17-09-2025, 13:59
16-09-2025, 13:04
10-09-2025, 10:22
18-08-2025, 13:24
4-08-2025, 08:32
Bazarlarda hazırda pomidor və xiyarın qiymətində kəskin artım müşahidə olunur. Alıcıların sözlərinə görə, bahalaşma sürətlə və kəskin şəkildə baş verib. Bəs bu qiymət artımına nə səbəb olub?
Kənd təsərrüfatı üzrə ekspert, iqtisadçı Cəfər İbrahimli Metbuat.Az-a açıqlamasında bildirib ki, bahalaşma mövsümlə əlaqədardır:
“Bu məhsullar əsasən Azərbaycanda açıq tarla şəraitində kifayət qədər məhsuldar bitkilərdən əldə olunur. O dövrdə məhsul bolluğu olduğuna görə qiymətlər aşağı düşür. Hazırda isə elə bir vaxtdır ki, açıq tarlalarda yetişdirilən məhsulların yığımı artıq başa çatıb. İndi bazara daha çox qapalı sahələrdən məhsul çıxır. Bu da mövsümün dəyişməsi ilə və ya yetişdirmə dövründə baş verən müəyyən gecikmələrlə bağlı ola bilər. Elə həmin qısa müddətli gecikmələr də məhsulun qiymətinin qalxmasına səbəb olur”.
Ekspert qapalı sahələrdə də kifayət qədər məhsul yetişdirildiyini istisna etməyib:
“Bu sahələrdən bazara kifayət qədər məhsul çıxarıldıqda qiymətlərin yenə ötən illərə uyğun tənzimlənəcəyini düşünürəm. Yəni fövqəladə bir dəyişiklik yoxdur. İxracda da ciddi dəyişiklik müşahidə edilmir. Daxili bazarda təklif azlığı olduğunu düşünmürəm. Dediyim kimi, bu, əsasən mövsümlə bağlı bir məsələdir”.