Gürcülər Azərbaycanla quru sərhədin bu tarixdən açılacağını deyir...


Sozcu.info xəbər verir ki, Gürcüstanın yerli “BusinessPressNews” saytının yazdığına görə, mayın 1-dən etibarən Azərbaycanın qonşu dövlətlərlə, o cümlədən Gürcüstanla quru sərhədlərini açacağı gözlənilir. 

Yayılan məlumatlar Azərbaycanda həm mətbuatda, həm də sosial mediada geniş müzakirələrə səbəb olub. Gürcü mətbuatı Azərbaycanla sərhədlərin açılacağı xəbərini ölkə rəsmilərinə istinadən yayıb.

Artıq ötən gün Nazirlər Kabineti xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı qərar verib. Bu gündən etibarən hava nəqliyyatı vasitəsilə bütün xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycana giriş-çıxışına icazə verilib. Həmçinin xarici ölkə vətəndaşlarının ölkəyə giriş və çıxışı zamanı COVID-19 pasportu ilə bağlı tələb ləğv edilib. 

Bəs quru sərhədlərin açılması nə dərəcədə realdır? Hazırda bununla bağlı müzakirələr gedirmi?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov hələ ki, bununla bağlı rəsmi məlumatın olmadığını xatırladır: “Gürcüstan mətbuatında belə bir məlumat yayılıb, mən də oxumuşam. Amma bununla bağlı hələ ki, rəsmi məlumat yoxdur. 

Mənim fikrimcə, sərhədlərin bağlanması əsasən təhlükəsizlik məsələsi ilə əlaqədardır. Əlbəttə, mən istərdim ki, quru sərhədlər açılsın. Hətta mən təklif də verdim ki, heç olmasa, sərhədlər elə açılsın ki,

yoxlamalar getsin, müəyyən məsələlər öz həllini tapsın. Elə insanlar var ki, mütləq gəlməlidirlər, ailələrində müəyyən problemlər ola bilər. O insanların müəyyən hissəsini yüksək nəzarət mexanizmini həyata keçirməklə buraxmaq olar. Amma ətrafda fikir verirsinizsə, bəzi hadisələr baş verir - İranla münasibət, Rusiyanın Qarabağda oynadığı oyunlar və s. Bunların hamısı təhlükəsizliyə təminat üçün həyata keçirilir ki, Azərbaycanda ciddi problem yaşanmasın. Şəxsən mən millət vəkili olaraq Azərbaycanda bu sərhədlərin açılmasının tərəfdarıyam. Ciddi nəzarət mexanizmi həyata kçeirməklə sərhədləri açmaq olar”. 

Məsələ ilə bağlı müzakirələrin getməsinə gəlincə isə V. Əhmədov bu barədə məlumatlı olmadığını bildirib: “Bunu Gürcüstan mətbuatı yazıb, rəsmi məlumat yoxdur. Lakin ola bilər ki, bununla bağlı müəyyən danışıqlar getsin”. 

Mövzu ilə bağlı Nazirlər Kabineti ilə də əlaqə saxladıq. Qurumdan da hələ ki, quru sərhədlərin açılacağı ilə bağlı rəsmi qərarın olmadığı bildirildi.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən bağlanan sərhədlərin Ümumdünya Səhiyyə Təşkilatının dünyada pandemiyasının sona çatdığını rəsmən açıqlamasından sonra hələ də qapalı qalması sual doğurur. Nəzərə alsaq ki, artıq ölkədə epidemioloji vəziyyət də stabilləşməyə doğru gedir, sərhədlərlə bağlı qərarın dəyişəcəyi mümkün görünə bilər. Azərbaycanda son sutkada koronavirus infeksiyasına 22 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb. Ölkədə aktiv xəstə sayı 140 nəfərdir. Son sutkada bu virus səbəbindən 5 nəfər vəfat edib. 

Xatırladaq ki, COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycanda “xüsusi karantin rejimi” 2020-ci ilin mart ayından etibarən tətbiq edilir. Həmin ilin aprelindən isə ölkədə bir sıra qapanmalarla yanaşı Azərbaycanın quru sərhədləri də bağlanıb. Hazırda pandemiya ilə bağlı məhdudiyyətlər aradan qaldırılsa da, sərhəd 3 ildir ki, bağlıdır.




Oxşar Xəbərlər

Xəbər lenti