İran generalı Azərbaycanla bağlı nə demişdi?


Azərbaycan Müdafiə Nazirliyi İran İslam Respublikası ordusunun Quru Qoşunlarının Komandanı Kiumərs Heydərinin bəzi iddialarına cavab verib.

Nazirliyin açıqlamasında vurğulanır ki, Kiumərs Heydəri “öz cəfəng fikirlərində Azərbaycanda guya “sionist” qüvvələrin olması və 44 günlük vətən müharibəsində (İkinci Qarabağ müharibəsi) Azərbaycanın Suriyadan gətirilən İŞİD terroristlərindən istifadə etdiyini və onların hələ də ölkə ərazisində olduğunu iddia edir”.

Nazirlik bəyan edir ki, Azərbaycan ərazisində hər hansı xarici qüvvələrin olması haqqında İran tərəfinin ittihamı əsassızdır və tamamilə qəbuledilməzdir. Açıqlamaya görə, Azərbaycan bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyir və dövlətlərin daxili işlərinə qarışmır.

“44 günlük vətən müharibəsində Azərbaycanın guya İŞİD terrorçularından istifadə etməsinə dair ittihama cavab olaraq bildiririk ki, ... iddia cəfəng ittiham və iftiradan başqa bir şey deyildir”, nazirlik vurğulayır.

Açıqlamanın sonunda deyilir: “Bu ittihamın məhz terrorizmi dəstəkləyən və adı dünyanın müxtəlif ölkələrində terror əməllərinin törədilməsində keçən dövlətin yüksək çinli hərbçisi tərəfindən irəli sürülməsi gülüş doğurur.”

Martın 30-da İran quru qoşunlarının komandanı Kiumərs Heydərinin bəyanatı yayılmışdı. O demişdi ki, Qafqazda “bir neçə həssas məsələ var” və onlardan biri də Azərbaycan sərhədində “sionist rejimi elementlərinin olmasıdır”.

O bəyan etmişdi ki, “İran region ölkələrində sionist elementlərin mövcudluğuna dözməyəcək”. Bu açıqlamaya, hələlik, İranın Azərbaycandakı Səfirliyinin münasibəti məlum deyil.

İkinci Qarabağ müharibəsində Azərbaycanın muzdlu döyüşçülərdən istifadə etməsi iddiası bundan əvvəl də səslənib. Amma Azərbaycanın rəsmi qurumları bu iddianı birmənalı təkzib ediblər.

yenisabah.az



Oxşar Xəbərlər

Xəbər lenti