.
Bu barədə “Trend”ə Kənd Təsərrüfatı Nazirliyinin İctimiayyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov məlumat verib. O bildirib ki, bölgələrdə hava şəraitinin kəskin dəyişməsi nəticəsində təsərrüfatlarını sığortalamış fermerlər tərəfindən Aqrar Sığorta Fonduna müraciətlər daxil olmaqdadır: “Müraciətlər əsasında fond tərəfindən fermerlərə dəymiş zərərin müəyyən olunması üçün müstəqil sığorta ekspertlərinin bölgələrə ezam olunması təmin edilir. Ekspertlər tərəfindən dəymiş zərər müəyyən olunduqdan sonra sığorta ödənişlərinin edilməsi barədə qərar qəbul olunacaq”.
KTN rəsmisi “may ayı ərzində təbiət hadisələrinin - leysan, dolu və qarın təsərrüfatlara vurduğu zərər respublika üzrə kənd təsərrüfatı məhsullarının istehsalına, ümumi məhsuldarlığa təsir göstərəcək dərəcədə deyil” desə də, ekspertlər fərqli düşünür.
Məsələn, bazarda gündəlik qiymət dəyişikliklərini görə bilərik. Yerli istehsalın böyük hissəsi ixraca da yönəlib. İstehsalın həcmi isə o səviyyədə deyil ki, həm xaricə satmağa kifayət etsin, həm də daxili bazarda bolluq yaratsın. Daxili istehsalçılar isə onları qiymət artımında günahlandırmağı doğru saymırlar. “Hər şeyin qiyməti qalxırsa, biz öz məhsullarımızı niyə ucuz sataq” deyirlər.
İqtisadçı ekspert Eldəniz Əmirov “Yeni Müsavat”a bildirdi ki, sığorta və ixrac məsələsi kənd təsərrüfatı sahəsində təzadlı vəziyyət yaradır. Ekspert kənd təsərrüfatı sahəsindəki fəaliyyətin sığortalanmasının sahibkarlar, o cümlədən istehlakçılar üçün son dərəcədə zəruri olduğunu vurğuladı: “Risk hadisəsinin baş vermə ehtimalı o qədər çoxdur ki, şirkətlər bu fəaliyyət sahəsini sığortalamaqda maraqlı olmurlar. Kütləvi zərərödəmə sığorta şirkətlərinə baha başa gəlir. Yüksək sığorta haqlarının formalaşması məhsulun qiymətinə mənfi təsir göstərir. Sığorta olmasa, sığorta hadisəsi baş verən zaman sahibkar zərər görür, bazara mənfi təsir olur - məhsul azalır, bu da qiymətin artmasına təkan verən amilə çevrilir. Eyni zamanda ixracın artması da təsiredici amildir. Rəqəmlər bunu deməyə ciddi əsas verir. Azərbaycanda kənd təsərrüfatı məhsullarının, ələlxüsus meyvə-tərəvəzin qiymətində artım dinamikası təkcə paytaxt Bakıda deyil, bir çox regionda müşahidə olunur. Birinci səbəb inflyasiyadır. Gübrənin qiymətinin həddən artıq baha olması da məhsulun maya dəyərinin formalaşmasında önəmli rol oynayır. İxrac səviyyəsinin artması da məhsulların daxili istehlaka yönəlməsində azalmalara, o cümlədən ixracla münasibətdə ikinci sırada yer almasında gətirib çıxarır. 2011-ci ildən kənd təsərrüfatı məhsullarının ixrac səviyyəsi sürətlə artıb, 2020-ci ildə pandemiyaya baxmayaraq, 762 milyon dollara çatıb. 2022-ci ildə aqrar sənaye məhsullarının ixrac dəyəri təxminən 913 milyon dollar olub. Bu, 2021-ci illə müqayisədə 12% artıqdır. İxracın həcminin kəskin şəkildə artması müsbət hal olsa da, daxili bazarın təchizatında müəyyən çətinlik yaradır. Bu gün qiymət artımına səbəb olan faktorlardan biri ixraca ciddi dəstəyin göstərilməsidir”.
Təbiət hadisələrinin daxili bazara vurduğu zərəri şərh edən ekspert hesab edir ki, hər il fermerlər bir sıra çətinlik yaşayırlar: quraqlıq, qar yağması, sel və s. Kütləvi zərərin qıtlığa səbəb olduğunu deyən E.Əmirov bunun qiymət artımına gətirib çıxardığını bildirdi: “Sığorta həcmi nə qədər yüksək olsa da, məhsulun qiymətinə müsbət təsir göstərə bilmir. Sığorta, sadəcə, sahibkarlıq fəaliyyətini stimullaşdıra bilər”.
İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı ekspert Eyyub Kərimli “Yeni Müsavat”a bildirdi ki, qeyri-sabit hava şəraiti kənd təsərrüfatı məhsullarının çatdırılmasında ciddi çətinlik yaradır. Ekspert hesab edir ki, logistikada yaranan problemlər qiymətlərə müəyyən dərəcədə təsir edə bilər: “Hava şəraiti düzələn kimi qiymətlər də stabilləşəcək. Qeyri-sabit hava bəzi məhsulların qiymətinin aşağı düşməsinə səbəb ola bilər. Yağıntının çox düşməsi ilə əlaqədar buğdanın, arpanın məhsuldarlığı artıb, nəticədə bu məhsulların qiyməti aşağı düşüb. Ümumiyyətlə, yay mövsümü məhsulun bol olan vaxtıdır. Buna görə də sentyabra qədər qiymət artımı olmayacaq, əksinə, enmə müşahidə olunacaq”.