8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycan prezidenti İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün şimal qonşumuza etdiyi səfər gündəmdən düşmür. Dövlət başçısının Rusiyada keçirdiyi görüşlər ölkəmiz acısından müsbət dəyərləndirilir.
İ.Əliyevin Sanki-Peterburq şəhərində fəaliyyət göstərən diaspor təşkilatlarımızın rəhbərləri ilə görüşü, orada dedikləri xüsusilə diqqət çəkib. Ölkə rəhbəri Azərbaycan-Rusiya əlaqələrindən danışarkən I vitse-prezident Mehriban Əliyevanın bir ay öncə bu ölkəyə səfərinə də toxunub: "Bu il Mehriban xanımın Rusiyaya çox uğurlu rəsmi səfəri baş tutdu. Səfər çox yüksək səviyyədə təşkil edildi. Prezident Vladimir Putinlə görüşü, prezident tərəfindən Mehriban Əliyevaya ”Dostluq" ordeninin təqdim edilməsi, əlbəttə ki, böyük hadisədir. Biz bilirik ki, Rusiyanın prezidenti prezident olmayan şəxsləri çox nadir hallarda qəbul edir. Bu istisna hal Rusiya prezidentinin Azərbaycana münasibətinin təzahürüdür. Azərbaycanda da Rusiya prezidentinə böyük hörmət var. İkitərəfli əlaqələrin inkişafında prezidentlərin, əlbəttə ki, xüsusi rolu vardır. Mehriban xanımın səfər çərçivəsində həm baş nazirlə, həm də Federasiya Şurasının sədri ilə görüşləri olubdur. Əlbəttə ki, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində "Azərbaycan” pavilyonunun yenidən açılması tarixi hadisədir. Yəni bu və digər hadisələr 2019-cu ildə Rusiya-Azərbaycan əlaqələrinin inkişafını şərtləndirdi. Bu işlərin iştirakçısı və bir çox məsələlərin təşəbbüskarı kimi mən tam qətiyyətlə deyə bilərəm ki, bu gün Rusiya-Azərbaycan əlaqələri tarixdə ən yüksək səviyyədədir".
Prezident Rusiyada yaşayan azərbaycanlılara olan diqqətdən də danışıb: "Rusiyada yaşayan azərbaycanlılar, əminəm ki, bunu gündəlik həyatda hiss edirlər. Çünki Rusiyada azərbaycanlılara münasibət çox müsbətdir, onlar rahat yaşayırlar. Onların bir çoxu, demək olar ki, mütləq əksəriyyəti çox fəaldır, həm elmdə, təhsildə, biznesdə böyük imkanları var. Rusiyanın vilayətlərində və böyük şəhərlərində qanunvericilik orqanlarında artıq azərbaycanlılar təmsil olunurlar. Azərbaycan əsilli vətəndaşların Rusiyada sayı təqribən 700 minə yaxındır. Burada işləməyə, yaxud da ki, ezamiyyətə gələn Azərbaycan vətəndaşlarının sayı da çoxdur. Ona görə Rusiya-Azərbaycan əlaqələrinin bu səviyyədə olması Rusiyada yaşayan azərbaycanlılar üçün də, bizim üçün də çox böyük dəyərdir. Bildiyiniz kimi, Azərbaycanda da böyük rus icması yaşayır və fəaliyyət göstərir. Cənubi Qafqazda ən böyük rus icması Azərbaycandadır. Onlar bizim qardaşlarımız kimi Azərbaycanın ümumi inkişafına öz töhfələrini verirlər. Ona görə hesab edirəm ki, ilin sonunda bizim görüşümüzün xüsusi mənası var. Fürsətdən istifadə edərək, sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirəm. Xahiş edirəm, mənim salamlarımı Sanki-Peterburqda və Leninqrad vilayətində yaşayan bütün soydaşlarımıza çatdırasınız”.
Ekspertlər son bir ayda ölkənin birinci xanımının, ardınca prezidentin Rusiyaya səfər etmələrini, uğurlu görüşlər keçirmələrini ölkələrarası münasibətlərin gələcəyi baxımdan mühüm hadisə kimi dəyərləndirirlər. Gedən müzakirələrdə 2017-ci ilin mayında qeydiyyatı ləğv edilən Ümumrusiya Azərbaycan Konqresi də gündəmə gəlib. Qurumun tezliklə fəaliyyətinin bərpasına böyük ümidlər yaranıb.
Politoloq Elçin Mirzəbəyli səfər barədə bunları dedi: "Azərbaycan prezidentinin MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak məqsədilə Sanki-Peterburqa səfərini ilk növbədə Azərbaycan-Rusiya münasibətlərində nəzərə çarpan dinamik inkişaf müstəvisindən dəyərləndirmək daha doğru olar. Prezident İlham Əliyevin oktyabr ayında, həm ”Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyası, həm də Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası çərçivəsində Rusiya prezidenti ilə keçirdiyi görüşlər, bu görüşlər çərçivəsində ikitərəfli münasibətlərin inkişafı ilə bağlı verilən önəmli mesajlar, iki qonşu dövlət arasındakı münasibətlərin inkişafı üçün yeni bir mərhələnin başladığından xəbər verir. Bu yanaşma birinci vitse-prezident Mehriban xanım Əliyevanın Rusiya Federasiyasına ilk rəsmi səfəri və bu səfər çərçivəsində keçirilən görüşlərdə də özünü büruzə verdi. Rusiya prezidentinin MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə səsləndirdiyi fikirlər, xüsusilə də ikinci dünya müharibəsi tarixinin saxtalaşdırılmasının yolverilməz olduğunu vurğulaması, Azərbaycan prezidentinin MDB Dövlət Başçıları Şurasının Aşqabad şəhərində keçirilən məhdud tərkibdə iclasında erməni saxtakarlığı ilə bağlı səsləndirdiyi fikirlərə nə qədər həssas və diqqətlə yanaşıldığının göstəricisi kimi dəyərləndirilə bilər. 2019-cu ilin son 3 ayı ərzində Azərbaycan və Rusiya rəsmiləri arasında ən yüksək səviyyədə baş tutan təmaslar 2020-ci ildə qarşılıqlı əlaqələri sürətlə inkişaf edəcəyindən xəbər verir".
E.Mirzəbəyli Sanki-Peterburq şəhərinin önəminə də diqqət ayırdı: "Bu şəhər Rusiyanın fikir və mədəniyyət paytaxtıdır. Rusiya dövlətçiliyinin tarixində bu şəhərin hər zaman özünəməxsus yeri olub və bu gün də Sanki-Peterburq əsilli dövlət xadimləri, siyasətçilər Rusiyanın klassik dövlətçilik ənənələrinin qorunub saxlanılmasında müstəsna mövqeyə sahibdirlər. Xüsusi olaraq qeyd etməliyəm ki, Sanki-Peterburqda azərbaycanlılara olan münasibət Rusiyanın digər bölgələrindəkindən daha yaxşı olub, elə həmyerlilərimiz də əksər hallarda özlərini daha yaxşı tərəfdən göstəriblər. Bu şəhər mənim üçün doğma şəhərdir. Bir neçə il bu şəhərdə təhsil almışam və iki ilə yaxın bir zaman kəsiyində bu şəhərdəki ən böyük Azərbaycan diaspor qurumuna - Sanki-Peterburq Azərbaycan Mədəniyyəti Mərkəzinə rəhbərlik etmişəm. Çətin bir dövrdə yenicə müstəqilliyini qazanmış ölkəmizə faydalı olmağa çalışmışıq və bunu bacarmışıq. Prezident İlham Əliyevin Sanki-Peterburqda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri ilə görüşü, düşünürəm ki, Rusiyadakı diaspor təşkilatlarımızın gələcək fəaliyyəti üçün müstəsna əhəmiyyət daşıyır. Azərbaycan prezidenti də öz nitqində qeyd etdi ki, onun diaspor rəhbərləri ilə görüşünün xüsusi mənası var. Prezident İlham Əliyev daha sonra diaspor rəhbərlərini öncədən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik etdi. Düşünürəm, cənab Prezidentin bu mesajı bütün dünya azərbaycanlılarına ünvanlanıb: ”Ümumi Vətənimizin inkişafı naminə həmrəy olaq" kimi mənəvi bir yük daşıyır. Rusiya bizim yaxın və böyük qonşumuzdur, dünyanın hərbi-siyasi güc mərkəzlərindən biridir. Nəhəng ərazisi və təbii sərvətləri var. Bu geosiyasi reallıq heç zaman dəyişməyəcək. Zaman da bu reallıqların dəyişəcəyi ilə bağlı illər öncə bəzi siyasətçilərin, ekspertlərin dilə gətirdiyi ehtimalların elə ehtimal olaraq qalacağını sübuta yetirdi. Bu baxımdan biz Rusiya ilə intensiv olaraq və bütün sahələrdə işləməliyik. Həm siyasi, həm iqtisadi, həm informasiya, həm mədəniyyət və təhsil, qısası, bütün sahələrdə dialoqu daha da genişləndirməliyik. Prezident İlham Əliyevin yürütdüyü və Azərbaycanın maraqlarına tam cavab verən siyasətin əsas istiqamətlərindən birini də bu amil təşkil edir".