Bu gün, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Yeni rəhbərlik Azərbaycana qarşı əvvəlki siyasətini davam etdirəcəkmi?
Politoloq: "Artıq cəmiyyətdə belə bir qənaət var ki, Aİ Azərbaycanla münasibətdə özünün iqtisadi-ticarət və enerji təhlükəsizliyini insan haqları və demokratiyadan daha üstün tutur”.
"Avropa İttifaqına yeni rəhbərin seçilməsi Azərbycanla qarşılıqlı münasibətlərə xüsusi təsir göstərməyəcək”.
Bu sözləri politoloq Nəsimi Məmmədli Avropa İttifaqının yeni rəhbərliyinin rəsmi Bakı ilə mümkün münasibətlərini PİA.az-a şərh edərkən qeyd edib.
Xəbər verdiyimi kimi Avropa İttifaqı Şurasına yeni prezident seçilib. Bu vəzifəyə Şarl Mişel layiq görülüb. O, 2019-cu ilin dekabrın 1-dən fəaliyyətə başlayacaq. Qeyd edək ki, Şarl Mişelin səlahiyyət müddəti 2022-ci ilin mayın 31-də başa çatacaq.
Azərbaycan prezidenti İlham Əliyev iyulun 18-də Aİ-nin yeni seçilən rəhbərlərini - Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişeli və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayeni təbrik edib. Dövlət başçısımız Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın bundan sonra da hər iki tərəfin maraqlarına uyğun şəkildə uğurla inkişaf edəcəyindən əminliyini ifadə edib."Ümidvaram ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin daha da genişlənməsi, əməkdaşlığımızın hərtərəfli inkişafı və dərinləşməsi istiqamətində birgə səylər göstərəcəyik”, deyə İlham Əliyev qeyd edib.
Daha iki yeni seçilən şəxsi - Aİ-nin xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel Fontelyesin və Avropa Parlamentinin sədri David Sassolini də Azərbaycana olan münasibətinin xüsusi önəmi qeyd olunmalıdır.
Yeni rəhbərliyin Azərbaycana münasibətləri barədə nə demək olar? Yeni rəhbərlik Azərbaycana qarşı əvvəlki siyasətini davam etdirəcəkmi? Və yaxud Avropa İttifaqı Azərbaycana qarşı yeni prizmadan çıxış edə bilərmi?
Mövzunu PİA.az-ın əməkdaşı politoloq Nəsimi Məmmədli ilə müzakirə edib.
Nəsimi Məmmədli: "Azərbaycan iqtidarı Sazişlə üzərinə götürdüyü öhdəliklərin icrasından və Aİ-na inteqrasiyadan yayınır”.
Azərbaycan hökumətinin Avrointeqrasiya prosesini əngəllədiyini və ikitərəfli öhdəlikləri yerinə yetirə bilmədiyini düşünən politoloq PİA.az-a mövzunu şərh edərkən əlavə edib ki, hökümət köklü və etimadlı iqtisadi-siyasi islahatlara başlamaq iradəsini ortaya qoymur. Aİ ilə iqtisadi-siyasi münasibətlərimizin yeni fazaya keçirməyə cəhd etmir:
"Avropa İttifaqına yeni rəhbərin seçilməsi Azərbycanla qarşılıqlı münasibətlərə xüsusi təsir göstərməyəcək. Aİ-nın öz standartları və maraqları var. Bütün hallarda onların öz prinsiplərinə sadiqlik nümayiş etdirəcəyi şübhəsizdir.
Məsələyə bir qədər geniş yanaşsaq, hələ 1996-ci il, aprelin 22-də Lüksemburq şəhərində Aİ ilə Azərbaycan arasında "Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” (TƏS) imzalanarkən, ən qısa zamanda Assosiasiya Sazişinin də imzalanması nəzərdə tutulurdu. Aİ ilə tərəfdaşlıq və əməkdaşlığın mahiyyətində əsasən insan ləyaqətini qoruyan universal dəyərlər dayanırdı. Azadlığı, bərabərliyi və həmrəyliyi təşviq edən prinsiplər geniş yer alırdı. Siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər sahələrdə genişmiqyaslı əməkdaşlığı nəzərdə tuturdu.
Hətta Sazişin imzalanması ilə ölkədə təməl hüquq və azadlıqlarının təmin olunacağına və demokratik cəmiyyət quruculuğu üçün əlverişli mühitin formalaşacağına böyük ümid yaranmışdı. Ancaq Sazişin imzalanmasından illər ötsə də, heç bir real addımın atıldığının və öhdəliklərin yerinə yetirilməsi istiqamətində siyasi iradənin şahidi deyilik.
Nəsimi Məmmədli: "Aİ ilə sazişin imzalanmamasının əsas məsuliyyəti Azərbaycanın üzərinə düşür”.
Keçən müddət ərzində bu yöndə gərəkli addımların atılması əvəzinə, təəssüf ki ölkədə hüquq və azadlıqların durumu daha da ağırlaşıb. Bütün nüfuzlu beynəlxalq hesabatlarda korrupsiyanın səviyyəsinə, insan hüquq və azadlıqlarının pozulmasına, qeyri-demokratik seçkilərə və siyasi məhbusların sayına görə Azərbaycan qeyri-azad ölkə kimi xarakterizə olunur.
Məsələ belədir ki, Aİ tərəfdaşlıq və əməkdaşlıq etmək istədiyi tərəflərə vahid hüquqi-siyasi standartlar təklif edir. Yerli qanunvericiliyin Aİ qanunvericiliyinə uyğunlaşdırılması üçün yerli hökumətlərə hərtərəfli dəstək göstərməyi də öz üzərinə götürür. Demokratiyaya, tərəqqiyə, firavanlığa və sabitliyə can atan istənilən cəmiyyət üçün bu fürsətlər əvəzolunmazdır.
Sadalanan tələblərin mahiyyətindən aydın görünür ki, bu prinsiplərin həyata keçməsindən ən çox qazanan sadə azərbaycanlılar ola bilərdi. Ancaq hökumət bu imkanı vətəndaşların üzünə bağlamaq yolunu tutub. Azərbaycan hökuməti qanunun aliliyinə, ifadə azadlığının təmin edilməsinə, genişmiqyaslı siyasi və iqtisadi islahatlara, vətəndaş cəmiyyətinin maneəsiz fəaliyyəti üçün əlverişli şərait yaratmağa, habelə bütün siyasi və vicdan məhbuslarını azad etməyə hazır olmadığını dəfələrlə nümayiş etdirib.
Münasibətlərdəki əsas problem ondadır ki, Azərbaycan iqtidarı Sazişlə üzərinə götürdüyü öhdəliklərin icrasından və Aİ-na inteqrasiyadan yayınır. Aİ ilə Assosiasiya Sazişini və Strateji Tərəfdaşlıq haqqında Sazişi imzalamaqdan imtina edir. Həmçinin, Helsinki Yekun Aktında, yeni Avropa üçün Paris Xartiyasında müəyyən olunan, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığın əsasını təşkil edən öhdəlikləri yerinə yetirmir. Belə şəraitdə hansısa müsbət əlaqələrdən danışmaq əbəsdir.
Nəsimi Məmmədli: "Azərbaycan hökumətinin öhdəliklərinə əməl etməməsinə passiv reaksiya verməklə cəmiyyətin Avrointeqrasiyaya inamını sarsıdır”.
Artıq cəmiyyətdə belə bir qənaət var ki, Aİ Azərbaycanla münasibətdə özünün iqtisadi-ticarət və enerji təhlükəsizliyini insan haqları və demokratiyadan daha üstün tutur. Həmçinin, Azərbaycan hökumətinin öhdəliklərinə əməl etməməsinə passiv reaksiya verməklə cəmiyyətin avrointeqrasiyaya inamını sarsıdır. Aİ-nın fundamental dəyər və prinsiplərinə, habelə Sazişdə nəzərdə tutulan təməl hüquq və azadlıqların pozulmasına nədənsə çevik və adekvat reaksiya bildirmir.
Eyni zamanda Azərbaycan hökuməti də avrointeqrasiya prosesini əngəlləyir və ikitərəfli öhdəliklərini yerinə yetirmir. Köklü və etimadlı iqtisadi-siyasi islahatlara başlamaq iradəsini ortaya qoymur. Aİ ilə iqtisadi-siyasi münasibətlərimizin yeni fazaya keçirməyə cəhd etmir. Məhkəmə-hüquq islahatları aparmaq, siyasi məhbus probleminə son qoymaq, müstəqil vətəndaş cəmiyyəti qurumlarına və azad mediaya şərait yartmaq, sərbəst toplaşmaq və birləşmək azadlığını təmin etmək, habelə demokratik seçki keçirmək niyyətini göstərmir.
Xüsusilə də Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmaqdan, Aİ vətəndaşları üçün viza rejiminin sadələşdirilməsindən, "açıq səma” aviasiya sazişinin imzalanmasından, bank və maliyyə sisteminin sərbəst fəaliyyətindən, demokratik islahatlar aparılmasından, insan hüquqlarının müdafiəsindən, qanunun aliliyinin, sərbəst toplaşmaq azadlığının təmin edilməsindən faktiki olaraq imtina edir. Belə bir mürəkkəb şəraitdə Aİ ilə sazişin imzalanmamasının əsas məsuliyyəti Azərbaycanın üzərinə düşür”.