Tiflis İrəvanın əlini geri çevirdi - Azərbaycanla Gürcüstanın arasını vurmaq cəhdi fiaskoda

 

Ermənilərin gürcülərə BMT reveransına Tiflisdən ilginc reaksiya; işğalçı ölkənin Gürcüstandan özünə dəhliz açmaq üçün növbəti cəhdi də havada qaldı - umsuq edilən düşmən təlaşda...

Azərbaycan və Türkiyə silahlı qüvvələrinin Naxçıvan bölgəsində 5 günlük "Sarsılmaz qardaşlıq-2019" birgə təlimi başa çatdı. Budəfəki ortaq təlimlər xüsusilə üç aspektdən yadda qalan və önəmli oldu.

Əvvəla, təlimlər cəbhə xəttində düşmən tərəfin artan təxribatları və Qarabağ məsələsində onun görünməmiş həyasızlığı fonunda, İrəvan şəhərinin cəmi bir neçə on kilometrliyində keçirilirdi.

İkincisi, Türkiyənin müdafiə naziri Hulusi Akar başçılıq elədiyi nümayəndə heyəti ilə birgə ilk dəfə təlimləri şəxsən izlədi və azərbaycanlı həmkarı Zakir Həsənovla Ermənistanla sərhəddə bir araya gəldi, təcavüzkara növbəti, sərt mesaj göndərildi.

Üçüncüsü isə politoloq Elxan Şahinoğlunun qeyd elədiyi kimi, son birgə təlimlər göstərdi ki, əslində Türkiyə ordusu Naxçıvanda yerləşib, qalır bunu, sadəcə olaraq, rəsmiləşdirmək. Bu isə yeni Qarabağ savaşı zamanı Azərbaycanın Naxçıvan sarıdan tam arxayın olması və bütün hərbi gücünü arxayın şəkildə Qarabağ cəbhəsinə - işğalçı qüvvələrə qarşı yönəldə biləcəyi deməkdir.

Təsadüfi deyil ki, Azərbaycan-Türkiyə ortaq təlimi işğalçı Ermənistanda heç vaxt olmadığı qədər təlaşla izlənildi və bu ovqat hətta ən yuxarı səviyyəsində özünü büruzə verdi.

Azərbaycan-Türkiyə ortaq təlimi i ile ilgili görsel sonucu

Yeri gəlmişkən, dünən Naxçıvan Televiziyası və Türkiyənin Milli Müdafiə Nazirliyi birgə təlimlərdən videoxülasə yayıb. Kadrlara əsasən, təlimlərə cəlb edilmiş qüvvələr şərti düşmənin həmləsini dəf edərək onu sürətli əks-hücumla darmadağın edirlər. Qurudan və havadan müxtəlif silah sistemlərindən istifadə olunmaqla güclü zərbələr endirən müttəfiq qüvvələrin təlimləri real döyüş şəraitinə maksimum yaxınlaşdırılmış şərtlərdə reallaşıb. Ermənistan hərbi-siyasi dairələri bu təlimlərlə bağlı təşviş keçirərkən tamamilə haqlı imişlər.

*****

Daha bir mühüm detal. Naxçıvan təlimlərindən dərhal sonra Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri - Zakir Həsənov, Hulusi Akar və Levon İzoriya Qəbələdə üçlü formatda bir araya gəldilər. Ardınca üçtərəfli hərbi əməkdaşlığın daha da dərinləşdirilməsi, o sırada birgə hərbi təlimlərin keçirilməsi barədə anlaşma əldə edildi. Levon İzoriya gürcü ordusunun Azərbaycan və Türkiyənin ortaq təlimlərində iştirak edəcəyini açıqladı.

Bu da İrəvanda təlaşı daha da artırmış oldu. Çünki nə qədər bəyan edilsə də ki, Ankara-Bakı-Tiflis hərbi alyansı dördüncü ölkəyə qarşı yönəlməyib və sırf bölgədən keçən boru kəmərlərinin təhlükəsizliyini təmin eləmək niyyəti güdür, yenə Ermənistanın təşviş keçirməyə haqqı var.

Birinci o səbəbə ki, Rusiyanın marioneti olan işğalçı Ermənistanın bölgədə siyasi-hərbi təcridi güclənir. İkinci yandan, İrəvanın hər üç ölkəyə - Türkiyə, Azərbaycan və Gürcüstana qarşı ərazi iddiası var. Yəni bu üç dövləti birləşdirən təkcə strateji və iqtisadi-energetik maraqlar deyil.

Düşmən ölkədən gələn reaksiyalar onun nə dərəcədə təlaş içində olduğuna yaxşı dəlalət edir.

Gürcüstan Türkiyə və Azərbaycanın ile ilgili görsel sonucu

"Ümid edirik ki, Gürcüstan Türkiyə və Azərbaycanın ortaq təlimlərində iştirak etməyəcək”.Bunu "Sputnik Ermənistan”a açıqlamasında hərbi ekspert Taron Ovannisyan deyib (Axar.az). "Gürcüstan əvvəllər də Türkiyə və Azərbaycanın təlimlərində iştirak edib. Bu təlimlər xüsusi təyinatlı qüvvələr üçün olub, amma energetika infrastrukturunun təhlükəsizliyinin təmininə hədəflənən təlimlər də keçirilib. Bu, məntiqlidir, nədən ki, çünki Azərbaycandan Türkiyəyə gedən neft kəmərləri Gürcüstandan keçir. İndiki məqamda Gürcüstanın hansı təlimdə iştirak edəcəyini və burada hansı ssenarinin əsas götürüləcəyini müəyyən etmək çətindir. Yəqin ki, söhbət daha böyük təlimdən gedir. Ümid edirəm ki, Gürcüstan gələcəkdə Ermənistanın maraqlarına xidmət etməyən Türkiyə-Azərbaycan təlimlərində iştirak etməyəcək”, - o bildirib.

*****

Maraqlıdır ki, ötən həftə Ermənistan son 11 ildə ilk dəfə olaraq Gürcüstana siyasi reverans eləmişdi. Söhbət BMT Baş Məclisində Gürcüstanın Rusiya tərəfindən işğal edilmiş Abxaziya və Cənubi Osetiya bölgələrindən olan məcburi köçkünlərlə bağlı qəbul edilən qətnamədən gedir. Qonşu ölkənin ərazi bütövlüyü növbəti dəfə dəstəkləndiyi sənədlə bağlı səsvermə zamanı Ermənistan ilk dəfə ənənəni pozaraq, Rusiyanın yanında yer almamış, səsverməyə qatılmamışdı. Bununla da dolayısıyla Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini nümayiş etdirmilşdi. Bu da bilavasitə baş nazir Nikol Paşinyanın iradəsi ilə bağlı idi və əslində Tiflislə Bakının arasını vurmağa hesablanmışdı.

Coni Melikyan ile ilgili görsel sonucu

Coni Melikyan

Səsvermə ilə bağlı gürcü-erməni əlaqələri üzrə erməni ekspert Coni Melikyan ehtimal etmişdi ki, guya iki qonşu ölkə qeyri-formal şəkildə anlaşıb ki, daha bir-birinin əleyhinə səs verməsinlər. "Çünki əvvəllər Gürcüstan bir sıra anti-erməni qətnamələrinə, məsələn, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədlərə səs verib. İrəvan bununla münasibətlərin yaxşılaşması yönündə ilk addım atmaq istəyib. Bitərəf qalmaqla biz (Ermənistan - ”YM") daha möhkəm əlaqələr qurmaq istədiyimizi göstərmişik. Bununla biz həmçinin Azərbaycanın Gürcüstanda Ermənistan əleyhinə təbliğatını pozmuşuq. Nədən ki, bu məsələ onların Ermənistana ünvanlı tənqidlərində əsas istiqamətlərdən biri idi" - erməni ekspert bildirmişdi.

Yəni rəsmi İrəvan Bakının başı üzərindən Tiflisə əl uzatmaqla ümid edirdi ki, Gürcüstan bu əli sıxacaq, bundan sonra Dağlıq Qarabağla bağlı BMT-də analoji qətnamələr zamanı "anti-erməni” mövqeyi tutmayacaq və Azərbaycanın ərazi bütövlüyünün təsdiqləndiyi sənədlərin səsverməsi zamanı Ermənistan kimi ən azından, bitərəf qalacaq, ümumiyyətlə, Tiflis Bakı və Ankaranın təsir zonasından uzaqlaşmağa çalışacaq.

*****

O da maraqlıdır ki, BMT-dəki son səsverməyə cəmi bir neçə gün qalmış Qazaxıstanda verdiyi müsahibədə Paşinyan demişdi ki, İrəvan Rusiya ilə Ermənistan arasında Abxaziyadan keçən dəmir yolunun bərpasına ümid edir. Bu da Ermənistanın BMT-dəki səsvermədə gürcülərin xeyrinə bitərəf qalmasının başqa bir ilginc səbəbi idi: işğalçı ölkə Gürcüstandan özünə yeni dəhliz açılmasını istəyir.

Qəbələ görüşü və anlaşması bu ümidlərin əsassız olduğunu göstərdi. Bu da məntiqlidir. Çünki ortaq maraqlar məsələsi var. Məsələ ondadır ki, Gürcüstan və Azərbaycan əraziləri işğala məruz qalan tale ortaqları, Ermənistan və Rusiya isə işğal ortaqlarıdır. Ən önəmlisi, Gürcüstan özünün iqtisadi, energetik təhlükəsizliyinə, bütövlükdə milli təhlükəsizliyinə görə ilk növbədə Azərbaycana borcludur, Azərbaycan Gürcüstana ən böyük sərmayə yatıran 3 ölkədən biridir. Tiflis qarşılığında ciddi heç nə vəd olunmayan Ermənistanla yaxınlaşma naminə bütün bunları gözardı edib özünə qarşı suisidə, siyasi intihara imza atmaz. Atmamalıdır... /musavat.com/



Oxşar Xəbərlər

Xəbər lenti