8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Türkiyənin müdafiə naziri Nurəddin Caniklinin Bakıdan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistana mesaj verməsi rəsmi Yerevanda təşviş yaradıb.
Ermənistan xarici işlər nazirinin müavini Savarş Koçaryan Nurəddin Caniklinin bəyanatını şərh edərkən narahatlığını gizlədə bilməyib.
XİN başçısının müavini bu narahatlığını Türkiyəni Dağlıq Qarabağ münaqişəsinin həllinə müdaxilə etməkdə ittiham edərək pərdələməyə çalışıb.
Görünən isə budur ki, Ermənistan həqiqətən də təşvişə düşüb və Qarabağda müharibə başlayacağı təqdirdə təklənəcəyindən qorxur.
"Bu birinci dəfə deyil ki, Türkiyə Dağlıq Qarabağ məsələsinə müdaxiləyə cəhd edir. Bu isə münaqişənin nizamlanmasında irəliləyişin qarşısını alır. Bu, Ankaranın qeyri-konstruktiv və birtərəfli yanaşmasıdır” - Savarş Koçaryan belə açıqlama verib.
O fikrini belə əsaslandırıb ki, Türkiyənin mövqeyi ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri ilə ziddiyyət təşkil edir.
Bununla konfliktin həllində "tərəqqi” axtaran Koçaryan Ermənistanın Qarabağ münaqişəsi ətrafındakı status-kvonun saxlanılmasının tərəfdarı olmasını dilə gətirib.
Bunu rəsmi Ankaranın mövqeyinin "irəliləyiş”in qarşısını almağa "maneə” kimi dəyərləndirməsindən sezmək elə də çətin deyil.
Ermənistan istəyir ki, hazırkı durumun vaxtı uzadılsın və bundan xal qazansın, bu məsələdə ATƏT-in Minsk qrupunun həmsdərlərinin mövqeyi də Yerevana əlavə stimul verir.
Çünki Minsk qrupunun həmsədrləri də neçə ildir şablon diplomatik bəyanatları ilə yalnız Ermənistanın maraqlarına işləyiblər.
Türkiyənin müdafiə naziri Nurəddin Canikli böyük bir nümayəndə heyəti ilə birgə Azərbaycanda səfərdədir. Xəbər verdiyimiz kimi, bu gün hərbi nazir iki qardaş ölkənin sentyabrın 18-də başlamış və Hərbi-Hava Qüvvələrinin kontingentlərinin qatıldığı birgə təlimlərin bağlanış mərasiminə qatılacaq.
Ötən gün isə o, səfər çərçivəsində Bakıda rəsmi xarakterli bir sıra mühüm görüşlər keçirib, önəmli açıqlamalar verib.
"Azərbaycan ərazisi olan Qarabağın işğaldan azad edilməsi qaçılmazdır” deyən Canikli əmindir ki, Azərbaycan əraziləri gec-tez erməni işğalından azad ediləcək.
Nazir bildirib ki, Türkiyə və Azərbaycan ən ağır məqamlarda xarici dövlətlərdən silah alınması problemi ilə üzləşib. Ona görə də Türkiyə və Azərbaycan müdafiə sənayesi sahəsində səyləri gücləndirməlidir.
Nazir həmçinin iki ölkə arasında ortaq hərbi təlimlər praktikasının davam etdiriləcəyinə diqqət çəkib.
"Biz Azərbaycanla vahid dövlət kimi hərəkət edirik. Bizim gücümüz - Azərbaycanın gücü, Azərbaycanlın gücü - Türkiyənin gücüdür. Hərbi təlimlər əməkdaşlığımızın yalnız bir hissəsidir.
Belə təlimlər daha böyük sayda hərbi qüvvə və texnikalar cəlb olunmaqla artacaq və davam edəcək. Biz Azərbaycana bütün sahələrdə dəstək verməyə hazırıq. Azərbaycan və Türkiyə Silahlı Qüvvələri vahiddir. Bunu hər kəs bilməlidir. Silahlı Qüvvələrimiz lazım gələn anda bir-birinə hər cür dəstək verməyə hazırdır”.