8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Tehran Əhvaz teraktına görə ABŞ-ı və onun dəstəklədiyi ölkələri ittiham edir
Nəzakət Məmmədova: "Bu, İranın qüdrət nümayişinə vurulmuş ağır və sarsıdıcı zərbə oldu"
"Şübhəsiz ki, İranda baş verən bu olay nüvə silahı əldə etmək cəhdlərində şübhəli bilinən dövlətin bir parad keçirmək iqtidarında olmadığını göstərdi"
"Görünür, iqtisadi sanksiyalarla yanaşı, terror aktları ilə siyasi sabitlik və asayişi pozaraq, əhalinin narazılığının yaradılması, beləliklə rejimin çökməsi planlaşdırılır"
Bugünlərdə İranın Əhvaz şəhərində keçirilən hərbi parad zamanı terror aktı törədilib. Nəticədə 29 nəfər həlak olub, 60 nəfər isə yaralanıb. Qeyd edək ki, sözügedən hadisə baş verdikdən bir qədər sonra İranın terror təşkilatı hesab etdiyi, eyni zamanda Səudiyyə Ərəbistanının dəstəklədiyi "Əl-Əhvaziyə" adı ilə tanınan "Əhvaz Xalqı Demokratik Cəbhəsi" separatçı qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. Lakin bir qədər sonra İŞİD terror qruplaşması Əhvaz şəhərində baş verən qanlı olayın təşkilatçısı olduğunu bəyan edib. Təbii ki, məhz bu faktın özü hazırda İranda olduqca müəmmalı proseslərin cərəyan etdiyini deməyə əsas verir. Çünki baş vermiş terror aktına görə, bir neçə qruplaşma, o cümlədən ölkə, İran rəsmiləri tərəfindən ciddi şəkildə ittiham olunur. Ki, onlardan biri də İranın əzəli rəqibi, daha doğrusu düşməni ABŞ-dır.
Söz yox ki, cənub qonşumuz hərbi paradla rəqiblərinə əzələ nümayiş etdirməyi, dünyaya gücünü göstərməyi planlaşdırıb. Lakin ölkənin ən yüksək rütbəli hərbi nümayəndələrinin qatıldığı mərasimdə belə bir olayın baş verməsi İranın heç də iddia etdiyi qədər güclü olmadığını və elə bu səbəbdən də ABŞ qarşısında duruş gətirə bilməyəcəyini düşünməyə əsas verir. Özünüz fikirləşin, əgər ən yüksək səviyyədə təhlükəsizlik tədbirlərinin təşkil olunduğu parad zamanı terror aktı törədilirsə, deməli bu, İranın zəifliyi, onun qəfil hücumlara hazır olmadığı anlamına gəlir. Düzdür, SEPAH (İran İslam İnqilabı Keşikçiləri Korpusu-red.) Əhvazda baş verən teraktı törədənlərdən unudulmaz və ölümcül intiqam alınacağını bəyan etsə də, bu, nəticəni dəyişmir. Yəni fakt odur ki, artıq sözügedən olay bir sıra yerli, həmçinin beynəlxalq ekspertlər tərəfindən İranın ABŞ və onun müttəfiqlərinə qarşı güc nümayişinə vurulmuş ağır zərbə kimi dəyərləndirilir. Məhz elə bu səbəbdən də rəsmi Tehran Əhvaz teraktına görə birbaşa ABŞ-ı ittiham edir. Məsələn, Əhvaz şəhərində törədilən terror aktının kimlər tərəfindən həyata keçirildiyini, kimlərlə əlaqəli olduğunu çox yaxşı bildiklərini deyən İran prezidenti Həsən Ruhani qeyd edib ki, ABŞ-ın dəstəklədiyi Körfəz ölkələri bu terakta görə məsuliyyəti üzərinə götürən "Əhvaz Xalqı Demokratik Cəbhəsi"nə maliyyə və hərbi yardımlar göstərir. Ölkəsinin əsla bu terrora göz yummayacağını vurğulayan Ruhaninin sözlərinə görə, ABŞ Körfəz ölkələrini bu cinayətləri törətmək üçün resursla təmin edir: "İran bu cinayətlərə hüquqi və beynəlxalq mənfəətləri çərçivəsində cavab verəcək. ABŞ gücə sahib olanın dünyada cəzasız qalacağına inanaraq hərəkət edir. Onlar İranda etimadsızlıq mühiti yaratmaq istəsələr də buna nail ola bilmədilər. İran sanksiyaların öhdəsindən gələcək. ABŞ təcavüzkarlığına görə peşman olacaq". ABŞ prezidenti Donald Trampı İraqın mərhum prezidenti Səddam Hüseynin taleyi gözlədiyini iddia edən Ruhani ölkəsinin ABŞ-ın qəzəbinə səbəb olan müdafiə vasitələrindən imtina etmək niyyətində olmadığını bəyan edib.
Nəzərinizə çatdıraq ki, İranın Ali dini lideri Əli Xamenei də Əhvazda törədilən terror aktının arxasında ABŞ-ın rəhbərlik etdiyi dövlətlərin dayandığını bildirib. Belə ki, baş vermiş olayı ABŞ-ın regiondakı marionet dövlətlərinin sui-qəsdi aldandıran Xamenei hesab edir ki, onların məqsədi İranda vəziyyəti gərginləşdirməkdir. İranın digər rəsmiləri ilə eyni mövqedən çıxış edən xarici işlər naziri Məhəmməd Cavad Zərif isə bildirib ki, sözügedən terror aktına görə məsuliyyəti terrorçuluğun regional sponsorları və onların amerikalı təlimatçıları daşıyır.
Gördüyünüz kimi, İranın bütün dövlət rəsmiləri Əhvazda törədilən terakta görə ABŞ-ı və onun müttəfiqlərini ittiham edirlər. Onlar yekdilliklə bəyan edirlər ki, sözügedən terror aktı İranda vəziyyəti qarışdırmaq, çaxnaşma yaratmaq məqsədiylə həyata keçirilib. Qeyd edək ki, "Regnum" İnformasiya Agentliyinin köşə yazarlarından biri, Şərq redaksiyasının baş redaktoru Stanislav Tarasov da mövzu ilə bağlı yazısında məsələyə məhz bu konteksdən yanaşıb. Onun fikrincə, 2005-ci ildən başlayaraq İrandakı teraktların dosyesiylə tanış olduqda, bunların qüvvə toplayan etnik və coğrafi bağları gözə dəyir: "Yada salaq ki, 2005-ci il iyunun 12-də prezident seçkilərinə iki gün qalmış Əhvazda general-qubernatorun sarayı qarşısında partladıcı qurğu işə salınıb. 11 adam həlak olub, 87-i yaralanıb. Şəhərdə növbəti 10 ay ərzində daha dörd terakt baş verib, qurbanların ümumi sayı 28 nəfər olub. İranda partlayışın təşkilində ölkənin ərəb əhalisinin əsas bölümünün yaşadığı Xuzistanın müstəqilliyini tələb edən İran ərəbləri qruplaşmasını ittiham ediblər. Partlayışlar həbs və terakt təşkilatçılarının edamından sonra kəsilib". Stanislav Tarasovun sözlərinə görə, buradan belə nəticəyə gəlmək olar ki, İranda müxtəlif məqsədlərlə rejimlə çarpışan gizli iş fəaliyyət göstərir. Əvhazda teraktın Həsən Ruhaninin BMT Baş Assambleyasının sessiyasının işində iştirak üçün Nyu-Yorka uçuşu ərəfəsində baş verdiyini xatırladan rusiyalı yazar hesab edir ki, bölgədə müəyyən qüvvələr İran prezidentinin Donald Trampla görüşündə maraqlı deyil: "Əhvaz teraktından sonra siyasi və əxlaqi səbəblər üzündən Ruhani-Tramp danışıqları mümkün deyil. Bundan başqa, İran və Səudiyyə Ərəbistanı arasında qəlizləşmənin növbəti buğumu başlaya bilər ki, bu da Yaxın Şərqdəki durumu daha çox ağırlaşdırar".
Bu arada, mövzu ilə bağlı mövqeyini öyrəndiyimiz politoloq Nəzakət Məmmədova isə bu qənaətdədir ki, Əhvazda törədilmiş terror aktında məqədlərdən biri Avropa ölkələri ilə İran arasında narazılıq yaratmaqdır: "Bu terrorun günahkarları araşdırılanda əvvəlcə təkfiri döyüşçüləri, yəni İŞİD şübhəli bilindi. Lakin daha sonra bölgədəki ərəb separatçılarından şübhələnildi. Burada da bütün şübhələr Səudiyyə Ərəbistanına yönəlir. Eyni zamanda, İran Danimarka, İngiltərə və Hollandiyadakı səfirlərini geri çağırıb. Səbəb isə avropalıların Avropa torpağında terror törətməyən terror təşkilatlarını, o cümlədən "Əl-Əhvaziyə"ni terror təşkilatları siyahısına daxil etməmələridir. Düşünürəm ki, terror aktında məqədlərdən biri Avropa ölkələri ilə İran arasında narazılıq yaratmaqdan ibarətdir. Bildiyimiz kimi, ABŞ-ın İrana sanksiya tətbiq etməsinə Avropa ölkələri qarşı çıxmışdı. Qarşıdan noyabr ayında sanksiyaların ikinci dalğası gəlir ki, bu da İranın əsas gəlir sahələri olan neft-qaz sahəsini əhatə edəcək. Belə bir şəraitdə Avropa Birliyinin İranı müdafiə etməsinin qarşısını almaq üçün terror aktları törədilmiş ola bilər".
Politoloqun sözlərinə görə, daha bir vacib məqam ondan ibarətdir ki, BMT Təhlükəsizlik Şurasının bu ilki iclasına şəxsən ABŞ prezidenti Donald Tramp rəhbərlik edəcək: "Mövzu isə kütləvi qırğın silahları və İran olacaq. Lakin Şurada ABŞ-dan başqa daha 4 dövlət var. Onların hamısı İrana qarşı sanksiyaların əleyhinə çıxış edir. ABŞ bu dövlətlərlə İrana qarşı birləşməyin çətin olduğunu, digər daimi üzvlərin narazılıq edəcəyini bilir. İrandakı teraktın bir səbəbi də ona və onun tərəfdarlarına BMT iclasından əvvəl mesaj göndərmək ola bilər". Bu gün Suriyadakı vəziyyətin yenidən ABŞ və İsrailin planlaşdırdığı istiqamətdə getmədiyini vurğulayan Nəzakət Məmmədova qeyd etdi ki, bu terakt İrana və onun müttəfiqlərinə mesaj ola bilər: "Tehran danışıqlarından sonra Türkiyə, Rusiya və İran Suriya məsələsində razılığa gəldilər. Bu terakt İrana və onun müttəfiqlərinə də mesaj ola bilər. Görünür, iqtisadi sanksiyalarla yanaşı, terror aktları ilə siyasi sabitlik və asayiş pozulması yolu ilə əhalinin narazılığının yaradılması, beləliklə rejimin çökməsi planlaşdırılır. Trampın şəxsi vəkili Culiani bu günlərdə etiraf edib ki, iqtisadi sanksiyalar əhalinin narazılığını artırmalı və İranda rejim dəyişikliyinə gətirib çıxarmalıdır. Hər bir terrorun arxasında psixoloji, siyasi, iqtisadi və s. səbəblər olur. Şübhəsiz ki, İranda baş verən bu olay nüvə silahı əldə etmək cəhdlərində şübhəli bilinən dövlətin bir parad keçirək iqtidarında olmadığını göstərdi. Bu, İranın qüdrət nümayişinə vurulmuş ağır və sarsıdıcı zərbə oldu".
Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org